ERMƏNİ ORDUSUNUN İÇİNƏ GİRİB ONLARI MƏHV EDƏN ZABİTİMİZ.
17-04-2019, 07:55
Atatürk onu istiqlal ordeni ilə təltif etmişdi.
Firudin bəy Daryal 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyyəsinin (İndiki Laçın rayonu) Təzəkənd kəndində anadan olmuşdur.
Əsl adı Fərman olsa da mühacirət dönəmində sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün digər mühacirlər kimi adını dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin,soyad olaraq isə kəndlərində olan “Dar yal” adlı ərazinin adını götürmüşdür.
Şuşada gedən döyüşlər zamanı Azərbaycan ordusunun mövqeləri yüksəklikdə olan erməni-daşnak dəstələrinin mövqelərindən pulemyot və top atəşinə tutulurmuş.
Kəşfiyyatçıların verdiyi məlumatlardan bəlli olur ki, bir erməni zabiti bir neçə gündən bir ətrafında əsgərlərlə ağ atın belində həmin mövqelərə gedərək baxış keçirir.
Firudin bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir. Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı ona verirlər. Firudin bəy Daryal ağ atın belində, ətrafında da əsgərlərlə birgə erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi mövqelərə doğru hərəkət edir.
Gələnin öz zabitləri olduğunu zənn edən ermənilər heç bir reaksiya vermirlər. Və beləliklə Firudin bəy və onun əsgərləri heç bir təhlükə gözləməyən düşmən əsgərlərini anidən atəşə tutaraq, məhv edirlər.
28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb, bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs olunur.
Firudin bəy həmin zaman Şuşada Qubernatorluq binası üzərində dalğalanan üç rəngli Azərbaycan bayrağını doğma kəndi Təzəkənd kəndinə gətirib ailəsinə əmanət edir.
Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Savaşdan sonra, Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif olunur.