Diasporla iş üzrə dövlət komitəsinin fiaskosu- İbrahimovun günahı
23-04-2018, 08:25
“Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Xalqımız birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir”.
Bu sözləri aprelin 18-də Milli Məclisdəki andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səsləndirib. Şübhəsiz ki, çox doğru fikirlərdi. Biz, öz tarixi vətənindən kənarda məskunlaşmış azərbaycanlılar, həmişə ümummilli birliyi əsas tutmuşuq. Bilirik ki, bu, xalqımızın qarşısında duran vəzifələrin həlli prosesində mühüm amildir.
Eyni zamanda, hesab edirik ki, dövlətin inkişaf strategiyasını qurmaq, milli ideologiyanı formalaşdırmaqla yanaşı, bu və ya digər sahələri peşəkar, vətənpərvər, işgüzar kadrlara etibar etmək lazımdır. O kadrlara ki, nəfslərinə güc gəlib, ümummilli maraqları öz şəxsi maraqlarından, üstün tutsunlar.
Azərbaycan hakimiyyətində belə şəxslər kifayət qədərdir. Lakin, elə məmurlar da var ki, siyasi bankrota uğramalarına baxmayaraq öz kürsülərinə sarmaşıblar. Onlar mühüm məsələlərin həllinə var güclərilə mane olurlar. Belələrindən bir də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Bu, mənim şəxsi fikrim deyil - Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun keçirdiyi sorğunun nəticələridir. Sorğuda sual verilmişdi ki, “Sizi Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti qane edirmi?”. Cəmi 8% iştirakçı məmnunluğunu bildirdi. 43 faiz respondent “yox” dedi. 49 fiaiz isə komitənin bağlanmasını dilə gətirdi. Bu rəqəmlər əslində Nazim İbrahimovun rəhbərlik etdiyi qurumun biabırçı fəaliyyətinin təsdiqidir.
***
Mən anlayıram ki, cənab İbrahimovu və Komitəni dəstəkləyən müəyyən diaspor təşkilatları var. Bu o təşkilatlardır ki, Nazim İbrahimovun Azərbaycanda və ölkədən kənarda keçirdiyi tədbirlərdə yer alırlar. Dəstək üçün başqa heç bir səbəb yoxdur. Nə İbrahimovun özü xarizmatikdir, nə də rəhbərlik etdiyi Komitə zaftalıdır… Başqa sözlə, Nazim İbrahimov dar bir çevrədən dəstək alır. Amma onun vəzifəsi heç də şəxsini dəstəkləyən təşkilatların sırasını müəyyən etmək deyil. Onun vəzifəsi bütün diaspor təşkilatlarını ümummilli maraqlar ətrafında birləşdirməkdir. Məhz o, xaricdə məskünlaşmış azərbaycanlıları milli ideologiya və dövlətin elan etdiyi strateji xətt ətrafında toparlamalı, hamının bir hədəfə istiqamətlənməsini təmin etməliydi.
***
Çox təəssüf ki, o, bunu bacarmadı. Hər bir istiqamətdə bu tarixi missiyanı sıfır səviyyəsinə endirdi. Bizi Ukraynada, Rusiyada, Avropada, Amerikada arzuolunmaz durumla üzləşdirdi. Yalnız özünü və onu dəstkləyən təşkilatların sayını düşündü. O, şəxsi mənafeyindən çıxış edərək bizi parçaladı, diaspor təşkilatlarını üz-üzə qoydu. Bizi “lyubimçiklər”ə və “çujoylar”a böldü.
N.İbrahimovun bu yöndəmsiz siyasətinin nəticəsi olaraq Azərbaycan diasporu vahid qüvvə ola bilmədi. Amma bizi qüvvəyə, orduya çevirmək onun qarşısında qoyulmuş vəzifə idi. İstəmədi, etmədi. Cılız və heç bir effekti olmayan, “radi qaloçki” mahiyyətli tədbirlərlə kifayətləndi. Götürək sonuncu Amsterdam tədbirini. Hanı bunun davamı? Niderland mətbatına mikroskop altında da baxsaq, həmin tədbir barədə balaca bir işarəyə də rast gələ bilmərik. Elə isə sual olunur: bu tədbirlər nə üçündür və ya kimin üçündür? Hanı Azərbaycanın təbliğatına, fəciələrimizin və Qarabağ kimi ümumilli problemimizin dünyaya çatdırlmasına yönəlmiş konseptual proqramlı tədbirlər? Komitə sözügedən istiqamətlərdə bu vaxta qədər hansı bir effektli və genişmiqyaslı işin müəllifi oldu? Niyə N.İbrahimov ancaq özünü nümayiş etdirməlidir? Bəs dövlətin maraqları? Bəs cənab Prezidentin çağırışları?..
***
Tam əminliklə deyə bilərik: Komitə həmvətənlərimizin hüquqlarını müdafiə edən quruma çevrilmədi. Bizləri vahid ideologiya ətrafında birləşdirən mərkəz rolunu oynaya bilmədi və N.İbrahimov Azərbaycançiliq ideyasının əsas tribunasını yaratmaq kimi vəzifənin öhdəsindən gəlmədi və ya bunu istəmədi. O, birləşdirmək əvəzinə parçaladı, böldü, pərakəndəlik yaratdı.
Nəyə görə dövlət büdcəsinin hesabına İbrahimovun şəxsi maraqlarına xirmət edən qurum maliyyələşməlidir? İbrahimov olmasa biz “20 Yanvar”, Xocalı soyqırımı, Şuşanın, digər şəhər və rayonlarımızın işğalıyla bağlı, Cümhuriyyətin 100-illiyinə həsr edilmiş tədbirlər keçirə bilmərik? Keçirərik! Keçirmişik, bundan sonra da keçirəcəyik!
Bilirsiz, açıq deyəcəm, bu dövlətə sədaqətimizi nümayiş etdirmək, ölkəmizi sevmək, onun təbliğatını aparmaq üçün bizə nə Komitə lazımdır, nə də Nazim İbrahimov. Bizim ürəyimiz həmişə Azərbaycanla döyünür. Sadəcə kifayətdir ki, maneələr, süni intriqalar yaradılmasın, bizi bir-birimizlə üz-üzə qoyan olmasın.
***
Əminəm, fəaliyyətimizin uğuru İbrahimovsuz daha çox olacaq. “Özümünkü” və “özgəninki” gözüylə diaspor təşkilatlarına baxan məmur ümumi işə ziyan vurur. Vətəndən çox öz mənafeyini güdən adam yaxşı olar ki, öz işi ilə məşğul olsun. Bizə - Vətənini təmənnasız sevən insanlara mane olmasın!
Hikmət Cavadov,
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri