Kəlbəcər: Azərbaycan əsgərləri dinc əhalini xilas etmək üçün ölüm-dirim mübarizəsi apardılar
8-05-2019, 08:38
1993-cü ilin fevralında Ermənistan qoşunları Tərtər-Kəlbəcər yolunu tutduqdan sonra əsas hadisələr düşmənin mühasirəyə aldığı Kəlbəcər rayonu ətrafında inkişaf etməyə başladı. Qərbdə Ermənistan Respublikası ilə dövlət sərhədində yerləşən, cənubda Laçın rayonu ilə bitişik olan Kəlbəcər, şərqdə Azərbaycan parlamenti tərəfindən 1991-ci ilin noyabrında milli ərazi qurumu kimi ləğv edilmiş və erməni separatçılarının nəzarətinə keçmiş Dağlıq Qarabağla əhatə olunmuşdu. Demək olar ki, üç tərəfdən düşmən dövrəsində qalmış həm Kəlbəcər, həm də Laçın yeganə həyat yolu olan Tərtər-Kəlbəcər yolu bağlandıqdan sonra faktiki mühasirə vəziyyətinə düşmüşdü.
Obrazlı desək, çəkiclə zindan arasında qalmış rayonun kəndlərinə erməni silahlı birləşmələrinin hücumları Ağdərə istiqamətindən 1993-cü il fevralın 5-də başladı. İlk gündə onlar Çıldıran, Böyük və Kiçik Dəvədaşı (Poqosoqomer), Yayıcı (Qoçoqot), Qozlu (Vaquas) və Qızılqaya (Arutyunaqomer) kəndlərini tutmağı bacardılar.
Ağdərə bölgəsinə əlavə qüvvələr göndərməklə Azərbaycan qoşunları itirilmiş mövqelərin əksəriyyətini geri ala bildi. Lakin qruplaşma aparan Ermənistan qoşunları hücumu davam etdirdi və 1993-cü il fevralın 15-dək həmin kəndləri yenidən işğal etdi, Sərsəng su anbarına çatdı. Həmçinin Qozlu kəndi yaxınlığında Tərtər çayını keçərək Tərtər-Kəlbəcər yolunu bağladı. Hücumu davam etdirməklə 1993-cü il fevralın 25-də erməni qoşunları Ağdərə bölgəsinin xeyli hissəsini ələ keçirdi..
Məlum hadisələrin cərəyan etdiyi dövrdə 701 saylı motoatıcı briqada Kəlbəcər rayonundan 60 km-dən çox uzaqlıqda, 1992-ci ilin oktyabrından fəal döyüşlərin səngidiyi Laçın dəhlizi boyunca müdafiə döyüşləri aparırdı. Briqadanın komandiri polkovnik Əzizaga Qənizadə idi, qərargah isə Kürdhacı kəndində yerləşirdi.
Sərsəng su anbarını ələ keçirən düşmən 701 saylı motoatıcı briqadanı tamamilə mühasirəyə aldı. Hərbi hissə sağ tərəfdən Ermənistan Silahlı Qüvvələri, ön və sol cinahdan isə Qarabağdakı erməni qoşunları, arxadan isə Murovdag silsiləsi ilə əhatə olunmuşdu.
Briqadanın 1985 nəfər şəxsi heyəti vardı, ön xətdə 2-ci, 4-cü, ehtiyatda 5-ci (Bərdə) taborları , 57 nəfərdən ibarət Laçın polisi, reyd dəstəsi (10 nəfər), kəşfiyyat bölüyü, zirehli qrupu, D-30 haubitsalarından ibarət artilleriya divizionu, MT-12 topları və BM-21 qurğuları batareyaları, 7 tank, 7 PDM-ə malik idi. 1992-ci il oktyabrın 15-dən etibarən öz əsas gücünü Laçın rayonunun şimalında, Laçın- Kürdhacı məntəqələri istiqamətində cəmləşdirmişdi. Sol tərəfdən Dəlidağ yüksəkliyi- Alxaslı kəndi, sağdan Fərraş – Taxtabaşı kəndləri olmaqla briqadanın ön müdafiə xətti Alxaslı kəndi-Hoçaz yüksəkliyi-Birinci Tiğik-Fərraş kəndlərini əhatə edirdi. Atıcı silahlarla silahlanmış 473 nəfərlik 3-cü tabor briqadanın birbaşa komandanlığından çıxarılaraq sərhəd dəstəsi kimi Azərbaycan və Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu hissəsində xidmət aparırdı. Dəstə Qaraqaya, Söyüdlü, Kürdyurdu, Oktyabr, Ayrım, Yellicə, Dikyurd, Zəylik, Ağduzdağ, Taxta zastavalarından ibarət 110 km məsafədə keşik çəkirdi.
130 nəfərlik 1-ci tabor Ağdərə və Kəlbəcər yolunu nəzarətə götürüb həmin rayonların arasında yerləşən Çərəkdar kəndi yaxınlığında hakim yüksəkliklərdə müdafiə mövqeyi tutmuşdu. 13 fevral 1993-cü ilədək Laçın rayonunda yerləşən 701-ci briqadanın təminatı iki – yerüstü və hava marşrutu ilə aparılırdı.
Əsas yerüstü marşrut Ağdərə istiqamətindən Sərsəng su anbarı boyunca yerinə yetirilirdi. Ehtiyat hava marşrutu payız-qış dövründə qar yağması nəticəsində yolların bağlanması səbəbindən dəniz səviyyəsindən 3261 metr hündürlüyə malik Ömər aşırımı üzərindən həyata keçirilirdi. Daha sonra isə Kəlbəcər və Laçın rayonlarının ərazisi ilə xeyli yol qət etmək lazım idi.
Sərsəng su anbarı boyunca əsas quru yol düşmən tərəfindən ələ keçirildiyinə görə 1993-cü il 15 fevral tarixindən etibarən Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi briqadanı helikopterlərlə təmin etməyə məcbur oldu. Qış və yazın əvvəlində Murovdağ silsiləsinin (3200-3700 metr yüksəklik) çətin keçilən yüksək aşırımları vasitəsilə ləvazimatların çatdırılması, demək olar ki, mümkünsüzdü və lazım olan vəsaitləri daşımaq üçün helikopterlər yeganə nəqliyyat vasitəsi idi. Bölgənin əhalisini və briqadanı təmin etmək üçün 10 Mi-8 nəqliyyat helikopterindən ibarət qrup ayrılmışdı. Hərbi əməliyyatların qızğın vaxtında mülki aviasiyanın nəqliyyat helikopterləri Kəlbəcər rayonuna gündə yeddi uçuş edir, şəxsi heyətə, azuqə və vasitələri çatdırır, dinc əhalini, qadın və uşaqları daşıyaraq ölümdən və əsir düşmək təhlükəsindən qurtarır, həmçinin yaralı əsgərləri təxliyə edirdi.
5 mart 1993-cü ildə Azərbaycan komandanlığı tərəfindən əmrlə Ağdərə-Kəlbəcər istiqamətində müdafiə işlərinin möhkəmləndirilməsi məqsədilə briqadanın cəbhə xətti üç dəfə genişləndirildi, Mıxtökən dağ silsiləsi ilə bir-birindən 70 kilometrdən çox ayrılan iki istiqamətə bölündü. Birinci istiqamət Laçın rayon mərkəzi – Kürdhacı məntəqəsini, ikincisi isə Çərəkdar kəndi – Kəlbəcər rayon mərkəzini əhatə edirdi. Müdafiə zolağı Dəlidağ yüksəkliyi – Alxaslı, Çərəkdar – Kəlbəcər ərazilərini, ön xətt isə Alxaslı – Hoçaz –Tiğik –Fərraş –Narınclar – Mərcimək məntəqələrini əhatə edirdi.
