VƏLİ HÜSEYNOVUN QANUNLARLA FUTBOL OYUNU-YENİLƏNİR
13-04-2018, 00:00
Yaxud, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi kimi ələ salır: məhkəməni, qanunları, yoxsa…
Xəbər verildiyi kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (hakim Şərafət Məmmədovanın sədrliyi ilə) iddiaçı «Təzadlar» qəzetinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «İş öhdəliyinin icrası tələbinə dair» mülki işə baxılır.
Xatırladırıq ki, redaksiya AAK-a 21 noyabr 2017-ci ildə rəsmi sorğu göndərib və sorğu sahibindən iki suala cavab istənilib. Amma…
Vəli Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayət məhkəməyə göndəriləcək...
Təsəvvür edirsinizmi, mülki işin hazırlıq iclası bu ilin fevralın 26-da keçirilib və bu günədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov rəsmi sorğuya cavab vermək əvəzinə məhkəməyə qanunsuz və əsassız vəsatətlər, məktublar göndərərək vaxt udur, billə-bilə ki, bu sorğuya cavab verməkdan başqa yolu yoxdur. Bu da azmış kimi, o, həmin məktublarında qəzeti şantajçı, böhtançı adlandırır, guya hansısa sifarişi yerinə yetiririk və s.
Cənab Vəli Hüseynov! Siz dövlət məmurusunuz və ən azı yazdığınız və imzalayaraq məhkəməyə nümayəndəniz vasitəsilə göndərdiyiniz məktublarınızın qanuni əsaslı olub-olmamasına diqqət yetirin, rəsmi şəxs kimi məsuliyyətinizi bilin. Çünki indiyədək məhkəməyə göndərdiyiniz rəsmi məktublarınızla (3 məktub) qəzetimizin işgüzar nüfuzuna xələl gətirir, eləcə də sədr əvəzi olduğunuz Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının adına yaraşmayan məktublaşmalarla məşğulsunuz. Ölkə Prezidentinin yanında-tabeliyində olan bir qurumun rəhbərinə yaraşarmı ki, 5 aydır adi bir sorğuya cavab verməkdən boyun qaçıraraq müxtəlif bəhanələrlə vaxt udur, bununla da kifayətlənməyib qəzeti şantaşçı, böhtançı adlandırır.
Cənab Vəli Hüseynov, məhkəmə baxışında olduğundan sorğunun məzmununu tam açıqlamasaq da, bilirsiniz ki, sorğuda qoyulan sualların cavabı sizin AAK-ın rəsmi saytında yerləşdirilib, sadəcə, siz və müvəqqəti sədr əvəzliyi etdiyiniz AAK-ın görünməmiş ciddi qanunsuzluğa yol vermiş əməkdaşlarının dəstəyi və rəyi ilə baş tutmuş bu saxtakarlığı video və fotolarla sənədləşdirmişik. Siz bilirsiniz ki, bu saxtakarlıq ölkə Prezidentinə çatdırılsa, nə baş verər. Amma biz istəyirik ki, saytınızdakı bu saxtakarlığı rəsmi məktubunuzla təsdiqləyib redaksiyaya təqdim edəsiniz.
Biz sizə Prezident İlham Əliyevin imzaladığı «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə uyğun olaraq rəsmi sorğu göndərmişik. Rəsmi sorğuya rəsmi cavab almadan yazı dərc edəndə jurnalistləri məhkəmələrdə süründürürsünüz ki, niyə qarşı tərəfin rəsmi mövqeyi öyrənilməyib. Rəsmi sorğu göndərəndə isə belə hoqqabazlıqlarla məşğul olursunuz. Bunlara son qoyun və ölkə Prezidentinin imzaladığı qanuna hörmətlə yanaşın.
***
Oxucuların diqqətinə onu da çatdırırq ki, Vəli Hüseynov bu vəsatətlərində (hakim də onun əsassız və qanunsuz vəsatətlərinə görə güzəşt edərək vaxtı uzadır) bizdən həmin sorğunun göndərilməsinə səbəbkar olan şikayətçinin kimliyini və redaksiyaya daxil olmuş həmin şikayətin surətini istəyir. Bu qədər də hüquqi səbatsızlıqmı olar? Hakim də, Vəli Hüseynov da bilir ki, məhkəmədə şikayətçinin kimliyi, şikayətinin məzmunu və bu şikayətdə AAK rəhbərliyinin fəaliyyəti və s. mübahisələndirilmir. Biz daxil olmuş şikayətdə (bu şikayət şifahi, yazılı, məlumat xarakterli də ola bilər) qoyulan suallar ətrafında araşdırmalara başlamışıq və orada çoxsaylı suallar vardır, bununla bağlı 4 fərqli dövlət orqanına da aidiyyəti üzrə sorğu göndərmişik. Bu dövlət orqanlarının heç biri bizdən şikayətin kim tərəfindən yazılmasını, şikayətin surətini tələb etmir, amma Vəli Hüseynov bu iddiadan əl çəkmir. Və təəssüflər olsun ki, məhkəmə də bu əsassız və qanunsuz iddialara görə vaxtımızın itirilməsinə şərait yaradır.
Məsələ ilə bağlı «Təzadlar»ın baş redaktoru Asif Mərzili bunları dedi:
-Aprelin 10-da məhkəmənin növbəti iclası keçirildi. Hakim bu dəfə növbəti iclasın tarixini mayın 7-nə təyin etdi… Problem ondadır ki, hakim Vəli Hüseynovun atdığı qanunsuz və əsassız addımları dəstəkləyir. Bizdən AAK-a göndərilən sorğunun hansı şikayət əsasında yazılması və bu şikayətin surəti istənilir. Vəli Hüseynov «İnformasiya əldə etmək haqqında» Qanunun və «KİV haqqında» Qanunun tələblərindən, məzmunundan xəbərsiz olduğundan vəsatət yazıb göndərir. Hansı ki, adı çəkilən qanunlarda sorğu sahibinin belə tələblər irəli sürməsi qəti qadağan edilir. Jurnalistə küçədə, metroda, bazarda kimsə məlumat verir, danışır və jurnalist həmin məlumatlar əsasında müstəqil olaraq yazı hazırlamaq istəyir və araşdırmalara başlayır, aidiyyəti üzrə sorğu göndərir. Sorğuçunun üzərinə elə bir öhdəlik qoyulmur ki, həmin məlumatı hardan əldə etməsini, şikaytçinin kimliyini açıqlaması mütləqdir. Tutaq ki, hansısa nazirin doktorluq işinin plagiat olması barədə Vəli Hüseynova məlumat verilir. O da aidiyyəti üzrə sorğu göndərir. Ondan tələb edirlər ki, bu məlumatı sizək im verib? Bu nə deməkdir??? Vəkilimizin də qənaəti belədir ki, Vəli Hüseynovun imzası ilə məhkəməyə göndərilmiş rəsmi məktubda «Təzadlar»ın işgüzar nüfuzu aşağılanıb, qəzet təhqir edilib, ünvanına böhtançı, yalançı damğası vurulub. Vəli Hüseynov kollektivi böhtançı adlandırıb… Bunları nəzərə alaraq artıq belə qənaətə gəlinib ki, Prezident yanında AAK sədrinin vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilsin, eləcə də Prezident İlham Əliyevə rəsmi müraciət edilməsi qərara alınıb. Artıq vəkil şikayət ərizəsinin hazırlanmasına başlayıb…
Təqdim etdi: Elçin Məmmədli