Elmar Vəliyev Abutalıbovun postu arzusuna çatmadı - ağzısöyüşlü və...
19-04-2018, 00:17
Gəncənin kobud və söyüşcül meri Elmar Vəliyev illərdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı olmaq üçün dəridən-qabıqdan çıxır
FİA.Az-ın sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, E.Vəliyevi himayə edənlər də Bakı meri postuna onun gətirilməsi üçün əlləşib-vuruşurlar.
Lakin zaman-zaman siyasi rəhbərliyi razı salmaq mümkün olmayıb. Dövlət rəhbərliyi E.Vəliyevə şəhər hakimiyyətini təhvil verməkdə tərəddüd edib.
Çünki onun idarəçilikdə incə səhvi paytaxtı ayağa qaldıra bilər. Nəzərə almaq lazımdır ki, Bakı böyükdür, infrastrukdur genişdir, müxtəlif bölgələrin adamları və yerli camaat yaşayır.
Onlarla işləmək, siyasətcil olmaq, indiki icra başçısı Hacıbala Abutalıbov kimi rola girib camaatın dilini tapmaq çətin işdir. İnsafən, Abutalıbov mehribanlığı ilə bunu bacarıb.
E.Vəliyev isə ağzısöyüşlü, kobud, məmurları, şikayətçiləri təhqir etməsi ilə xarakterizə olunur. Onun bir məmur kimi ictimaiyyət qarşısında natiq kimi çıxışına da rast gəlinməyib.
Belə bir reputasiya və xarakterə malik məmura Bakının icra başçısı postunu həvalə etmək doğru olmazdı. Odur ki, ölkə rəhbərliyi Abutalıbovun yerinə perspektivli kadr təyin etməyi planlaşdırır.
Bir maraqlı məqamı da qeyd edək ki, bir qayda olaraq Gəncənin icra başçılarının Bakıya uyğun posta gətiriləcəyi haqda məlumatlar adi hal alıb.
Məsələn, Eldar Əzizov Gəncənin icra başçısı olanda da onun Hacıbala Abutalıbovu əvəzləyəcəyi deyilirdi.
İndi isə analoji iddialar Elmar Vəliyevin ətrafında cərəyan edir. Ola bilsin ki, bu, Gəncənin ölkənin ikinci şəhəri olması səbəbindən qaynaqlanır.
Yaxud öz adamlarını Gəncəyə başçı təyin etdirən qruplaşmalar daha sonra həmin şəxsi Bakıya gətirməyə çalışırlar və xəbərlər də təsadüfən meydana çıxmır.
FİA.Az-ın mətbuata istinadən verdiyi məlumata görə, bu post uğrunda mübarizə aparan Sumqayıtın icra başçısı Zakir Fərəcov isə geri çəkilib.
Onun Sumqayıta icra başçısı təyin olunması səbəbindən bu addımı atdığı deyilir. Qocaman icra hakiminin yaşı ilə əlaqədar təqaüdə göndərilməsi nəzərdə tutulur.
H.Abutalıbov hakimiyyətə sədaqətlə xidmət etmiş məmurdur. Onun karyerasında iqtidara qarşı bir fəaliyyət olmayıb. E.Vəliyev isə Gəncədəki təcrübəsini Bakıya daşımağa hazırlanır.
Onu himayə edən qüvvələr dosyesini siyasi rəhbərliyə təqdim ediblər. İddialara görə, o, çoxdandır ki Bakının icra hakimi olmaq arzusundadır. Ancaq bu arzusu ürəyində qalıb və dosyesinin üstündən xətt çəkilib.
Sonuncu dəfə Gəncədəki tədbirdə məmurları söyməsi, vətəndaşlara kobud münasibəti, adının müxtəlif xoşagəlməz hadisələrdə çəkilməsi onun Bakı meri olmaq şansını tükədib.
Qeyd edək ki, artıq xeyli müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun tutduğu vəzifədən kənarlaşdırılacağı barədə söhbətlər dolaşmaqdadır.
Bəzi mənbələr şəhər merinin yaşı və səhhətində yaranan bir sıra problemlərlə əlaqədar olaraq işdən çıxma ərizəsi yazacağını vurğulayıblar.
Paytaxt merinin postundan uzaqlaşdırılacağını eşidən bəzi qüvvələr isə bu kürsü uğrunda sözün əsl mənasında qızğın mübarizəyə başlayıblar.
BŞİH-in başçısı vəzifəsinə iddia edənlərin arasında çox maraqlı şəxslərin adı var. Hansı ki, onların bir neçəsi hazırda ayrı-ayrı vəzifələrdə təmsil olunurlar.