Laçın rayonunun şimal və Kəlbəcər rayonunun cənub-şərq hissələrində ərazinin relyefi nəzərə alınmaqla briqadanın müdafiə zolağı təxminən 120 kilometrə yaxın idi. Ermənistanla 100 km-dən artıq dövlət sərhədi, həmçinin Ağdaban kəndi və Ömər aşırımına gedən yollar da daxil olmaqla şimalda 25 km uzunluğunda məsafə müdafiə zolağına daxil deyildi. Bu ərazilərin etibarlı müdafiəsini təmin etmək üçün əslində 3 briqada lazım idi.
Ümumi sahəsi təxminən 3 min kvadrat kilometr olan iki rayonun ərazisində iki hissəyə bölünmüş 701 saylı briqadaya əmr verildi ki, 1993-cü il martın 15-dək əlavə olaraq Kəlbəcər rayon mərkəzinin dairəvi müdafiəsini təşkil etsin. Ancaq bu əmri yerinə yetirmək üçün zəruri olan qüvvə və vasitələr yox idi.
Polkovnik Əzizağa Qənizadə vəziyyəti - döyüş imkanlarını, hərbi əməliyyat rayonunun genişliyini, ehtiyat qüvvənin olmamasını, ön xətdə bölmələrin tam komplektləşdirilməməsini qiymətləndirib 1-ci ordu birliyi komandirinin təsdiq etdiyi yeganə doğru qərar qəbul etdi. Briqada komandirinin planı yuxarı komandanlığın ümumi niyyətindən kənara çıxmırdı. Məqsəd düşmənlə birbaşa təmasda olan bölmələri müdafiənin ön xəttindən çıxarmamaq və məhdud ərazidə, daha doğrusu, Kəlbəcər rayon mərkəzində mühasirəyə düşməmək üçün bölmələrin cəmləşdirilməsinə yol verməməkdən ibarət idi.
Bu qərarın bir neçə səbəbi vardı. Kəlbəcər rayon mərkəzinin dairəvi müdafiəsini təşkil etmək üçün əlavə bölmələr olmadığına görə komandir ön xətti zəiflədərək iki taboru oradan çıxarmalı olardı. Nəticədə tərk edilmiş mövqelərdə düşmənin maneəsiz irəliləməsi və Ömər aşırımına aparan yolların ələ keçirilməsinə birbaşa təhlükə yarada bilərdi. Bu, müdafiə olunan bölmələrin mühasirəyə alınması və düşmən tərəfindən məhv edilməsinə imkan verərdi.
Kəlbəcər rayon mərkəzi əsas yollardan kənarda yerləşirdi və əməliyyat-taktiki baxımdan vacib obyekt deyildi. Düşmən Ömər keçidini ələ keçirsəydi, rayon mərkəzinin dairəvi müdafiəsinin heç bir əhəmiyyəti qalmırdı və ilk növbədə dinc əhali arasında maksimum itkilərə gətirib çıxara bilərdi.
1993-cü ilin mart ayının ortalarında tələsik Kəlbəcər rayonunda yerli əhalidən 6-cı tabora çevrilən könüllü bir dəstə yığıldı. Rayon elektrik şəbəkəsinin rəisi tabora komandir təyin olundu. Təlim üçün vaxt olmadığından könüllülər taboru dərhal Narınclar, Mərcimək, Ağqaya və Ağdabanda mövqelərə yerləşdirildi.
1993-cü il martın 22-də Müdafiə Nazirliyi Kəlbəcər rayonunda yerli əhalidən ibarət əlahiddə dağ atıcı alayının yaradılması haqqında əmr imzaladı. Rayon polis idarəsinin rəisi polis polkovniki Nizami Məmmədov alay komandiri təyin edildi.
1993-cü il martın əvvəlində 701 saylı briqadanın komandiri helikopterlə Bakıya uçdu və müdafiə naziri general-mayor Dadaş Rzayevə Kəlbəcərin müdafiəsi üçün təcili tədbirlər görməyin lazım olması barədə məruzə etdi və Kəlbəcərin nəzəri cəhətdən artıq itirildiyini söylədi. Briqadanın Laçın rayonundan Kəlbəcər rayonuna göndərilməsi üçün əmr verilməsi vəziyyətdən çıxmaq üçün yeganə yol ola bilərdi. Müdafiə naziri beynəlxalq qalmaqal doğura biləcəyindən erməni qoşunlarının Dağlıq Qarabağdan kənarında yerləşən Kəlbəcər rayonuna heç vaxt getməyəcəyini dedi və briqada komandirinə vahiməyə düşməməyi əmr etdi. Müdafiə naziri general-mayor Dadaş Rzayev Ermənistan rəhbərliyinin beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına riayət edərək Azərbaycanın dövlət sərhədini pozmayacağına və Qarabağdakı Dağlıq Qarabağın inzibati ərazisi olmayan Kəlbəcər rayonuna erməni qoşunlarının heç vaxt hücum etməyəcəyinə əmin idi.
Briqada komandirinin xahişi ilə Müdafiə naziri vəziyyəti öyrənmək üçün Kəlbəcər rayonuna beş zabitdən ibarət əməliyyat qrupu göndərildi və Kəlbəcərdə dağ – atıcı alayının yaradılması barədə qərar qəbul edildi.
Qarabağdan kənarında yerləşən Kəlbəcər rayonunun ermənilər tərəfindən ələ keçirilməsi o zaman istisna edilirdi. Hökumət hesab edirdi ki, diplomatik qalmaqal səbəbindən erməni komandanlığı Dağlıq Qarabağdan kənarda yerləşən rayonunu işğal etməyəcək. Buna görə Müdafiə Nazirliyi rayonun müdafiəsi ilə bağlı səhv qərar qəbul etmişdi. Bütün bunların nəticəsində Kəlbəcər rayonunun düşmən tərəfindən ələ keçirilməsi üçün əvvəlcədən şərait yaranmışdı.
Kəlbəcər rayonunun ələ keçirilməsi, Prezident Əbülfəz Elçibəyin başda olmaqla Azərbaycanın rəhbərliyi tərəfindən yol verilmiş səhv idi. Ədalət naminə qeyd etmək lazımdır ki, 2000-ci ilin aprelində ANS telekanalına verdiyi müsahibədə Əbülfəz Elçibəy etiraf edirdi ki, Kəlbəcər rayonunun işğalına görə Prezident və Ali Baş Komandan kimi məsuliyyət daşıyır və rayon əhalisindən üzr istədi.
Əgər 1993-cü il mart ayının ikinci yarısında Kəlbəcər rayonunun Qarabağ tərəfdən müdafiəsi üçün bəzi cəhdlər edilirdisə, Ermənistanla dövlət sərhədi boyunca bölgənin müdafiəsini təşkil etmək üçün heç bir addım atılmırdı. Ermənistan tərəfindən bu istiqamətdən hərbi əməliyyatların aparılması prinsipcə qəbul edilmirdi. Hətta düşmən hücuma başladıqdan sonra Azərbaycan rəhbərliyi ilk günlərdə bunu növbəti təxribat hesab edirdi. Ölkə rəhbərliyi Qarabağ müharibəsinin məntiqini və təbiətini anlamırdı.
