Qəlbimin ruhuma sui-qəsdi (Hekayə)

11-01-2023, 12:48           
Qəlbimin ruhuma sui-qəsdi (Hekayə)
Bir dəfə bir köhnə tanışımdan eşitmişdim.
Deyirdi: - "Əgər bir kişinin ikinci qadınısansa mələk belə olsan, hər kəsin gözündə bir fahişəsən".
O, vaxt onun bu sözünü başımla təsdiqləmişdim. Çünki, özüm də bir kişinin həyatında ikinci qadının olmasının qətiyyən qəbuledilməz olduğunu düşünürdüm.
Axı mənim də "yıxılmaz qala" sandığım yuvamı aramıza girən ikinci qadın dağıtmışdı...
Ona görə də həmişə qınayırdım evli kişi ilə eşq yaşayan qadınları.
Amma, deyir, "sən saydığını say, gör fələk nə sayır".
Bir də deyiblər, "heç vaxt "heç vaxt " demə".
Görünür, mənim də taleyimdə başqalarında qınadığım həyatı yaşamadan ölməmək də varmış.
Artıq, bir neçə il idi ailəm dağılmışdı. Bacardığım qədər ürəyimə də, həyatıma da kimsəni buraxmamağa çalışırdım.
Düzünü desəm, heç bunun üçün o qədər çalışmalı da olmadım. Çünki, zatən gənclik illərimdə romanlardan oxuyub, filmlərdən izləyib xəyalını qurduğum sevgi macəralarının, romantikanın həyat yoldaşımla evləndiyimizin elə ilk aylarından "komedik təxəyyül"dən başqa bir şey olmadığını anlamağa başlamışdım. Yaşatdığı həyat sayəsində məndə əks cinsə qarşı hissiz bir soyuqluq yaranmışdı.
İndi sevgi etiraflarına gülür, evlilik təkliflərinə qıcıq olur hala gəlmişdim.
Orta yaşlı evdar xanımlar ekran qarşısında göz yaşları içində izlədikləri Türkiyə serialların əsas mövzusu olan "ilk görüşdə böyük aşk"lar mənim ən çox güldüyüm əyləncəm idi.
Taa onunla köhnə bir binanın sınıq-sökük koridorlarında rastlaşana qədər...
Bu təsadüfi qarşılaşma bütün düşüncələrimi, bütün xəyallarımı, arzularımı, hətta bütün həyatımı dəyişdi.
Doğrusunu desəm, ona qədər mən tamamilə plansız, sabahlara ümidsiz, sadəcə günlərini yaşayan biri idim.
Qadın olduğumu belə unutmuşdum demək olar. Saçlarımı daramağa belə tənbəllik edirdim.
Amma, ondan sonra...
Ondan sonra hər şey tamamilə fərqli idi. Bir vaxtlar əlini vurduğu hər şeyi kobud toxunaraq, bərbad edən Rəna getmiş, yerinə incə davranışlı, nazlı, xanım-xatın bir Rəna gəlmişdi.
Bəli, bu ilk qarşılaşmada sevgi idi. Mən onu sevmişdim. Çünki, onda özümə qarşı xüsusi diqqəti hiss etmişdim...
Mənə qadın olduğumu xatırladan o baxışlar, o kəlimələr məni məndən tamamilə qoparıb almışdı.
Mahnıda deyildiyi kimi, "mən onda tutuklu kaldım"...
Çox sevdiyim yazıçı İlyas Əfəndiyevin romanlarında təsvir etdiyi əsl kişi obrazı eynilə kitablardakı kimi zəhmi, ciddiliyi ilə qarşımda dayanırdı.
Elə ilk görüşdən də mənə qarşı ürəyindən keçənləri birbaşa dilinə gətirən bu adam həm də dürüst cəsarəti ilə bütünlüklə nəinki düşüncələrimə, nəinki ürəyimə, bir sözlə - məndəki mənə hakim olmuşdu.
Boşandığımı biləndə "bu barədə ətraflı danışmaq üçün çaya dəvət edən" sinsi yanaşmalar, daha doğrusu yanaşma cəhdləri məndə özlərinə qarşı nifrət yaratdığı bir zaman əhatəsində, təsadüfən qarşılaşdığım və fikirlərini birbaşa üzümə deyən bu adam....
