“BİRLİK-7” MTK Heydər Əliyevə qarşı hörmətsizliyi davam etdirir: Nazir Hüsynqulu Bağırov və icra başçısı nədən susur? FOTOFAKT

17-04-2018, 00:24           

Bu il sabiq dövlət başçısı, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında müstəsna xidmətləri olmuş Heydər Əliyevin 95 illik yubileyi keçiriləcək. Dahi siyasətçinin yubileyi çərçivəsində dövlət səviyyəsində müxtəlif tədbirlər planlaşdırılıb.

Buna baxmayaraq Abşeron rayonununda Heydər Əliyevə qarşı hörmətsizlik davam edir. Belə ki, Xırdalan şəhərində Heydər Əliyev parkının, prospektinin, hətta posterinin də dağıdılması hallarının qarşısı alınmayıb. İlham Əliyev hələ Azərbaycanda Prezident olduğu halda bu kimi hallar baş verirsə, təsəvvur edin ki, İlham Əliyev hakimiyyətdə olmayanda nələr baş verərdi. Onda işbazlar Xırdalan şəhərində Heydər Əliyevin adını daşıyan parkın və heykəlinin də yerini satardılar…

Qeyd edək ki, sözügedən işbazlar cəzasızlıqdan arxayınlaşıb Heydər Əliyevin Xırdalandakı yeganə posterini belə gecəylə uçurdub, ərazisini tikinti şirkətlərinə satıblar. Təxminən bir il əvvəl sakinlərin müraciəti əsasında bu vandalizm faktı ictimailəşdirildi. Lakin həmin vaxt mətbuata açıqlama verən icra hakimiyyəti rəsmiləri bildirdilər ki, guya “poster avtomobil qəzası zamanı yararsız hala düşüb və bir-neçə günə bərpa edilərək yerinə qoyulacaq”.

Verilən vədin üstündən bir ildən də artıq vaxt keçsə də nəinki heç bir iş görülmədi. Əksinə, posterin yerləşdiyi ərazi onun yaxınlığında mənzil tikintisiylə məşğul olan “BİRLİK-7” MTK-ya satıldı.

Bir il ərzində posterin yerində çoxmərtəbəli bina ucaldıldı. “BİRLİK-7” şirkəti isə qanunsuz olaraq H.Əliyev prospektindəki yaşıllıq zolağını da hasara alaraq məhv etdi. Bu barədə yerli sakinlərin müxtəlif instansiyalara müraciəti də cavabsız qaldı. Halbuki deyilənləri sübut edən kifayət qədər foto və video materiallar mətbuatda işıqlandırıldı. “Birlik-7” şırkəti isə sanki Heydər Əliyevin adına düşmən kəsilib. Xırdalanda inşa elədiyi bütün binaları prospektə bitişik ərazilərdə və yaşıllıq zolaqlarını məhv etməklə həyata keçirir.

“Birlik-7” MTK bundan əvvəl də H.Əliyev prospektində 200 metrlik ərazidə yaşıllıqları məhv edərək, yerində göydələn tikərək, altında FRESH market açıblar.

Baş verən özbaşınalıqlarla bağlı şirkətin İlham adlı rəhbərinə zəng etdik. MTK sədri bizə münasibət bildirməkdən imtina edərək bildirdi ki, jurnalistlərin zənglərindən bezib.

Xatırladak ki, “Birlik – 7” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ-nin (MTK) hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, H.Z.Tağıyev küçəsindəki evlərdən biri göstərilib. 140 manat nizamnamə kapitalı olan “Birlik – 7” MTK 2012-ci ilin mayın 31-də qeydiyyata alınıb. MTK-nın qanuni təmsilçisi Fazil Məhər oğlu Cəfərov göstərilib.

Təxminən 1 ay əvvəl sabiq millət vəkili, tanınmış jurnalist Etibar Hüseynov “Birlik – 7” MTK tərəfindən Heydər Əliyevə edilmiş hörmətsizliklə bağlı həyəcan siqnalı verərək müvafiq dövlət qurumlarını sərt tənqid etmişdi. Etibar Hüseynovun sosial şəbəkədə yazdığı statusda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Abşeron rayon İcra Hakimiyyətinə çağırışlar edilmişdi:

“İstər Bakıdakı Milli Şura olsun, istərsə də Avropadakı adına “tualet müxalifəti” deyilənlər 100 il də gecə – gündüz çığır-bağır salsalar da, xeyiri yoxdu – bu iqtidarın nüfuzuna xələl gətirə bilməzlər ki, bunu hakimiyyətdə təmsil olunan bir sıra nazir ve çinovniklər qat-qat artıqlamasıyla edir. Ona görə də bu gün şəhərdəki zibil qutularına Orduxanla, Məhəmməd Mirzəlinin fotolarını vurunca, onların əvəzinə bir sıra rüşvətxor, qudurğan çinovniklərin şəkillərini yapışdırmaq daha doğru olardı. İnanın ki, onlar 100 orduxandan, məhəmməddən təhlükəli adamlardır.