Briqadanın qərargah rəisi polkovnik-leytenant Aydın Şiriev bu hadisələri belə xatırlayır: "Kəlbəcərin müdafiəsi heç kimə tapşırılmadığına görə rayon işğal edildi. Düşmənin hücumundan öncə Laçın rayonunun şimal- qərb hissəsindən başqa Kəlbəcər ərazilərinin 1/3 hissəsini də müdafiə üçün 701 saylı briqadaya tapşırdılar. Rayonun 2/3 hissəsini isə heç kim qorumurdu. Belə dəhşətli səhvə yol vermiş Azərbaycan Müdafiə Nazirliyi gərək düşmən Kəlbəcər rayonunu işğala başlayarkən ilk döyüşlərdən sonra 1993-cü il martın 26-da briqadanı Laçından Kəlbəcərə göndərməli idi. Bu barədə polkovnik Qənizadə nazirliyə 40 gün əvvəl yazılı və şifahi təklif vermişdi. Təəssüf ki, komandirin ehtimallarını şişirdilmiş hesab etdilər: “sizin mövqeyiniz aydındır, vahiməyə düşməyin, ermənilər heç vaxt beynəlxalq qalmaqala getməyəcəklər, Kəlbəcər isə Dağlıq Qarabağ deyil.”
1993-cü ilin martın əvvəllərində Ağdərə tərəfdən işğal olunmuş mövqelərində möhkəmlənmiş düşmən əsas qüvvələrini Kəlbəcər rayonu istiqamətində cəmləşdirdi. Ermənistanla Qarabağın dağlıq hissəsi arasındakı ərazilərimizi tutmaq üçün erməni komandanlığı ciddi hazırlıq görərək çoxsaylı qoşun qruplaşması yaratmış, o cümlədən cəbhənin digər sahələrindən də hərbi qüvvələr gətirilmişdi. Hücum əməliyyatlarında həm Ermənistan, həm də Qarabağdan 6 istiqamətdə eyni sayda qruplaşma iştirak edirdi.
1-ci qruplaşma - şimaldan Gamış dağı və Ömər aşırımı istiqamətində: komandir Norayr Danielyan idi. Bu istiqamətdə Arkadi Şirinyanın, Rafo Saiyanın, Aşot Aruşanyanın taborları hücumda iştirak edirdi.
2-ci qruplaşma - Çərəkdar istiqamətində: komandir Monte Melkonyan idi. Qarabağdan hücuma keçən erməni qruplaşmalarına ümumi komandirliyi də Monte Melkonyan həyata keçirirdi. Bu istiqamətdə Martuni müdafiə rayonunun bölüyə qədər yığma dəstəsi, Hadrut müdafiə rayonunun bölüyə qədər yığma dəstəsi, Mərkəzi müdafiə rayonunun zərbə qrupu, Ermənistandan olan könüllü dəstə iştirak edirdi.
3-cü qruplaşma - Narınclar istiqamətində: bu istiqamətdə Yuri Hakobyan komandirliyi ilə Vəngli taboru, Aşot Minasyanın komandirliyi ilə Ermənistandan “Sisakan” könüllü dəstəsi Çormanlı üzərinə hücum edirdi.
4-cü qruplaşma - Qırxqız istiqamətində: bu istiqamətdəVitaliy Balasanyanın komandirliyi ilə Əsgəran müdafiə rayonundan Karen Arzumanyanın taboru hücum edirdi.
5-ci qruplaşma - cənubda Fingə, Birinci Tiğik və İkinci Tiğik, Hoçaz istiqamətində: komandir Amayak Aroyan idi. Bu istiqamətdə Əsgəran müdafiə rayonundan Arşavir Qaramyanın komandirliyi ilə 35-ci tabor, Şuşa müdafiə rayonundan Martik Qasparyanın komandirliyi ilə 53-cü tabor, yenə həmin rayondan Vladimir Kasyanın komandirliyi ilə 51-ci tabor, Ermənistan Daxili İşlər Nazirliyi daxili qoşunlarının taboru və Ermənistandan bir neçə könüllü dəstə vuruşurdu.
6-cı qruplaşma - şimal-qərbdən, Ermənistanın Vardenis rayonu istiqamətində: istiqamətin koordinatoru general-leytenant Qurgen Dəlibaltayan idi.
Bu istiqamətdə Fransa ermənisi olan Hovsep Hovsepyanın ümumi komandirliyi ilə Ermənistan qoşunlarının şimal birləşmələri və Ermənistandan olan könüllü dəstələr Zoddan Cəmilli, Seyidlər, Daşkənddən Aşağı və Yuxarı-Ayrım istiqamətlərində Azərbaycan torpaqlarına soxulmuşdu.
Robert Köçəryan öz avtobioqrafik xatirələrində qeyd edir: “Bizim üçün Azərbaycanın bu yüksək dağ rayonu coğrafi mövqeyinə görə müstəsna əhəmiyyətə malik idi. Şimaldan Laçına bitişik olan rayon Qarabağla Ermənistanın arasında yerləşirdi. Mardakert rayonundakı qoşunlarımızın mövqeyi zəif idi, çünki onlar təkcə şimal və şərqdən deyil, həm də qərbdən, Kəlbəcər tərəfdən hücuma məruz qala bilərdilər. Kəlbəcər rayonu üzərində nəzarət bütün qüvvələri şərq və şimal-şərq istiqamətində cəmləşdirməyə imkan verərdi. Şimalda Kəlbəcəri Azərbaycanın qonşu rayonundan yüksək dağ silsiləsi ayırırdı. Yeganə yol 3200 metr yüksəklikdə Ömər aşırımından keçirdi və onu əldə saxlamaq üçün bizə böyük qüvvə və vəsait saxlamağa ehtiyac yox idi. Eyni zamanda cəbhə xətti bir neçə dəfə qısalırdı. Bir sözlə, Kəlbəcər rayonunun ələ keçirilməsi bizim üçün hərbi zərurət çevrilmişdi, bunsuz Mardakert istiqamətində müvəffəqiyyət qısa müddətli olardı. Müharibənin gedişində Şuşadan sonra ən əhəmiyyətli əməliyyatlardan biri olan bu əməliyyatı, Mardakertdə olduğu kimi, həyata keçirmək üçün biz bütün müdafiə rayonlarından hücum bölmələrini və əsas zərbə qüvvəmiz olan mərkəzi müdafiə rayonunun qüvvələrini cəmləşdirdik. Əməliyyata rəhbərlik Monte Melkonyana həvalə edildi”.
Zərbə qruplarının formalaşdırılmasını başa çatdıran erməni komandanlığı 1993-cü il martın 26-da saat 9 radələrində güclü artilleriya hazırlığından sonra Ağdərə-Kəlbəcər avtomobil yolu boyunca Qozlukörpü – Çərəkdar istiqamətində hücuma başladı. Düşmən tankların, PDM-lərin və havadan beş döyüş helikopterinin atəş dəstəyi ilə 1-ci, 2-ci və 3-cü istiqamətlərdə irəliləyirdi.
Həmin vaxt Kəlbəcər rayonunda 130 nəfərlik 1-ci motoatıcı tabor və könüllülərdən ibarət 6-cı motoatıcı tabor yerləşirdi. Sərhəd taborunu isə ümumqoşun döyüşünə cəlb etmək mümkün deyildi. 1-ci motoatıcı tabor 1993-cü ilin fevralında rayonun şərq kəndlərinin müdafiəsi uğrunda döyüşlər aparırdı. Sonra briqada komandirinin əmrilə tabor Çərəkdar məntəqəsinin yaxınlığında müdafiə mövqeyi tutdu. Bölmə eyni zamanda Ağdərə istiqamətindən gələn şosse yolu üzrə Kəlbəcərə girişi müdafiə edirdi. 701saylı briqadanın qalan qüvvələri Laçın bölgəsində döyüş mövqelərində qalmaqdaydı.
