Uşaqlarımıza “jımıx” yediririk, sonra onlardan Eynşteyn olmağı tələb edirik…
1-08-2019, 17:56
Gözlük taxan şagirdlərin sayı sürətlə artır. Uşaqların 70-80 faizi skalyoz xəstəliyindən əziyyət çəkir.
Bel əyildikcə, daxili orqanlar tədricən sıradan çıxır, valideynlərin bir ayağı məktəbdə, bir ayağı xəstəxanada qalır. Küçədə-bazarda qarşılaşdığım yeniyetmələrin çoxunun bənizi sarı, dişləri mırıqdır.
Tanıdığım gənclərin əksəriyyəti 30 yaşına çatmamış saçları ilə vidalaşmalı olur. Genefondumuz təhlükə qarşısındadır. Bunu anlamaq üçün azca diqqətli olmaq yetərlidir…
Nə baş verir? Gələcəyimiz olan uşaqlar niyə ayaq üstə dayanmağa çətinlik çəkirlər? Niyə balalarımızın rəngi limon kimi sarı, dişləri mırıq, gözləri zəifdir?
Mənim işim soruşmaq, öyrənmək, araşdırmaqdır. Odur ki, tənbəllik etməyib, həkim dostumun nömrəsini yığdım.
Mənim üç sualıma bir cümlə ilə cavab verdi: “Uşaqlar kolorili qidalardan az istifadə edir, vitamin çatışmazlığından əziyyət çəkirlər”.
Aramızda belə bir dialoq baş tutdu:
– Doktor, bu mövzuda məqalə yazıram. Valideynlərə nə məsləhət görürsünüz?
– Valideynin borcu uşağı kolorili qidalarla təmin etməkdir. Bura ilk növbədə ət, yağ, bal daxildir.
– Bununla iş bitir?
– Bitmir. İndiki uşaqların çoxu həm də vitamin çatışmazlığından əziyyət çəkir. Uşaqları vaxtaşırı meyvə ilə təmin etmək lazımdır.
Yerigəlmişkən, qeyd etmək istəyirəm ki, uşaqlar həm də yaddaş zəifliyindən əziyyət çəkirlər. Dostlarımdan tez-tez bu məzmunda şikayət eşidirəm:
“Bizim uşaq dərsi iyirmi dəfə oxuyur, amma bir cümlə də yadında qalmır”.
Bəzən isə giley-güzarın məzmunu dəyişir: “Bizim oğlanın yaddaşı çox zəifdir. Dünən əzbərlədiyi şeiri bu gün yaddan çıxarır”.
Gözəl insan, həkim dostum Rəşid Mahmudov bunun səbəbini yod çatışmazlığı ilə izah edir. Amma çatışmayan o qədər cəhətimiz var ki…
Təxminən bir ay əvvəl BAKU.WS saytında bir məqalə yazmışdım:
“Rus yesin, mənim balalarım onun ağzına baxsın?” Həmin yazıda kənd təsərrüfatı məhsullarının qiymətinin baha olmasına etiraz etmişdim. O vaxt gilasın bir kiloqramı 7 manat idi.
Sonrakı dövrdə də qiymət dəyişmədi. Sizi əmin edirəm ki, bu il yüz minlərlə uşaq gilasın dadına tamarzı qaldı.
Bu il armudun, vişnənin, çiyələyin qiyməti də sıravi azərbaycanlı üçün əlçatan deyildi. Valideynlərin çoxu evinə ayda 2 kiloqram meyvə ala bilmir.
Aydın məsələdir ki, meyvənin üzünü şəkilli kitablarda görən uşağın rəngi limon kimi sarı, dişləri çürük, gözləri zəif olacaq…
Valideynlərin çoxu övladlarını kolorili qidalarla təmin edə bilmir. Quzu ətinin bir kiloqramı 14 manatdır. Mənşəyi şübhəli olan yağın bir kiloqramı marketlərdə 15-18 manata satılır.
Ortabab balın bir kiloqramı 40-50 manatdır. Ayda 340 manat məvacib alan valideynin 40 manat verib bir kiloqram bal almağa gücü çatmır.
Onun gücü ancaq balqabaq almağa çatır…
Bu sətirləri klaviaturada döyəcləməzdən əvvəl üç-dörd iri marketdə monitorinq apardım. Müştərilər əsasən ucuz qidalar – makoron, vermeşel, qarabaşaq, günəbaxan yağı almağa üstünlük verirdilər.
Aydın məsələdir ki, həftədə beş dəfə makoron yeyən uşaq nəinki Səməd Vurğunun, bir gün dədəsi Səmədin də adını yaddan çıxaracaq…
Biz qəribə adamlarıq: uşaqlarımıza “jımıx” yediririk, sonra onlardan Eynşteyn olmağı tələb edirik…