Xaçmazda yol təmiri bəlası: “Bu daşın burda nə işi var?” – Video
25-04-2018, 00:33
Xaçmazın Nərimanov küçəsində yol-bərpa işləri sürücülərin başına bəla olub. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin yerli idarəsi tərəfindən aparılan təmir işləri gedən yolda xəbərdarlıq nişanı qoymadıqları üçün maşınlar küçənin tən ortasındakı daşa çırpılır.
Avtomobilinə zərər dəyən sürücülərdən biri Bəhruz Novruzov deyir ki, gecə vağzal istiqamətindən gəlirmiş:
“Gecə birin yarısı olardı. Qaranlıq vaxt, işıq yox, yolda xəbərdarlıq işarəsi olmadığına görə qəza törətdim. Bu daşın yolun ortasında qoymağın nə mənası var?
Neçə şofer məni kimi ziyan çəkib. Yerli yol idarəsinə getmişəm, deyirlər ki, bizlik deyil. Yol açıq idi, panelləri yığışdırıblar, bir daş qalıb.
İdarənin işçiləri ora-bura gedirlər, heç bir iş görmürlər. Onların səhlənkarlığı ucbatından camaat əziyyət çəkir”.
B.Novruzov deyir ki, maşını təmir eləməyə imkanı yoxdur: “Bilmirəm kimə şikayət eləyim. Yol idarəsi başından eləyir. Bu neçənci maşındır ki, bu daşa girir”.
Ümumiyyətlə, Xaçmazda yolların bərbad olması nə yeni xəbər deyil, nə də təəccüblü sayılmamalıdır. Rayonun 5 saylı Yol İstismar İdarəsi isə yolları və maşınları dağıtmaqla məşğuldur.