Martın 26-da saat 7-də tankların, PDM-lərin, artilleriyanın dəstəyi ilə düşmənin 2-ci qruplaşması 1-ci taborun Çərəkdar yaxınlığındaki mövqelərinə hücum etdi. Gün ərzində onlar taborun mövqelərinə üç dəfə hücum etdilər. Zirehli texnika və insan itkisi verən düşmən geriyə atıldı.
Bir gün sonra Mi-24 helikopterlərindən istifadə edən erməni qruplaşması 1-ci taborun mövqelərinə yenidən hücum etdi və xeyli canlı qüvvə və texnika itirərək geriyə çəkildi. Azərbaycan zenitçiləri həmin döyüşdə düşmənin 2 Mi-24 helikopterini məhv etmişdi.
Həmin gün ermənilərin 1-ci qruplaşması Ağdabana hücum etdi. Üstün düşmən qüvvələrinin təzyiqi ilə Ağdabanı müdafiə edən könüllülər öz mövqelərini tərk etdilər. Geri çəkilən zaman onlar Ağdabana gəlmiş briqada komandirindən Bağlıpəyə yaxınlığında müdafiə mövqeyi tutmaq və bu yaşayış məntəqəsinin müdafiəsini təşkil etmək əmri aldılar.
Ağdabanı ələ keçirən düşmən bölmələrimizin müdafiə sahəsində zəif yerini aşkar etdi. 701saylı briqadanı sol cinahdan keçərək, onlar Kəlbəcər - Ağdərə - Laçın - Kəlbəcər həyati əhəmiyyətə malik yol qovşağını ələ keçirmək məqsədilə müdafiə xəttini yardılar.
Ağdabanda itirilmiş mövqelərini qaytarmaq üçün briqada komandiri təcili olaraq Laçın rayonundan 3 tank, 5 piyada döyüş maşını və 30 əsgərdən ibarət zirehli qrupu çağırdı. Qrup 1993-cü il martın 28-də səhər gəlib çatdı.
Həmin gün səhər briqada komandiri Buzluq yüksəkliyindən Ağdaban istiqamətində ərazinin kəşfiyyatını apardı, zirehli qrupun köməyilə Ağdabanın döyüşlə qaytarılması üçün plan hazırladı.
Həmin vaxt hakim yüksəkliklərdən hücum edən düşmən Bağlıpəyə məntəqəsini ələ keçirdi. Bağlıpəyəni müdafiə edən özünümüdafiə dəstəsi itki verərək geri çəkildi. 1-ci motoatıcı tabor Çərəkdarda, könüllülər Ağqaya, Narınclar və Mərciməkdə öz mövqelərini saxlamaqda davam edirdilər.
Martın 28-də səhər Çərəkdar məntəqəsi yenidən yer və havadan hücuma məruz qaldı. Mi-24 helikopterləri briqadanın zenit heyətini məhv etdi. İki Azərbaycan zenitçisi həlak oldu, ikisi isə yaralandı, AZP-57 zenit qurğusu isə sıradan çıxarıldı. Döyüşlərdə düşmən də canlı qüvvə və texnika sarıdan itkiyə məruz qaldı.
1-ci motoatıcı tabor (komandiri kapitan Qurban Qurbanov idi) tutulmuş mövqeləri möhkəm saxlamaqda davam edirdi. Bəzən döyüşlər olduqca yaxın məsafədə aparılırdı.
Bağlıpəyə məntəqəsinin düşməndən qaytarılması üçün briqada komandiri tədbir gördü. Martın 28-də günortadan sonra zirehli qrup polkovnik Qənizadənin komandirliyi ilə Bağlıpəyə istiqamətində əks hücuma keçdi, yaşayış məntəqəsində itirilmiş mövqelər geri qaytarıldı.
Zirehli qrupun tələsik tutduğu mövqelər zəif olduğundan səhəri gün tezdən hücuma keçən düşmən Bağlıpəyəni yenidən ələ keçirdi. Bir neçə Azərbaycan əsgəri döyüş zamanı həlak oldu və yaralandı, bir zirehli texnika itirildi. Briqada komandiri bir tankı Çərəkdardakı 1-ci tabora köməyə göndərərək tunel istiqamətində mühasirədən çıxmaq barədə tabor komandirinə əmr verdi. Polkovnik Qənizadə zirehli qrupu tunelə tərəf apardı. Laçındakı mövqelərdən zərurət yarandığı üçün 701 saylı briqadanın kəşfiyyat rəisi baş leytenant R.İskəndərov döyüşlərin getdiyi mövqelərə çağırıldı.
Zirehli qrup tunelin qarşısında Kəlbəcər – Ağdərə, Laçın – Kəlbəcər vacib yol ayrıcında möhkəmləndi. Avtomobil yolu üçün dağ massivinin altından çəkilmış tunelin ələ keçirilməsi Kəlbəcər və Laçın rayonları arasında əlaqənin kəsilməsinə gətirib çıxarardı.
Həmin gün Azərbaycan qoşunlarının açıq sol cinahı boyunca dərinləşməyi davam etdirən düşmənin 1-ci qruplaşması 1-ci taborumuzun arxasına keçdi, tabor onların arxasında qaldı.
Martın 29-da saat 12 radələrində 1-ci ordu birliyinin komandiri general-mayor Nəcməddin Sadıkov tunelə gəldi. Həmin gün oradan Murovdağa qədər cəbhədə Kəlbəcərin müdafiəsində dayanan qüvvələr 2 tank, 3 piyada döyüş maşını və 30 əsgərdən ibarət idi. 1-ci motoatıcı tabor isə düşmənın arxasında qalmışdı.
Briqada komandiri vəziyyət barədə general N.Sadıkova məruzə edib bildirdi ki, onlar hücuma keçmiş düşmən qüvvələrinin qarşısında yolda dayanıblar, irəlidə heç kim yoxdur. Həmçinin birlik komandirinə məlumat verdi ki, kəşfiyyat rəisi baş leytenant R.İskəndərov Çiçəkli yüksəkliyində düşmənin hərəkətini izləyir. Əgər düşmən irəliləməkdə davam edərsə, o, bölmələrə vuruşmaq barədə əmr verəcək.
29 martda saat 16 radələrində təxminən 60 əsgərdən ibarət 1-ci motoatıcı tabor, köməyinə göndərilmiş bir tankı itirsə də, gəlib tunelə çatdı. Həmin tabor, zirehli qrup və helikopterlərlə Kəlbəcər rayonuna köməyə göndərilmiş döyüşçülərdən formalaşdırılan yeni dəstə briqada komandirinin başçılığı ilə tunel – Çərəkdar, tunel – Bağlıpəyə, tunel – Vəngli istiqamətində düşmənə qarşı əks-hücuma keçdi. Döyüş getdiyi vaxt briqada komandiri plokovnik Qənizadə döyüşdən geri çağırıldığından onu Laçından gəlmiş hissənin qərargah rəisi polkovnik-leytenant Aydın Şiriyev əvəz etdi. Axşama yaxın yalnız 20 əsgərlə zirehli qrup döyüşdən qayıtdı. Digər döyüşçülər hücum edən düşmənin arxasında qalmış və mühasirədən çıxmaq üçün bir neçə gün rabitəsiz manevr etmişdilər.
