30 avqust Azərbaycan Qaraqoyunlu sülaləsinin hakimiyyətə gəldiyi tarix hesab olunur.

31-08-2023, 11:54           
30 avqust Azərbaycan Qaraqoyunlu sülaləsinin hakimiyyətə gəldiyi tarix hesab olunur.
Daha doğrusu, Qaraqoyunlu tayfa ittifaqının lideri Qara Yusif 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığında baş verən Şənbi-Qazan döyüşündə əsas rəqibi olan Sultan Əhməd Cəlairi məğlub edərək Təbrizi ələ keçirib və bununla da formalolaraq Qaraqoyunlu dövlətinin əsasını qoyub. Buna qədər isə Qaraqoyunlu tayfa ittifaqı formasında fəaliyyət göstərib.
Qeyd edək ki, bir çox Azərbaycan və Türkiyə tarixçiləri Qaraqoyunlu və Ağqoyunlu tayfalarının 11-13-cü əsrlərdə Türküstandan (Orta Asiya) Azərbaycan, İran və Anadolu ərazisinə köçdüyünü qeyd edir. Bəzi tədqiqatçılar isə bu tarixin daha qədimə, 8-ci əsrə qədər getdiyini isbat edir.
Qaraqoyunluların Barani/Baranlu sülaləsindən olduğunu qeyd edirlər. Bu adın mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Zəki Vəlidi Toğanın fikrincə, Təbərinin əsərində Barani türklərindən bəhs edilmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən - "Barani"lərdən Əli oğlu Şah Məlik adlı bir hökmdar haqqında məlumat vermişdir. Yeri gəlmişkən, hazırda Azərbaycan və İran ərazisində Baran adı ilə olan çoxlu sayda kənd və yer adları var.
Qeyd edək ki, orta əsr türk dövlətlərində olduğu kimi, Qaraqoyunlu dövləti də bir tayfa ittifaqı idi. Bu ittifaqda onlarla irili-xırdalı tayfa yer alırdı. Bu tayfalar böyüklüyü və hakimiyyətdə təmsil olunmasına görə, bir neçə halqaya bölünürdü. Qaraqoyunlu dövlətində ilk halqanı təşkil edən hakim tayfa Baranlu və ya Barani tayfası idi.
Qaraqoyunlu dövlətində ikinci halqada 2 tayfa vardı. Faruk Semere görə, bunlar Saadlu və Baharlı tayfaları idi.
3-cü halqa tayfaları Qaraqoyunluda Ağaçəri, Alpout, Cəgirli, Duharlu və Bayramlı tayfaları idi.
Qaraqoyunlu ittifaqında Qaramanlı, Ayinli, Hacılı, Dögər oymaqları və həmçinin Süleymani, Mahmudi kimi tayfalar 4-cü halqada yer alırdı. Faruk Sümer Qaraqoyunlu tayfa ittifaqında 12 oymağın yer aldığını, bununla yanaşı 3 kürd qrupunun da ittifaqa daxil edildiyini yazır.
Azərbaycan, Şərqi Anadolu, İran ərazilərində fəaliyyət göstərən Qaraqoyunlu tayfa ittifaqı Əmir Teymura qarşı müqavimət göstərib. 1388-ci ildə Qaraqoyunlu Qara Məhəmmədin başçılıq etdiyi qoşun Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olur. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi.
1405-ci ildə Əmir Teymurun ölümündən sonra yaranmış hakimiyyət boşluğunda Qaraqoyunlu lideri Qara Yusif yeni dövlətin qurulması üçün fəaliyyətə keçir. İlk olaraq 1406 və 1408-ci illərdə Teymuri Əbu Bəkri Naxçıvan və Təbriz yaxınlığında məğlub edən Qara Yusif 1410-cu ul avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Cəlairi dövlətinin başçısı Sultan Əhmədin ordusunu mğlub edərək özünü isə əsir alır. Əsir alınan Əhməd hakimiyyətdən əl çəkməyə məcbur edilir və bununla da Qaraqoyunlu dövləti rəsmiyyət qzanır.
Qaraqoyunlu dövlətinin yaranması təarixi rəsmi tarixçilikdə 1410-cu il göstərilsə də, bir sıratarixçilər Qara Yusifin 1408-ci ildə öz adına kəsilmiş pullara görə Qaraqoyunlu dövlətinin yaranması tarixini 1408-ci ildən hesablayır. Ancaq yuxarıda da qeyd olunduğu kimi, Qaraqoyunlu tayfa ittifaqı 1375-ci ildən fəaliyyət göstərməyə başlayıb.
Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqı daxil olmuşdur. 1453-1458-ci illərdə Cahanşahın (1436-1467) dövründə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində dövlətin şərq sərhədləri Xorasana kimi genişləndirilmişdir. 1458-ci ildə Herat tutulsa da, Teymuri Əbu Səidlə bağlanan müqaviləyə görə Qaraqoyunlular Heratı tərk etmişlər.
Qaraqoyunlu dövləti 60 il mövcud olmuş, 1468-ci ildə digər oğuz-türkmən tayfa ittifaqı olan Ağqoyunlu tayfa ittifaqının lideri Uzun Həsənin başçılıq etdiyi ordu tərəfindən süquta uğradılıb. Bununla da Qaraqoyunlu dövlətinə son qoyulub.
Qeyd edək ki, Qaraqoyunlu dövləti süqugt etdikdən sonra tayfa ittifaqına daxil olan bəzi tayfalar Ağqoyunlu dövlətinə daxil olub. Qaraqoyunlu adı ilə tayfalar isə Azərbaycan, İran və Türkiyənin müxtəli bölgələrinə yayılıb.
Məsələn, hazırda Türkiyənin İğdır vilayətinin 4 rayonundan biri və şəhər Qaraqoyunlu adlanır.
Lakin Qaraqoyunlu yaşayış məntəqələrinin ən çox yayıldığı ölkə Azərbaycandır. Xüsusən də hazırkı Ermənistan ərazisində, Göyçə mahalında Qaraqoyunlu dərəsi və ya Qaraqoyunlu mahalı adlı ərazi var.
Qaraqoyunlu dərəsində 13 kənd var.
Bunlar:
Ağkilsə
Alaçıqqaya
Bəriabad
Cıvıxlı
Çaykənd (Şəkildəki kənd)
Əmirxeyir
Gölkənd
Haqqıxlı
Qaraqaya
Mürteyil
Polad
Salah
Yanıqpəyə
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, hazırkı Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibində yerləşir.
Bundn başqa Azərbaycan Respublikası ərazisində çoxlu sayda Qaraqoyunlu adlı kəndlər mövcuddur. Bunların ən məşhurları Ağsu, Bərdə (Xan Qaraqoyunlu), Qubadlı, Goranboy (Tap Qaraqoyunlu), Şəki, Şəmkir, Tərtər (Azad Qaraqoyunlu) və daha bir neçə rayonda Qaraqoyunlu kəndləri var.
Kənan Rövşənoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.