İNKİŞAFIN TƏMƏLİ TƏNQİDDİR!

3-08-2019, 04:30           
İNKİŞAFIN TƏMƏLİ TƏNQİDDİR!
İnkişaf nə zaman olar? Cəmiyyət və dövlət nə zaman qabağa gedər? Yalnız TƏNQİD olduğu zaman! Əgər bir problemin fərqində olunmasa, onu necə aradan qaldırmaq olar ki?...
Çox maraqlıdır ki, medyada, sosial şəbəkələrdə, mətbuatda çıxış edən bir çox kəslər, məmurlar, ictimai xadimlər- cəmiyyətimizin, ölkəmizin çox inkişaf etdiyini, intellektual və əxlaqi səviyyəsinin çox yüksək olduğunu, bir sözlə, hər şeyin qaydasında olduğunu deyirlər. Halbuki bu kəslər bu sözləri ilə, xalqımıza, cəmiyyətimizə çox böyük zərbə vurmuş olurlar! Çünki ortada problem olduğu halda, onu görməzdən gəlmək, hər şeyin əla vəziyyətdə olduğunu demək- yersiz arxayınçılıq və beləliklə də, irəliyə doğru getməmək və nəticədə böhrandan başqa bir anlama gəlmir!
Onsuz da dünyada-mükəmməl, əla, hər şeyi qaydasında olan bir xalq, cəmiyyət, ölkə yoxdur. Amma, gəlin, əyri oturub, düz danışaq; bizim cəmiyyətin, bizim ölkənin, xüsusilə ciddi problem və çatışmazlıqları əgər olmasaydı, zatən ölkədə, insanlar arasında, bu qədər problemlər, böhranlar və neqativ hallar olmazdı! Adicə məsələn, ağzı dolu olan avtobusa minib, öz həyatını təhlükəyə atmaqdan tutmuş, "oxumağın nə faydası var?!" düşüncəsinə qədər; Zibili, küçəyə tullamaqdan tutmuş, ictimai yerlərdə qızlara söz atıb sataşmağa qədər; "Palaza bürün, elnən sürün" məntiqindən tutmuş, qarşındakı tanımadığın insana, "sən" deyə müraciət etməyə qədər; Uşaqları döyərək "tərbiyə etmək" “metodu”ndan tutmuş, avara və bekar olmağın mərifət hesab olunmasına qədər; Qadına, ikinci dərəcəli varlıq kimi yanaşmaqdan tutmuş, "beş günlük dünyadır, kef elə..." məntiqinə qədər; Hər şey, bütün meyarlar, cəmiyyətimizin başdan-başa problemlər, çatışmazlıqlar, böhranlar içində olduğunu göstərmirmi?!... Bu problemləri görməmək, "dəvəquşu məntiqi" ilə hərəkət etmək, yalandan özünü aldadıb hər şeyin qaydasında olduğuna özünü inandırmaq-yalnız bir nəticəyə apara bilər: PROBLEMLƏRİN VƏ BÖHRANLARIN GÜCLƏNMƏSİ!...
Bəs nə etməli?
Biz, cəmiyyətimizin, ilk növbədə təhsilə münasibətini dəyişməliyik! Cəmiyyətə anladmaq lazımdır; təhsil, hansısa "diplom" və ya "iş" xatirinə deyil, biləvasitə inkişaf etmək və adam olmaq xatirinə qazanılır!.. İnsan, daim yeni və zəruri məlumatlar qəbul etməsə, faydalı və önəmli fəaliyyətlərdə bulunmasa, vaxtını və enerjisini düzgün sərf etməsə, oxumağa, kitaba önəm verməsə, bunun axırı, bizi ancaq bir yola çıxaracaq; mənasız və heyvani yaşam!...
Biz əgər mənəvi prinsipləri önəmsəyiriksə, insanın heyvandan fərqinin məhz ağıl və intellekt olduğunu dərk ediriksə, dünyanın təsadüflər nəticəsində deyil, məhz Tanrının varlığı ilə yarandığını qəbul ediriksə, başqa sözlə desək, maddiyatı deyil, mənəviyyatı daha önəmli amil biliriksə, o halda bizim həyatımız-yeməkdən, içməkdən, yatmaqdan, cinsi əlaqədən və əyləncədən ibarət olmamalıdır!... Bu özəlliklərin hər biri, elə heyvanlar üçün də keçərlidir; onlar da yeyirlər, yatırlar, şəhvətlərini ödəyirlər və "dünyanı veclərinə almırlar"... Əgər bizim həyat dairəmiz, yalnız bunlarla məhdudlaşırsa, instinktiv ehtiyaclardan və işlərdən kənara çıxmırsa, o zaman demək ki, bizim heyvandan hansısa real fərqimiz yoxdur, sadəcə, görünüşümüz fərqlidir, vəssəlam!...
Əgər bu həyatda, heyvandan, sadəcə görünüşcə deyil, daxili və həqiqi mənada fərqli olmaq istəyiriksə- o zaman xüsusi, qeyri-adi nələrsə etmək və əqli fəaliyyətlərdə bulunmaq qaçılmazdır!...
İnsanın heyvandan yeganə fərqi olan ağıl və intellektin arxasıyca getmək, bizim həm insani, həm məntiqi, həm də dini borcumuzdur!... Əks halda, nə müsəlman, nə də adam olmaq olar!... Necə ki, ağıl və düşüncənin ən mükəmməlini özündə daşıyan Peyğəmbər deyir: "Ağlı olmayanın, imanı da ola bilməz”. Elə böyük filosoflar da yalnız ağıl və məntiqlə normal yaşamağın mümkün olmasından danışırlar. Böyük yazıçı Anton Çexov, “Bir ağıl yaxşıdır, amma iki ağıl daha yaxşıdır” deyir. Böyük filosof Artur Şoppenhauer isə “Yüz dənə axmaq bir araya gəlsə, bir ağıllı etməz” söyləyir.
Unutmayaq ki, tənqid olmasa, problemlər ortaya qoyulmasa, inkişaf da ola bilməz. “Axmaq insan, öz ağlından, ağıllı insan isə başqalarının da ağlından istifadə edəndir!”
Gəlin, başqalarının da ağlından istifadə edək…

Emin Aydın, gənc alim












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.