Allahın günahı və ya dəniz oğruları
22-05-2019, 18:22
Nigaranam!
Bilmirəm kimdən ötrü, bilmirəm nə üçün darıxıram!
Özü də uzun müddətdir ki, anlaya bilmirəm, axtardığım nədir? Məni nə narahat edir? Fikirləşdim ki, bəlkə çoxdandır kimisə görmürəm, bəlkə qayğılar başımı qarışdırır, kimisə unutmuşam... Bəlkə dostlarımdan yaddan çıxanı var?...
Amma yox... Doğmlarımla, yaxınlarımla müntəzəm görüşürəm. Onlaradan nigarançılığım yoxdur, hamısı maşallah sağ-salamat, evində eşiyində-eşiyində, işində-gücündə...
... Dənizi daha görə bilmirəm, dənizi məndən oğurlayıblar.
O boyda dəniz hasara alınıb, saatlarla yol gedirsən görünmür. Ucalığı göz qamaşdıran, bahalı daşdan üzlük çəkilmiş dəmir-beton konstruksiyalı hasarlar dənizi məndən gizlədib. Çox etibarlı, möhkəm hasarlardır. Fikirləşirəm ki, bu möhkəmlikdə hasar nəyə lazımdır. Bu hasarı keçmək insan üçün əlçatmazdır. Yox bu hasar digər insanların ora yaxınlaşmasının qarşısını almağa görə çəkilməyib. Bu hasar hansısa naməlum fövqəlgücün qarşısını almaq üçündür. İnsanlar bu hasara heç nə edə bilməzlər.
Bəlkə dənizin qəzəbindən qorxurlar...
Bəlkə dəniz də insanları görmək istəyir?... Axı o hamımızı aguşuna alıb, əzizləyib, böyüdüb, bizi öz övladı hesab edir. Nə qədər şahə qalxır, dalğa dilləri ilə qumlu sahili yalayır, insanları, öz övladlarını, öz sahilini görə bilmir.
Dəniz səhv edənləri sevmir və bağışlamır.
Dənizi oğurlamaq səhvdirmi, qəbahətdırmı, bilmirəm, amma dənizi oğurlatmağın bağışlanılmaz günah olduğuna əminəm.
... Görəsən heç məndən başqa dəniz üçün darıxan varmı?
Onun narın ləpələrini, hayqıran dalğalarını, qəzəblənəndə amansız olan, ana fəryadını, ata ahını anlamayan amansız qisaslarını, bəzən də məsum körpə kimi səssizcə uyğusunu, batan günəşin şüalarının bərq vurduğu göz qamaşdıran hamar səthini yada salan varmı?
Görəsən yaxınlarımdan, dostlarımdan, qonşularımdan kiminsə dənizin oğurlanmasından xəbəri var?... Mənə elə gəlir ki, hələ xəbərləri yoxdur. Üzlərinə baxıram, durmadan işdən-gücdən, qazanmaqdan, dəbdəbəli həyatdan, bahalı maşından, daha nələrdənsə danışırlar. Biri bu gün topdan yaxşı qiymətə satdığı Çin malı haqqında elə ləzzətlə, elə ləziz danışır ki... Məncə onlar daha dənizin onların olmamasından xəbərləri yoxdur. Yəni əldə etdikləri bu dəbdəbələr dənizdən daha qiymətlidir?...
Bəlkə dənizin özgələşdirilməsi ilə barışmışıq?
Uşaq olanda elə bilirdim dəniz hamınındır. Onu heç kəs insanlardan ala, gizlədə bilməz. Daha doğrusu heç bu barədə düşünmürdüm də. İndi belə deyirəm. Yəni uşaq olanda ağlıma belə bir fikir gəlsəydi qətiyyətlə dənizin hamımızın olduğunu söyləyərdim. Axı dənizin oğurlanacağına necə inanmaq olardı?
O vaxtlar da dəniz sahilində, bəzi yerlərdə hasarlar var idi. Amma on metrlərlə yuxarılara ucalmırdı. Qonşu məhlələrin sərhədlərini bədirləmək üşün çəkilirdi o hasarlar. Daha dənizi mənimsəmək üçün deyildi. Başını qaldırırdın və dənizin ümman genişliyi kəmər yerindən bir az yuxarı qalxmış təkqat daş hasarın varlığını sənə unutdururdu.
Dünyanın hər yerində, elmdə, idmanda, biznesdə və c. ilkə, heç kimin edə bilmədiyi nailiyyıtə, rekorda imza atan adamlar məşhurlaşır. Ya hamının rəğbətini, sevgisini qazanır, ya da nifrətini. Bəzilərini etdiklərini isə hər kəs təkrarlamaq arzusunda olur. Işin yaxşı və pis olmasından asılı olmayaraq.
Görəsən dənizi oğurlamaq ilk dəfə kimin ağlına gəlib və onun ilkini kim oğurlayıb? Görəsən bizdən başqa dənizini oğurlatdıranlar varmı?
Çöllər də oğurlanıb.
Mən elə bilirdim məhləyə, həyətə çəpər çəkərlər. Sən demə çöllər də çəpərlənərmiş, nə qədər fikirləşsəm də niyəsini tapa, səbəbini anlaya, çəpərçinin niyyətini başa düşə bilmirəm. Yəni yovşanlı, çayırlı çölü görmək qəbahətdir? Çölün boz və çayırlı olması məgər insanın günahıdır? Çölü insan yaratmayıb ki, Tanrı yaradıb. Özü də necə varsa, necə görürüksə elə yaradıb. Amma biz Tanrının yaratdıqlarını insanlardan gizlətmək istəyhrik. Unuduruq ki, elə insanları da Tanrı yaradıb. Kimlərsə Tanrının yaratdıqlarına düzəliş edir, Tanrının “səhvlərini, günahlarını” ört basdır etməyə çalışır.
Mənə yaraşıqlı, üstü butalı, naxışlı hasarlar deyil, yaraşıqsız, qupquru, hətta kənardan baxanda dodaq çatladan səhralar və həyat əlaməti güclə hiss olunan sapsarı yovşanları lazımdır.
Deyəsən nigarançılığımın səbəbini anlamağa başlayıram.
Özüm üçün darıxmışam. Nə qədər axtarsam da özümü bu hasarların içərisində tapa bilmirəm. Buradayam, ağlım, hisslərim də yerindədir, röya görmürəm, doğrudan da buradayam. Amma bu hasarların içində mən özüm ola bilmirəm.
Axtardığım özüməm, məni mən edən ətraf, təbiət yoxa çıxıb.
S. Bayramov