O tamamilə fərqli idi, çox fərqli idi...
Ya da bəlkə mənə elə gəlirdi, bilmirəm.
Ömrü boyu kimsəni dinləməyən, kiminsə ona müəyyən sərhədlər qoymasını istəməyən bu qız sözün əsl mənasında həyəcanla indi ondan əmr gözləyirdi.
Biz artıq, tez-tez görüşməyə başlamışdıq. Münasibətlərimiz ailə münasibətləri qədər yaxın olmuşdu. Məni tanımayan hər kəsə evli olub-olmadığımı soruşduqda, fərəhlə "evliyəm" deyirdim indi.
O mənim həyat yoldaşım idi. O da belə deyirdi.
Amma, bunu yalnız ikimiz öz aramızda belə deyirdik. Hamıdan gizli yəni...
Mən ona çoxdan gecikmişdim.
Hekayəmin əvvəlində dediyim kimi, bir vaxtlar dediyim "heç vaxt"ların bədəlini ödəyirdim.
Mən onun həyatında ikinci qadın idim...
Onun yanında olanda ikinci olduğumu tamamilə unudur, onu hər kəsə, hətta dostlarına belə qısqanırdım.
O həyatımda olduğu üçün özümü dünyanın ən xoşbəxt, ən şanslı qadını sanırdım.
Çox qəribə idi...
Anasını, atasını onun kimi bir övladı olduğuna, övladlarını onun kimi atası olduğuna, bacı-qardaşlarını onun kimi qardaşı olduğuna görə qısqanırdım. Ya da bilmirəm, bəlkə də həsəd aparırdım.
Mən mən olmaqdan çıxmış, tamamilə fərqli - xəsis, qısqanc, hətta etiraf edim ki, paxıl birinə dönüşmüşdüm.
Yanından getmək istəmirdim. Növbəti görüşə vaxtından çox-çox qabaq "qanad açıb" gedirdim.
Ona qulluq eləmək üçün ürəyim gedirdi. Məndən nəsə istəsin, mənə nəsə əmr eləsin, qadağalar qoysun, o da məni qısqansın istəyirdim.
Amma, aylar keçdikcə anlamağa başladım ki, o mənim ondan gözlədiklərimin hamısını mənə verməkdə xəsislik edir. Mənim nə hisslər keçirdiyimin, nələr umduğumun fərqində belə deyil.
Bu hallar getdikcə qüruruma toxunmağa başlamışdı.
Özünə heç nə demirdim, hiss etdirmirdim, amma gecələri yatağımda ağlamağa başlamışdım.
Zaman keçdikcə, rəfiqələrim xəyallar aləmində yaşadığımı xatırladıb, reallıqlarla müqayisə etdikcə sanki, yavaş-yavaş yuxudan oyanırdım.
Ömrümün iki ilə yaxın bir hissəsini tamamilə ona həsr etmişdim. Və bu illər ərzində həyatında yeganə olduğumu düşündüyüm , nəfəs qədər sevdiyim şəxsin elə xəyallarımda böyütdüm qədər "əvəzolunmaz"ı, "vazkeçilməz"i olmadığımın da artıq bir dəfə şahidi olmuşdum...
Onu bildiyim gündən ondan əvvəlki Rənanın bəzi xüsusiyyətləri artıq geri, vücuduma dönmüşdü. İndi daha ilk zamanlardakı kimi incə, nazlı ola bilmirdim.
Qadın kimi özgüvənim yenidən azalmışdı.
Daha onu əvvəlki qədər qısqanmırdım. Əvvəlki kimi yanından ayrılanda çətinlik çəkmirdi...
Hətta, görüşmədiyimiz günlərdə əvvəlki qədər darıxmırdım.
Zamanla özü öyrətmişdi onsuzluğu.
Yanındaykən o qədər gözəl davranırdı ki, onu hər dəfə yenidən sevirdim.
Ancaq, elə ki, sağollaşıb ayrıldıq, vəssalam.
Sanki, belə bir insan heç vaxt olmayıb həyatımda.
Bir dəfə halımı soruşmaq üçün aramaz, tək bir mesaj belə yazmazdı.
Mənim umduğum hara getdiyimlə, harda olduğumla, nələr etdiyimlə zərrə qədər maraqlanmazdı.