Həmin gün dövlət katibi Pənah Hüseynov və Tərtər rayonunun icra başçısı Sərdar Həmidov Kəlbəcərə gəldilər. Yerində vəziyyətlə tanış olan Pənah Hüseynov Prezident Əbülfəz Elçibəyə məruzə etdi ki, artıq rayonu saxlamaq mümkün deyil, yerli sakinləri təxliyə etmək və ölkədə fövqəladə vəziyyət elan etmək lazımdır.
1993-cü il martın 29-da Azərbaycan Prezidenti "Kəlbəcər rayonu əhalisinin təxliyə edilməsi haqqında" sərəncam imzaladı. Eyni vaxtda Ömər dağının yolları traktorlar vasitəsilə qardan təmizləndi. Əhalinin təxliyəsinə başlanarkən bütün yollarda, kəsişmələrdə nəqliyyat vasitələrinin tıxacları yaranmışdı. Bu, müdafiə olunan bölmələrin manevrini, qüvvələrin müdafiə üçün yerüstü çevik hərəkətini daha da çətinləşdirirdi.
Martın 28-dən aprelin 4-dək Kəlbəcər rayonunun çox sayda sakinləri ordu və mülki nəqliyyat helikopterləri tərəfindən təxliyə edildi. Mi-8 nəqliyyat helikopterləri maksimum 24 nəfər daşıya bildiyi halda bəzən bir borta 70 nəfərədək insanı götürürdülər. Çox adam apara bilmələri üçün onlar baklarına minimum yanacaq doldururdular. Təxliyə işlərinə 13-14 Mi-8 helikopteri cəlb edilmişdi. Rayonun ən çətin yerlərindən həmin günlərdə 5 min nəfərdən çox adam təxliyə olunmuşdu. Əməliyyatın 7 günü ərzində hər bir helicopter heyəti 70-100 saat uçuş həyata keçirmişdilər. Uçuşlar mürəkkəb hava şəraitində, aprelin 1-dən isə düşmənin bilavasitə atəşi altında həyata keçirilmişdi.
Kəlbəcər sakinlərinin əsas hissəsi qardan yüksək dağ aşırımı vasitəsilə rayonu tərk edirdi. 10 minlərlə əhalinin rayondan çıxması onsuz da məhdud hərəkət imkanına malik keçidlərdə tıxaca səbəb olurdu, bu, kömək üçün əlavə qüvvələrin göndərilməsinə əngəl yaradırdı.
Martın 30-da səhər saatlarında helikopterlər daha bir əsgər qrupunu köməyə gətirdilər. Briqada komandiri tuneli nəzarətə götürərək onları Çiçəkli yüksəkliyində yerləşdirdi.
General-mayor N. Sadıkov 701 saylı briqadanın Laçın rayonundan Kəlbəcərə çıxarılmasının zəruriliyinə Müdafiə nazirini inandırdı və bu barədə qərar martın 30-da qəbul edildi. O vaxtadək Kəlbəcərin müdafiəsini helikopterlərlə başqa yerlərdən göndərilən döyüş görməmiş əsgərlər, həmçinin 1-ci motoatıcı tabor və 701 saylı briqadanın zirehli qrupu həyata keçirirdi.
Həmin gün saat 11 radələrində Kəlbəcər rayonunda vəziyyət böhran həddinə çatdı. Ermənistan Silahlı Qüvvələrinin bölmələri Nerkin-Şorca-Kəlbəcər və Zod-Dəmirçidam istiqamətlərində hərəkət edərək dövlət sərhədimizin yaxınlığında çıxış mövqeləri tutdular. Onlar artilleriya hazırlığından sonra zirehli texnika və canlı qüvvədən istifadə etməklə Azərbaycanın sərhəd dəstəsini sıxışdıraraq Azərbaycan ərazilərinə daxil oldular.
Azərbaycan Ordusunun nə dövlət sərhədinin qorunması, nə də Qarabağ istiqamətindən hücuma keçmiş düşmənlə vuruşan bölmələrə kömək üçün ehtiyat qüvvələri yox idi. Könüllülər dinc əhalinin təxliyəsini təmin edirdilər. Dağ – atıcı alayının formalaşdırılmasına başlamaq mümkün olmadı. Növbəti dəfə döyüşə yeridilmiş 701 saylı briqadanın 1-ci taboru bütün döyüşlərin sonuna qədər mühasirədə qaldı. Briqadanın əsas qüvvələri isə hələ də Laçın rayonunun şimalında yerləşirdi.
Düşmənlə mübarizə aparmaq üçün hökumət paytaxtda insanları səfərbər etməyə başladı və onları qruplar halında helikopterlərlə Kəlbəcər rayonuna çatdırırdı. Kəlbəcər rayonuna gətirilən 50-80 nəfərlik qruplar dərhal döyüşə göndərilirdi. Bunlar bir-birini tanımayan, silahlarla davranmağı bacarmayan, hazırlıqsız əsgərlər idi. Silahlar qutularda idi və onlara təhkim olunmamışdı. Tələsik yığılaraq köməyə göndərilmiş döyüşçülərlə döyüş təlimi keçilməmişdi. Şərait onların hazırlığı ilə yerində məşğul olmağa, döyüş uzlaşması aparmağa imkan vermirdi. Köməyə gələnlərin üstündə komandir heyəti olmurdu. Briqada komandiri düşmənin atəşi altında taqım və manqa komandirlərini seçib təyin edirdi. Onların isə hərbi bilikləri yox idi. Düşmənin təzyiqi ilə bu bölmələr həddindən çox – 80-100 faizədək itkilər verirdilər. Polkovnik Qənizadə onları döyüşlərdə şəxsən başçılıq edir, müdafiə mövqelərində yerləşdirir və onlara döyüş tapşırığının qoyulması mümkün olmadığından hazırlıqsız bölmələrin həmlələrinə şəxsən rəhbərlik etməyə məcbur olurdu.
Saat 13 radələrində helikopterlə çatdırılmış 75 yeni döyüşçü Qamışlı körpüsünə aparıldı. Silahların paylanması, atış hazırlığı, komandirlərin təyinatı və silahlı dəstənin yaradılması üçün çox vaxt olmadığından bu işlərə 15 dəqiqə sərf edildi. Bütün bunlar düşmənin aramsız hücumları və şiddətli artilleriya-minomyot atəşi altında baş verirdi. Dəstə formalaşdırılarkən general N.Sadıkovun yaxınlığında dayanmış bir neçə əsgər, o cümlədən rabitəçi yaralandı.
Getdikcə ağırlaşan vəziyyət böhran həddinə çatmışdı. Bir neçə istiqamətdən hücum edən düşmənə qarşı 2 tank, 3 PDM və 20 əsgərdən ibarət zirehli qrup, hərbi mükəlləfiyyətlilərdən ibarət kiçik dəstə, Qamışlı körpüsü yaxınlığında yerləşmiş, yaxın döyüşdə tətbiq edilməsi mümkün olmayan bir top və bir “Qrad” qurğusu vuruşurdu. Laçın – Kürdhacı - tunel –Ömər istiqamətində düşmən tərəfindən tunel artilleriya atəşinə tutulduğundan Laçın – tunel – Ömər aşırımı marşrutu bağlandı. Ağdərə - Kəlbəcər avtomobil yolunun Çərəkdar məntəqəsinin yanından keçən vacib hissəsini nəzarətdə saxlayan, düşmənin manevr imkanlarını məhdudlaşdıran 1-ci taborun tank və PDM heyətləri itkilər verərək düşmənin arxasında qalmışdılar.
