“Başı yadların qoltuğunda olanlar Şah İsmayılı heç vaxt sevə bilməz” – Tarixçi-alimdən SƏRT REAKSİYA

1-08-2019, 19:07           
“Başı yadların qoltuğunda olanlar Şah İsmayılı heç vaxt sevə bilməz” – Tarixçi-alimdən SƏRT REAKSİYA
“Elə bir rus tanımıram ki, öz qanlarından olmayan İvan Qroznını, I Pyotru, II Yekaterinanı lənətləsinlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında millət vəkili Fazil Mustafanın timsalında Şah İsmayıl Xətainin yenidən hədəfə götürülməsinin səbəblərinə toxunan Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədli deyib.

Kərəm Məmmədli Səfəvilər dövlətinə münasibətdə tariximizin saxtalaşdırılmasına yönəlik, davamlı cəhdlərin qarşısının birdəfəlik alınmasının vacibliyi qənaətindədir:

“Azərbaycanda millətin şüuruna məzhəb məsələsi ilə bağlı elə bir dəhşətli toxumu əkiblər ki, toxunulması doğru olmayan məsələlər belə müzakirəyə çıxarılır. Nə qədər qəribə olsa da, Səfəvilər haqqında rəğbətlə danışanda, bizim bəzi bölgələrdən olanlar adamları “separatçı” adlandırırlar. Halbuki seperatçı parçalayan, ayıran deməkdir. Səfəvilər isə birləşdiriblər, ayırmayıblar. Bax, belə bir bədbəxtçiliyimiz var. Elə bir rus tanımıram ki, öz qanlarından olmayan İvan Qroznını, I Pyotru, II Yekaterinanı lənətləsinlər. Niyə? Çünki onlar vahid Rusiya dövləti üçün çalışıblar. Bizdə isə nədənsə, vahidlik uğrunda çalışan şəxsiyyətləri lənətləyirlər. Adam kiməsə xoş görünmək üçün öz tarixini saxtalaşdırmaz axı”.

Bəzilərinin dövlətçilik deyəndə, sanki “dərəbəyliyi” nəzərdə tutduğunu vurğulayan alim bildirib ki, Azərbaycan məhz özümüz – türklər tərəfindən idarə ediləndə vahid dövlətə çevrilib və əsrlər boyu öz bütövlüyünü qoruyub saxlayıb:

“Nə vaxt ki Azərbaycanı qeyri-türklər idarə edib, ölkədə dərəbəylik yaranıb. Bunu hər zaman faktlara əsaslanaraq, demişəm. Xilafət dağılandan sonra, Azərbaycanda hakimiyyətə gələn Sacoğulları sülaləsinin dövründə dövlət bütöv idi. Dərbənddən Həmədana, Reydən Qarsa qədər olan ərazilər vahid sərhədlər daxilində birləşdirilmişdi. Daha sonra onları Kəngərli boyundan olan Səlarilər əvəz etdilər. Onlar da təmiz türk sülaləsi olublar və Azərbaycanın bütövlüyünü qoruyublar. Lakin Şirvanşah, mənşəyi dəqiq bilinməyən Şəddadilər, Rəvvadilər dönəmi Azərbaycanın parçalanmış vəziyyətdə olduğu dövr idi.

Şirvanşahlar dövlətinin üstünə getməyi də doğru saymıram. Ona görə ki, müəyyən dövrlərdə Azərbaycan dövlətçiliyi məhz Şirvanşahların timsalında mövcud olub, saxlanılıb. Sonrakı dövrlərə baxaq – Səlcuqlar, Atabaylər, Elxanilər dövründə də Azərbaycanın bütövlüyü təmin edilmişdi. Bir çoxları Elxaniləri monqol adlandırır. Qəribə burasıdır ki, fars tarixçiləri çox vaxt Elxanilərə “İran monqolları” deyirlər. Guya yeni termin fikirləşiblər. Elxaniləri özününküləşdirirlər, ancaq biz, paytaxtı Təbriz, Marağa, Sultaniyyə olan, pulunu Azərbaycan türkcəsində kəsən bir dövləti niyə özümüzünki saymayaq?

Səfəvilər, Əfşarlar, Qacarlar mübahisəsiz türk sülalələridir. Onlar bizim tariximizdir. Bəzən Nadir Şahı Səfəvilərə qarşı qoyurlar. Bu isə cahilliyin ən ali formasıdır. Nadir özü Səfəvi dövlətinin sərkərdəsi idi, onları necə bir-birinə qarşı qoymaq olar?

Çox təəssüf ki, bu məsələlərdə qanmayanımız, qananlarımızdan çoxdur. Ümumiyyətlə isə uşağa tarixi beşiyindən öyrətmək lazımdır. Beşikdən ana laylası ilə başlayıb, ata tərbiyəsi ilə böyüyən uşaq sonra da ictimai mühitdə böyüyür. Şah İsmayılın müzakirə obyektinə çevrildiyini görən 12-15 yaşlı uşaqlardan öz tarixinə hansı hörməti gözləmək olar? Şah İsmayılı, ümumiyətlə, müzakirə mövzusuna çevirmək olmaz. Buna birdəfəlik qadağa qoymaq lazımdır. Fransızların Lüdoviki müzakirəyə çıxardıqlarını görmüsüz? Eyni zamanda, gürcülər, ermənilər də öz tarixi şəxsiyyətlərini təftiş etmirlər. Ancaq biz qanı qanımızdan, canı canımızdan olan nəhəng şəxsiyyətlərimizi müzakirə obyektinə çeviririk, onlara mikroskopla baxıb, başqa xalqlara aid etməyə çalışırıq. Onu da unutmayaq ki, başı həmişə yadların qoltuğunda olanlar Şah İsmayılı heç vaxt sevə bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.