Mən artıq, bir nöqtəyə kilidli qalmışdım. Getdikcə, hər şey acığıma getməyə, qürurumu incitməyə başlamışdı.
Axı mən "heç vaxt qəbul etmərəm" dediyim həyatı bir neçə ildir sırf onu sevdiyim üçün yaşayırdım.
Məyərsə bu onun üçün o qədər də böyük bir əhəmiyyət kəsb etmirmiş.
Onu hamıya qısqanan, hamıdan qoruyan mən, ilk dəfə başqa bir qadınla görüşdüyünü biləndə o qədər sərt qırıldım ki....
Amma, ondan gedə də bilmədim.
Beləcə, zamanla onu bağışladım.
"Bağışlamaq" deyəndə ki, doğrusunu desəm ona kinim də yox idi. Zatən onu deyil, onun mənə qarşı etdiyi hər şey üçün özümü qınayır, yalnız özümü günahlandırırdım həmişə.
Bir də həddindən artıq özünü bəyənmiş bir xasiyyəti vardı. Məhz bu xüsusiyyətindən gələn çox sözləri ilə də tez-tez ürəyimi incidirdi.
Günahkar olmadığımı bilə-bilə hər dəfəsində mən üzr istəyirdim.
Özüm üzr istəməklə həm onun özgüvənini qoruyurdum, həm də o sözləri dilinə gətirəcək qədər eqoist olduğunu bildiyim üçün mübahisə etməyin mənasız olduğunu düşünürdüm.
Onu çox yaxşı tanıyırdım, doğmalarından belə çox...
Getdikcə ona qarşı dəli sevgim, həyəcansız bir doğmalıq hissinə çevrilmişdi.
İndi onu o qədər məsum bir məhəbbətlə sevirdim ki, hətta bəzən onu "özüm dünyaya gətirmişəm" kimi hiss edirdim.
Münasibətlərimiz əvvəl olduğu kimi davam edirdi. Hər şeyə rəğmən ondan sonrakı özüm olaraq qala bilmişdim.
Həmin diqqətim, həmin qayğım, əzizləməm...
Yuxarıda qeyd etdiyim kimi, yanındaykən yaşatdığı xoşbəxtlikdən ilhamlanaraq, yenidən onun da məni mənim onu sevdiyim kimi sevdiyinə özümü inandırmağa yenicə başlamışdım ki....
Bəli... O yenə də məni xəyallarımın zirvəsindən alıb, yerə çırpdı.
Yenə də həyatında tək olmadığımı mənə təkrar xatırlatdı....
Hər zamankı kimi, bu dəfə də onu qətiyyən qınamadım.
Yalnız özümü günahlandırıram, çünki, ona inanan mən idim.
Həyatında ikinci bir qadın olduğumu qəbul edən (əslində edə bilmirdim, amma onun yanında olmaq üçün məcbur idim) mən idim.
Məni mənim onu sevdiyim qədər sevmədiyini, məni hər fürsətdə kiçik gördüyünü bilə-bilə ondan qopa bilməyən mən idim.
Bir insana "get" demək üçün, daha hansı addımlar atmaq gərəkirdi ki?
O davranışları ilə zatən mənə dəfələrlə "get" demişdi, amma getmək istəyəndə buraxmamışdı.
Ya da yola salarkən dilxoşluq etməsini özüm özümə qalmaq üçün bəhanə etmişdim.
Bu dəfə daha çox qırılmışdım.
Qadın qürurumu, özgüvənimi "küt balta" ilə iztirab verə-verə xırda tikələrə parçalamışdı.
Bu dəfə nə etdim?...
Desəm inanmayacaqsınız, ya da bəlkə qınayacaqsınız...
Bəlkə də "elə sənə yaxşı olub" deyə qəzəblənəcəksiniz...
Amma, həqiqətən də heç nə...
Bu dəfə də gedə bilmədim.
Amma, deyəsən bu onunla aramızdakı son bağ idi...
Əgər onu da qırarsa, hər şey bitəcəyini bilirdim.
Çünki, daha mən, o mən deyildim.
Hər zaman anlayışlı olmaqdan yorulmuşdum...