Ordu birliyinin komandiri general-mayor N.Sadıkovun sayəsində, nəhayət, 701 saylı briqada Laçında döyüşlərdən çıxmaq və geri çəkilmək barədə əmr aldı. Martın 30-dan 31-ə keçən gecə briqadanın bölmələri Mıxtökən – Zülfüqarlı yüksək dağ silsiləsinin qarlı aşırımları ilə geri çəkilməyə başladı. Texnika olmadığına görə bölmələr piyada hərəkət edirdilər. Həmçinin Laçın rayonunun şimal-qərbindən dinc sakinlərin təhlükəsiz təxliyəsini təmin etmək lazım idi. Aparılması mümkün olmayan maddi vəsaitlər, silah və sursat məhv edilirdi.
Düşmənin 5-ci qruplaşması briqadanın geri çəkilməsini görüb döyüş helikopterlərindən istifadə etməklə onu təqib etməyə başladı. Düşmənin həmlələrini dəf edə-edə briqadanın bölmələri bir neçə gün ərzində Laçın rayonunun şimal hissəsindən Kəlbəcər rayonuna çəkildilər.
Eyni zamanda martın 31-də Kəlbəcər rayonunda bizim qüvvələrin mühasirəyə düşmək təhlükəsi yaranmışdı. Briqadanın bölmələri ermənilər tərəfindən faktiki olaraq ələ keçirilmiş rayona daxil olarkən mühasirəni yarıb keçməli oldular.
Həmin gün tunelin müdafiəsində dayanmış təzə əsgərlər daha sərfəli mövqe tutmaq üçün hərəkət edərkən səhər saat 8 radələrində qeyri-bərabər döyüş baş verdi və düşmənin çarpaz atəşi altına düşdülər. Döyüşçülərin hamısı həlak oldu. Tunel düşmənin əlinə keçdi.
Həmin gün düşmən həmçinin Narınclar – Ağqaya, Mərcimək yaşayış məntəqələri istiqamətində hücuma keçdi. Yerli özünümüdafiə dəstəsi geri çəkilməyə məcbur oldu və sonradan dinc əhalinin təxliyəsi işinə cəlb edildi.
Saat 16 radələrində helikopter meydançasından tunel istiqamətinə daha 120 təzə döyüşçü çatdırıldı. Onlar iki qrupa bölünərək Buzluq yüksəkliyi, Bağırlı və Bağırsaqlı məntəqələri yaxınlığında müdafiə mövqelərinə yerləşdirildilər.
Aprelin 1-də baş leytenant Mahir Quliyevin komandiri olduğu 100 nəfərdən ibarət 4-cü tabor Laçından gəlib çıxdı. Onlar Qamışlı körpüsünü nəzarətdə saxlayan Çiçəkli yüksəkliyində mövqe tutdular.
Martın 29-dan 31-dək Azərbaycan qoşunları hər gün tunelə, Qamışlı körpüsünə hücum edən düşmənə qarşı əks-hücum təşkil edirdilər. Bütün vuruşlara briqada komandiri Əzizağa Qənizadə şəxsən rəhbərlik edirdi. Döyüşlərdə, demək olar ki, bütün əsgərlər canlarından keçdilər, ancaq onların sayəsində düşmənin irəliləməsinin qarşısı bir gün də olsa, alınırdı. Bu, dinc sakinlərin təxliyəsini davam etdirməyə imkan verirdi. Həlak olmuş əsgərlər ölümün yaxaladığı yerdə qalırdılar, onların döyüş meydanından çıxarılmasına imkan yox idi. Vətən oğullarının hamısı düşmənlə döyüşə şüurlu şəkildə girir və nə üçün vuruşduqlarını bilirdilər.
Briqadanın əsas qüvvələrinin Laçın rayonundan Kəlbəcərə doğru hərəkəti barədə məlumat alan Ermənistan Silahlı Qüvvələri 1993-cü il martın 31-də müharibə elan etmədən Vardenis (keçmiş Basarkeçər) rayonu istiqamətindən motoatıcı taborlarla Azərbaycan ərazilərinə hücuma keçdilər. Onlar tank və PDM-lərin köməyilə Azərbaycanın “Qaraqaya”, “Kürdyurdu”, “Ayrım”, “Dikyurd” sərhəd zastavalarını ələ keçirdilər. Xeyli aralı yerləşdiklərinə görə zastavalar bir birinə nə atəş, nə qüvvə, nə də digər vasitələrlə kömək edə bildilər. Döyüşlərdə onlardan 29 nəfər həlak oldu. Sonra “Zəylik”, “Ağduzdağ”, “Yellicə” və “Taxta” zastavaları da Ermənistanın silahlı qüvvələrinin nəzarətinə keçdi. Sərhədçilərimiz ağır itkilər verərək geri çəkildilər, Kəlbəcər rayon mərkəzinin girəcəyində müdafiə mövqeyi tutdular.
Aprelin 1-də düşmənin 6-cı qruplaşması dövlət sərhədindəki bütün vacib məntəqələri ələ keçirdi və Nerkin Şorca – Kəlbəcər – Qılınclı, Zod – Seyidlər – Yanşaq istiqamətlərində taktiki baxımdan vacib yüksəklikləri tutmaq üçün hücumu davam etdirdi. Məqsəd 701 saylı briqadanın manevr yolunu bağlamaq, bölmələri ayrı salıb məhv etmək idi.
Briqadanın bölmələri Almalı məntəqəsinin yaxınlığında düşmən qüvvələrilə üz-üzə gəldi, onların Zülfüqarlı məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldı.
Briqadanın artilleriya divizionu atəş mövqeyi tutaraq düşmənin tunel yaxınlığında cəmləşmiş canlı qüvvəsinə güclü zərbələr endirdi. Mərmiləri qurtardıqdan sonra dartıb aparmaq mümkün olmadığına görə toplar sıradan çıxarılaraq uçuruma yuvarladıldı. Qalanları isə Ömər aşırımı vasitəsilə çıxarıldı və aprelin 3-də Zəyligöl yaxınlığında döyüş mövqeyi tutdu.
Bərdə taboru zastavalarımızın keşikçilərinə kömək etmək üçün sərhədə doğru irəliləməyə çalışdı. Ancaq döyüşlərdə xeyli itki verərək Qamışlı məntəqəsi istiqamətində geri çəkilməli oldu.
Kəlbəcərin müdafiə cəbhəsi əslində mövcud deyildi, yalnız vacib yol qovşaqlarında müqavimət ocaqları vardı. Bu döyüşlərdə bölmələrimiz ölüm-dirim mübarizəsi aparırdı, çünki onların arxasında qadın, qoca və uşaqlar Kəlbəcəri tərk edirdilər. Lazımi qüvvələrin olmaması səbəbindən rayonu işğaldan qorumaq mümkün deyildi. Ancaq əgər dinc əhalini qorumaq məsələsi olmasaydı, bölmələrimiz daha bir həftə rayonu müdafiə edə bilərdilər. Bununla belə bütün mövcud çətinliklərə baxmayaraq, 701 saylı briqada idarəetməni və manevr imkanlarını saxlamağı bacarmışdı.
Müdafiə döyüşlərinin aparılması zamanı briqadanın komandiri polkovnik Qənizadə bölmələrin fəaliyyətini daim nəzarətdə saxlayır, vəziyyətlə bağlı məlumatların yığılmasını təşkil edir, onu düzgün qiymətləndirir, şərait dəyişdikcə vaxtında qərar qəbul edir, dəqiqləşmiş tapşırıqları bölmələrə çatdırır, əmrlərin icrasına nəzarət edirdi. Döyüşün mühüm anlarında o, ən mühüm istiqamətlərdə olur və əldə olan güc və vasitələrlə döyüşün gedişinə şəxsən təsir göstərirdi.