Bir ildən artıqdır ki, mən və onlarla sayt Xırdalanda Heydər Əliyev parkının, prospektinin, hətta posterinin də dağıdılmasıyla bağlı məqalələr yazırıq. Amma nə İcra hakimiyyəti, nə də Ekologiya Nazirliyi məsələyə bircə dəfə də olsun reaksiya verməyib. Amma Xırdalanda deyil, Abşeronun künc-bucağında bir kasıb daş üstə daş qoyan kimi başçının xüsusi bandası peyda olub o tikilini darmadağın edir. Hüseynqulu Bağırovun şaykası da onun kimi. İndi hansısa “Birlik – 7″ MTK şirkəti Xırdalanın göbəyində Ulu Öndərin adını daşıyan prospektdə (bir-neçə yerində) yaşıllığın altını üstünə çevirib tikinti aparır, və mətbuat da bunu dəfələrlə işıqlandırır – amma heç kəsin vecinə də deyil. İndi nə etməli? Gərəkdir ki, bunların da fotoların orduxanla, məhəmmədin şəkilinin yanına vurulsun kı, bəlkə onda tərpənələr?

Elə isə darıxmayın – onsuz da yerli sakinlər gec-tez bunu edəcək. Hələliksə bu günlərdə Heydər Əliyevin dağıdılmış posterinin yerində taxta lövhə düzəldib İradə Gülməmmədova ilə Hüseynqulu Bağırovun şəkillərin yapışdırtdıracam. Sonrasına isə baxarıq”.

Qeyd edək ki, Xırdalan sakinləri dəfələrlə şəhərdə yaşıllıqların məhv edilməsinə və Heydər Əliyevin adını daşıyan parkın və prospektinin dağıdılmasına etirazlarını bildiriblər. Əgər bu etirazlar olmasaydı, bəlkə də indi Xırdalanda Heydər Əliyevin adını daşıyan parkdan belə əsər əlamət qalmazdı. Maraqlıdır ki, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Abşeron rayon İcra Hakimiyyəti Heydər Əliyevin adını daşıyan parkda və prospektdə yaşıllıqların məhv edilməsinıə heç bir reaksiya verməyiblər. Görünür hər iki qurumun burada merkantil maraqları var. Əks halda “Birlik – 7” MTK ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, müvafiq tədbirlərin görülməsinə nail olardılar.

Xırdalan sakinləri isə bildirir ki, Abşeron rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Birlik -7” MTK-nın Heydər Əliyev prospektində yaşıllıqların məhv edilməsini zamanla unudulması ilə MTK-ya satdıqları ərazidə tikinti işlərinin başlanılmasına “yaşıl işıq” yandırmaq istəyir.

Sakinlərin sözlərinə görə, “Birlik-7” MTK-nın Heydər Əliyev prospektində yaşıllıqların məhv edilməsi ilə bağlı şikayətləri olmasaydı indi ərazidə tikinti işləri görülmüşdü. Maraqlıdır ki, şikayətlərə və mediada yaşıllıqların məhv edilməsi ilə bağlı onlarla məqalənin işıqlandırılmasına baxmayaraq sözügedən ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün heç bir iş görülmür.

Xırdalan sakinləri bəyan ediblər ki, mayın 10-na qədər Heydər Əliyev prospektində baş verən özbaşınalığın nəticələri aradan götürülməsə, onda sabiq deputatın irəli sürdüyü təşəbbüsü, yəni Heydər Əliyevin dağıdılmış posterinin yerində taxta lövhə düzəldib İradə Gülməmmədova ilə Hüseynqulu Bağırovun şəkillərin yapışdıracaqlar. Biz də redaksiya olaraq Xırdalan sakinlərinin bu aksiyasına qoşulacağımızı bəyan edirik…

Tendensiya.com
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.