Əslində, bu qədər gözləmək tərzim deyildi. Normalda hətta doğmalarım üçün belə olsa, tək xətasında keçmişimdə buraxan biriyəm.
Bir adamın üzünə qapımı birce dəfə örtürəm. Dərdindən ölsəm belə, geri dönmürəm.
Bu xasiyyətim də mənə ilk evliliyimin "hədiyyəsi" idi.
Kinli deyiləm, amma bir adamı bir neçə dəfə bağışlayaraq, ömrümün müəyyən bir hissəsini boşa xərclədiyimin peşmançılığı öyrətmişdi mənə bağışlamamağı.
***
Onun həyatıma girdiyi ilk gündən sevgisi ilə bərabər yaşayırdım onu itirmək qorxusunu.
Ondan getməyi təsəvvür belə etmirdim...
Amma, sağolsun, zamanla alışdırdı, birdən-birə getmək qərarına gəlmədim.
Öncə soyuqluğu ilə onsuz qalmağa alışdırdı, sonra hər xırda səbəblərə görə, bəzən də haqsız danlamaları ilə, bəzən də bayaq da dediyim kimi kiçik gördüyünə görə aramızdakı məsafələr getdikcə genişlənirdi.
Mən qüruruma yenik düşən biri idim. O həyatıma girəndən qürurum onun sevgisinə yenik düşmüşdü.
Dediyim kimi, günahkar olmasa da həmişə mən üzr istəyirdim aramızdakı incikliyi, qanıqaraçılığı aradan qaldırmaq üçün. Həm də ondakı o ciddiyəti, o zəhmi sevmişdim və səhvinə görə belə olsa "üzr istərsə, gözümdə başqalarından fərqi olmaz"- deyə bir qorxu keçirirdim.
Yəni, ona qarşı hisslərimin gözləri ilə baxdığım zamanlar belə düşünürdüm.
Artıq yorulmuşdum....
Onun kimə qarşı əsəbi olursa olsun, acığını mən çəkməkdən yorulmuşdum, necə deyərlər, mənimlə "stress topu" kimi davranmasından, hər fürsətdə əzməsindən, mənim onsuz heç nəyi bacarmayan, aciz biri olduğumu düşünməsi və bunu atmacalı sözlərlə üzümə vurmasından yorulmuşdum.
Halbuki, ömür boyu ər evində də, öz evimdə də istər kişi, istərsə qadın işlərinin öhtəsindən özüm gəlmişdim. Kimsədən kömək almağı özümə sığdırmırdım.
Sadəcə, o mənə həyat yoldaşım demişdi, mən də ona evimin kişisi kimi davranır, problemlərimi bölüşürdüm. O da bəzən bununla məni əsirdi.
Bəlkə də, fərqinə varmadan edirdi...
Haqqını danmaram, həmişə bildiyi hər problemimi çözürdü də.
Mən özüm üzərində çox məsuliyyət olduğu və çox çətinliklər qarşısında tək olduğunu düşündüyüm üçün ehtiyaclarımı çox zaman ondan gizlədirdim.
Elə hər dərdimi tək çəkməkdən də, hamıdan gizlənməkdən də, o qədər içdən-içə məni didib-parçalayan şeyləri qəbul etmə səbəbimin bütün bunları görməzdən gəlməyindən yorulmuşdum.
Bəli...
Doğrudan da hər kəs haqq etdiyini yaşarmış.
Bəlli ki, mən mənim olmayan birindən həddindən artıq, çox şey ummuşam. Məhz buna görə də Tanrı məni onun özünün vasitəsilə cəzalandırdı.
Və sonunda öz yalnızlığıma geri döndüm.
Geri döndükdən sonra düşünmək üçün vaxtım çox oldu və düşündükcə də bunu anladım.
Mən elə əvvəldən yalnız imişəm, sadəcə fərqində deyilmişəm.
Yoxluğum onun üçün heç nəyi dəyişmədi, Amma, onun sevgisinə əzdirdiyim qürurum hələ də məni bağışlamayıb.
"Sevgi müqəddəsdir" deyirlər.
Amma, mən artıq sevginin şeytan əməli olduğunu düşünürəm və şeytana uyduğum üçün Tanrıdan da və qürurumdan da üzr istəyirəm.
Jalə Əsədova
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.