Laçından geri çəkilən 4-cü tabor 100 nəfərlik heyətlə 1993-cü il aprelin 1-də saat 14 radələrində Kəlbəcər – Zod – Ömər – Ağdərə yol qovşağına çatmışdı. Briqadanın digər bölmələri gəlib çatana qədər Qamışlı körpüsü ilə birlikdə bu yol qovşağını nəyin bahasına olursa-olsun saxlamaq lazım idi, çünki həmin yolla həm də əhalinin təxliyəsi həyata keçirilirdi.
Yol qovşağının və körpünün müdafiəsi üçün 4-cü tabordan əlavə bir tank, iki piyada döyüş maşını, komendant taqımının15 əsgəri cəlb edilmişdilər. 75 əsgər Qamışlı körpüsünün yaxınlığındakı Çiçəkli yüksəkliyində mövqe tutmuşdu. Polkovnik Qənizadə bir tank və 10 əsgəri Qamışlı körpüsünün arxasında Zod – Qamışlı istiqamətində, iki piyada döyüş maşını və 30 əsgəri isə tunel – Qamışlı istiqamətində yolda yerləşdirmişdi.
Ermənilər üç dəfə Çiçəkli yüksəkliyini ələ keçirsə də, polkovnik Qənizadə əks-hücuma rəhbərlik edərək onu qaytarmağa nail olmuşdu.
Tunel istiqamətində hücum edən düşmən bir tank, bir PDM və çoxlu canlı qüvvə itirərək əvvəlki mövqelərinə qayıtmışdı. Müdafiədə dayanmış döyüşçülərimiz isə 7 nəfər itki verdilər.
Aprelin 2-də düşmənin kəşfiyyat-diversiya qruplarından biri briqadanın arxasında, Kəlbəcər – Qamışlı – tunel istiqamətində,1815-ci yüksəkliyin şimal-qərb yamacında pusqu qurmaqla Qamışlı körpüsündə müdafiə olunanlarla əlaqəni kəsdi. Onların neytrallaşdırılması üçün qüvvə qalmamışdı. Canlı qüvvə və texnika sarıdan üstünlüyündən istifadə edən düşmən Çiçəkli yüksəkliyi və Qamışlı körpüsünü polkovnik Əzizağa Qənizadənin komandirliyilə müdafiə edən əsgərləri mühasirəyə aldı. Güclü müqavimətlə qarşılaşan ermənilər döyüşçülərimizə saat 15-dək müqaviməti dayandırmaq, silahı yerə qoymaq və təslim olmaq barədə ultimatum verdilər. Saat 15-də yenə döyüşlər başladı, nəticədə polkovnik Qənizadə ilə 20-dək döyüşçü qaldı. Düşmən onları əsir götürməyə çalışırdı, ancaq döyüşçülərimiz düşmənin güclü atəşi altında özlərini dağ çayına atdılar. Bu döyüşdən yalnız komandir sağ çıxa bildi. Beş məxfi sənədi tələsik məhv edən polkovnik Qənizadə sudan çıxaraq dağ yolları ilə təxminən 25 kilometr piyada getdi, bir gün sonra Yanşaq kəndinə çatdı. Bərdə taborunun iki əsgəri də orada idi. Onlar üçlükdə Ömər aşırımına çıxa bildilər.
Briqadanın qərargah rəisi polkovnik-leytenant Aydın Şiriyev general-mayor N.Sadıkovun əmrilə briqada komandirini xilas etmək, “ölüsünü və ya dirisini tapmaq üçün” göndərilmişdi. Düşmənlə qarşılaşan qərargah rəisi döyüşə girməyə məcbur olmuşdu. Nəticədə 25 əsgərdən 20-si həlak olmuş, ağır yaralan Aydın Şiriyevi isə sağ qalan əsgərlər döyüşdən çıxarmışdı.
1993-cü il aprelin 2-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy tərəfindən ölkədə fövqəladə vəziyyət elan edilmişdi.
Azərbaycanın dövlət sərhədini pozmuş Ermənistan ordusunun 6-cı qruplaşması və Qarabağ müdafiə rayonunun 1-ci, 2-ci, 3-cü, 4-cü qruplaşmaları döyüşlə bir-birinə qarşı irəliləyirdi. Onlar azsaylı qrupları mühasirəyə alaraq aprelin 4-də Kəlbəcər – Gəncə yolunu bağladılar. Bu döyüşlər nəticəsində təmas xətti Murovdağ silsiləsinə çəkildi.
Həmin gün Kəlbəcər rayonu tamamilə Ermənistan tərəfindən işğal edildi. Səhəri isə müdafiə olunan qüvvələrin Kəlbəcər rayon mərkəzində sıxışdırılmış sonuncu atəş nöqtələri məhv edildi.
Laçın rayonundan 150 əsgərlə hərəkət edən 2-ci tabor və onun nəzdində olan briqada qərargahının əməliyyat şöbəsi yalnız aprelin 5-də düşmənin ələ keçirdiyi Kəlbəcərə daxil oldular. Məxfi sənədləri məhv edərək onlar mühasirədən çıxmağa cəhd göstərdilər. Tabor Murovdağ silsiləsi ilə Daşkəsən rayonu istiqamətində hərəkət edirdi. Onlar sənədlərini götürdükdən sonra həlak olmuş əsgərləri döyüş gedə-gedə dəfn etməli olurdular. Yaralıları isə özləri ilə götürən döyüşçülər bir neçə gündən sonra Daşkəsən rayonuna çatmışdılar.
Aprelin 5-də 701 saylı briqadanın Laçın rayonundan Kəlbəcərə çıxarılması başa çatmışdı.
Ermənistanla sərhəddə yerləşən “Zəylik” və “Yellicə” zastavalarının şəxsi heyəti yalnız aprelin 7-də zastavaları buraxıb Daşkəsən rayonu istiqamətində mühasirədən çıxmağa başlamışdı.
Kəlbəcər rayonunda 20 nəfərlik şəxsi heyətilə qalmış 1-ci tabor Çərəkdar – Qozlukörpü - Ağdərə istiqamətində hərəkət edərək düşmənin ələ keçirdiyi ərazilərlə 15 gün müddətində mühasirədən çıxmışdı.
Ömər aşırımının düşmən nəzarətində qalması Gəncə şəhəri istiqamətində hücum təhlükəsi yaradırdı. Ermənilər BM-21 “Qrad” reaktiv sistemlərini, onlarla Gəncə şəhərinə zərbələr endirmək mümkün idi, yüksəklikdə yerləşdirməyə çalışırdı. Ona görə Azərbaycan Müdafiə Nazirliyi aşırımı erməni qoşunlarından təcili qaytarmaq qərarına gəldi. Sərəncamında ehtiyat qüvvələr olmayan Müdafiə naziri general-mayor Dadaş Rzayev Hacıkənddə polkovnik Qənizadəyə əmr etdi ki, könüllüləri toplayıb Ömər aşırımını düşməndən geri qaytarsın.
Xeyli əsgərini döyüşlərdə itirmiş, təklikdə dağlarla mühasirədən qurtarmış polkovnik Qənizadə aprelin 5-də axşamüstü briqadanın mühasirədən çıxmış 100 əsgərini düzərək döyüşməyə hazır olan könüllülərin sıradan çıxmasını istəmişdi. Hamı bir nəfər kimi irəli addımladığından gecə yarısı briqada komandiri başda olmaqla döyüşçülər Ömər aşırımına doğru hərəkət etmişdilər.
