Cəlilabadda vətəndaşların su problemi niyə həll olunmur? -FOTO
14-04-2018, 09:00
Meliorasiya və su təsərrüfatı ASC hara baxır?
Bir neçə gün qabaq “Qafqaz Xəbər” qəzetinə Cəlilabad rayonundan, bir qrup sakin (Hacıyev Mahir, Aslanov Fərmail, Babayev Eynulla, Abiyev Müslüm, Əsədov Rahib, Hacıyev Asif, Əsədov Ramin ) tərəfindən şikayət daxil olmuşdur.
Şikayətçi vətəndaşlar rayonun Əliqasımlı və Ocaqlı kənd sakinləri idi və şikayətçilər susuzluqdan əziyyət çəkdiklərini qeyd edərək bildirirdilər ki, su verilmir deyə onların təsərrüfatı batır. “Sakinlər hələ də sahələrini sulaya bilmir. Bir müddət bundan əvvəl kanalda su dayandırılıb. Nasosları qoyublar, amma işləmir. Suyu Biləsuvar rayon ərazisindən vururlar, ancaq bizim kəndlərə gəlib çatmır. Suyu başqa yerlərə verirlər. İdarənin baş mühəndisi Arif adlı şəxs telefon zənglərimizə cavab vermir, gizlənir. Dünən o və idarənin digər əməkdaşı Gülağa gəlib camaatla görüşdü, söz verdilər ki, su veriləcək, amma verilmədi. Nazirliyə də şikayət etmişik. Mən 25 hektar yer əkmişəm, mənimlə bərabər yüzlərlə insan bu vəziyətdədir. Sahəyə 80 min manat pul qoymuşam, amma məhsul məhv olur. İdarənin nümayəndələri pulumuzu alırlar, ancaq su vermirlər. Dünən biri gəlmişdi idarədən, hərədən 50-100 AZN yığıb verdik ki, su versinlər, amma yenə də vermədilər. Suyu kimə satırlar bilmirik. Halbuki 1000 manata yaxın pul yığıb vermişik” ,-deyə vətəndaş Aslanov Fərmail Ağayar oğlu müxbirimizə bildirmişdi.
Meliorasiya və su təsərrüfatı ASC-nin Cəlilabad rayonu üzrə idarəsinin adı çəkilən Arif adlı əməkdaşı ilə “Qafqaz Xəbər” qəzetinə bildirmişdi ki “Yalandır, Əliqasımlıda su var, Ocaqlının da müəyyən hissəsi suvarılıb, axır tərəfinə su çatmır, orada da sabah su olacaq.
Adı çəkilən Gülağa adlı digər əməkdaş da “Su verilir, aşağıda bir neçə vətəndaş var, onlara çatmayıb sadəcə. İmkan dərəcəsində verilir hamısına. Sabah su olacaq” deyə “Qafqaz Xəbər” qəzetinə bildirmişdi.
Biz “Qafqaz Xəbər” qəzeti olaraq vətəndaşların şikayəti ilə bağlı Meliorasiya və su təsərrüfatı ASC-nin də fikrini öyrənmək üçün suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovla əlaqə saxlamışdıq.
“Məlumatımız var, biz də onunla məşğuluq. Araz çayından götürdüyümüz suyun Saatlı, Sabirabad, İmişli Biləsuvar, Cəlilabad rayonları arasında bölüşdürürük, bəzi hallarda su hansısa əraziyə gec çatır, amma bu bizim nəzarətimizdədir, vətəndaşlarda heç bir problem yaranmayacaq, bir-iki gün gecikmə olur, o da problem yaratmır. Araz çayında nə qədər su varsa hamısı kəndlərə bölünür. Daha çox su olsaydı artıqlaması ilə vermək olardı, nə qədər su var, hamısı götürülür. Naxçıvandakı “Araz” su anbarından su artırılıb, bir günə gəlib çatacaq. Tək orda deyil, Saatlıdan Sabirabaddan da müraciət edənlər var. Biz məsələdən məlumatlıyıq”,- deyə Əjdər Cavadov bildirmişdi.
Bu gün isə Cəlilabad rayon sakinləri yenidən “Qafqaz Xəbər” qəzetinə müraciət edərək bildiriblər ki problem hələ də aradan qaldırılmayıb. “Yox, su hələ də verilməyib. Bu gün biz icra hakimiyyətinə qəbula getdik və söz verildi ki , günortadan sonra su veriləcək” ,-deyə şikayətçi vətəndaş “Qafqaz Xəbər” qəzetinə bildirdi.
“Suvarma növbə ilədir. İki gün suyu buraxdım başqa kanala, bu gün isə verdim onlar tərəfə, iki gün gedəcək. Deyin darıxmasınlar nizamlanacaq”,- deyə Meliorasiya və su təsərrüfatı ASC-nin Cəlilabad rayonu üzrə idarəsinin Arif adlı əməkdaşı “Qafqaz Xəbər” qəzetinə bildirdi.
Biz “Qafqaz Xəbər” qəzeti olaraq problemin niyə hələ də öz həllini tapmadığını öyrənmək üçün Meliorasiya və su təsərrüfatı ASC-nin suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovla əlaqə saxladıq. Gün ərzində dəfələrlə zəng etməyimizə baxmayaraq xanım əməkdaş hər dəfə “Əjdər müəllimin işi var, sonra zəng edin” deyərək bizimlə danışmaqdan imtina etdi.