Saat 3 radələrində Ömər aşırımı düşməndən geri alınmışdı. Döyüş zamanı əsgərlərin 26-sı həlak olmuş, 10 nəfər isə yaralanmışdı. Beləliklə, strateji baxımdan zəruri olan Ömər aşırımına nəzarət bərpa edildi. Düşmən dəfələrlə artilleriyadan istifadə edərək müdafiəçiləri vurub çıxartmağa, aşırımı yenidən ələ keçirməyə çalışsa da, cəhdləri uğursuz alındı.
Aprelin 7-də Ömər aşırımına 709 saylı briqadanın döyüşçülərindən ibarət kömək gətirildi.
30 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul etmişdi. Qətnamədə Təhlükəsizlik Şurası Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını həyəcanla qeyd edərək, bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edirdi. Təəssüf ki, bu günədək Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından, o cümlədən Kəlbəcər və Laçından öz qoşunlarını çıxarmayıb.
1993-cü ildə Azərbaycanın geniş ərazisinin - Kəlbəcər rayonunun və Laçın rayonunun şimal hissəsinin qısa zamanda işğalının səbəbləri hələ də suallar doğurur.
Kəlbəcər rayonunun işğalı Azərbaycan rəhbərliyinin buraxdığı səhvlər ucbatından mümkün olmuşdu. Qarabağdan kənarında yerləşən Kəlbəcər rayonunun ermənilər tərəfindən ələ keçirilməsi o zaman istisna olunurdu. Əgər 1993-cü il mart ayının ikinci yarısında rayonun Qarabağ tərəfdən müdafiəsi üçün bəzi cəhdlər edilirdisə, Ermənistanla dövlət sərhədi boyunca bölgənin müdafiəsini təşkil etmək üçün heç bir addım atılmırdı. Azərbaycanın Kəlbəcər rayonu boyunca dövlət sərhədini qoşunlar qorumurdu. Zastavalar 110 kilometrlik sərhəddə bir-birindən 10 kilometrlərlə aralıda idi. Dövlət sərhədini qorumaq üçün orada ən azı iki briqada yerləşdirilməli idi.
Ermənistan tərəfindən bu istiqamətdən hərbi əməliyyatların aparılması prinsipcə qəbul edilmirdi. Hətta düşmən hücuma başladığı ilk günlərdə bunu Bakıda növbəti təxribat hesab edirdilər. Hökumət belə düşünürdü ki, ermənilər Kəlbəcər rayonunu işğal etsələr, dünya ictimaiyyətinin gözündə təcavüzkar olacaqlar. Diplomatik problemlər yaranmasın deyə, onlar döyüş əməliyyatlarını Dağlıq Qarabağdan kənara çıxarmayacaqlar. Sonrakı hadisələrin göstərdiyi kimi, belə qiymətləndirmə çox yanlış idi. Ölkə rəhbərliyi Qarabağ müharibəsinin məntiqini və təbiətini anlamırdı.
Azərbaycan rəhbərliyinin bu siyasi səhvi səbəbindən Müdafiə Nazirliyi müdafiə haqqında səhv qərar qəbul etmişdi. Nəticədə Kəlbəcər rayonunun düşmən tərəfindən ələ keçirilməsi üçün əvvəlcədən şərait yaranmışdı.
Kəlbəcər-Ağdərə yolunun bağlanmasından sonra isə rayonun müdafiəsi üçün qəti tədbirlər görülmədi. Dağ – atıcı alayının yaradılması barədə əmr eləcə kağız üzərində qaldı, düşmənin hücumları onun yaradılmasına mane oldu.
Kəlbəcəri müdafiə etmək üçün Laçın rayonunun şimalından 701 saylı briqadanın qalıqlarını cəlb etmək gecikdirilmiş qərar idi. Briqada işğal edilmiş Kəlbəcər rayonuna yalnız aprel ayının əvvəlində döyüşlə daxil olmuş və Daşkəsən rayonu istiqamətində mühasirədən çıxmışdı.
Azərbaycan Ordusunun əsas qüvvələrindən ayrı salınmış 701 saylı briqada təsəvvür edilməz qədər geniş ərazidə, Qarabağ yaylası, Mıxtökən və Murov dağ silsilələrinin arasında müdafiə döyüşləri aparırdı. Müdafiə əməliyyatları 60-80 kilometr bir-birindən aralı olan iki müxtəlif rayonda və iki müxtəlif istiqamətdə mühasirə şəraitində aparılırdı ki, bu da briqadanın döyüş imkanlarını xeyli zəiflədirdi. Buna baxmayaraq, briqada və köməyə verilmiş bölmələr düşmənin üstün qüvvələrilə qeyri-bərabər döyüş aparsa da, idarəetmə, manevrlilik imkanlarını və döyüş qabiliyyətini qoruyub saxlamış, Laçın və Kəlbəcər rayonlarından dinc əhalinin təxliyəsini təmin etmiş, mühasirədən çıxmağı bacarmış, sonra isə Ömər aşırımını düşməndən geri almışdı.
Kəlbəcərin işğalından sonra Başlıbel kəndinin bir neçə mağarada gizlənmiş 72 nəfər mülki sakin – qoca, qadın və uşaqlar qalmışdı. İki aydan sonra onlar mühasirədən çıxıb gələ bilsələr də, 25 nəfərindən çoxunu düşmən mağaradaca aşkar edərək güllələmişdi.
Kəlbəcər rayonunun işğalı Birinci Qarabağ müharibəsi tarixində bir dönüş nöqtəsi oldu. Onun mühüm hərbi və siyasi nəticələri var idi. İşğal göstərdi ki, düşmən Azərbaycanın Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən ərazilərini işğal etməyə başlayıb.
Azərbaycan Ordusunun zabit və əsgərləri bir neçə dəfə sayca üstün olan düşmənlə qeyri-bərabər döyüşlərdə son nəfəsədək vuruşmuş, həyatları bahasına 50 mindən çox insanı xilas etmişdilər. Bu döyüşlərdə 10 gün ərzində yüzlərlə azərbaycanlı əsgər həlak olmuşdu. Onların çoxu həmişəlik Kəlbəcər dağlarında qaldılar. Xatirələri əbədi olsun!
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin ildönümü münasibətilə Kəlbəcərin sakinlərilə görüşündə Ümummilli lider Heydər Əliyev həmin hadisələrə belə qiymət vermişdi: “Kəlbəcərin süqutu o vaxtkı Azərbaycan rəhbərliyinin nəinki səriştəsizliyi, həmçinin qətiyyətsizliyi, bacarıqsızlığı, fəaliyyətsizliyinin nəticəsidir. O zaman hakimiyyətdə olan Azərbaycan Prezidenti Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qənbərov, Baş nazir Pənah Hüseynov bunun qarşısını almadılar, ala da bilməzdilər, ona görə ki bunun üçün onların nə iradəsi, nə təcrübəsi vardı, onlara qarşı duran digər qüvvələr də bir-birini yıxmaq üçün çəkişib Azərbaycan torpaqlarından keçdilər. Kəlbəcərin işğalı bizim üçün böyük itkidir”. (“Bakinski raboçi” qəzeti, 3 aprel 1996-cı il).
Məmməd VƏLİMMƏDOV, xüsusi olaraq Armiya.az üçün
Məqalə rus dilindən ixtisarla tərcümə edilmişdir.
Teref.az