Cəhalətə qarşı döyüşən maarifçi və hərbiçi - Əbülfət ağa Şaxtaxtinski
4-12-2023, 09:04
1878-ci ildə Peterburqda gənc bir azərbaycanlı tələbənin yaşadığı evdə axtarış aparılır, onun yazdığı gizli məktub ələ keçirilir. Bundan sonra o, oxuduğu universitetdən qovulur, üzərinə gizli polis nəzarəti qoyulur. Nəcəf bəy Vəzirova ünvanlanmış həmin məktubda gənc tələbənin bu sözləri də yer alırdı:
“Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübarizə aparmaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı təbəqəyə yönəltməliyik. Biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara gəlməliyik“.
Bu məktubun müəllifi olan gənc tələbə sonralar da həyatını həmvətənlərinin maariflənməsinə həsr etmiş məşhur hərbçi Əbülfət ağa Şahtaxtinskidir.
Tanınmış Şahtaxtinskilər nəslindən olan Əbülfət ağa 1858-ci ildə İrəvan quberniyasının Naxçıvan uyezdinin Şahtaxtı kəndində anadan olub. Bu kənd hazırda Kəngərli rayonu ərazisindədir.
O, ilkin təhsildən sonra Tiflis real məktəbi bitirir, 1877-ci ildə isə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olur. Amma bir il sonra gizli siyasi yığıncaq təşkil etdiyi üçün mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan azərbaycanlı tələbələrin yaratdığı gizli "İmdadiyyə" dərnəyin üzvüdür. Buna görə o, universitetdən xaric edilir. Həmin dərnək Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə yaradılmışdı. Əbülfət ağa ilk günlərdən dərnəyin yaradılmasında fəal iştirak edib.
Təhsilini davam etdirmək istəyən Əbülfət ağa Şahtaxtinski 1879-cu ildə Moskvadakı Lazarev Şərq dilləri institutuna daxil olur. Lakin, bü müəssisə özəl idi və Rusiya qanunlarına görə diplom vermək hüququna malik deyildi. Buna görə də Şahtaxtinski Almaniyaya gedərək, buradakı Heydelberq universitetində diplom işini müdafiə edir və bakalavr dərəcəsi alır.
O, Rusiyaya qayıtdıqdan sonra demokratik fikirlərinə və monarxiyaya qarşı çıxışlarına görə heç yerdə işə götürülmür. Bu səbəbdən hərbçi olmağa qərar verən Əbülfət ağa 1883-cü ildə Peterburqdakı Yunkerlər məktəbinə daxil olur və buranı fərqlənmə diplomu ilə bitirir. Bundan sonra o, Tenqin süvari alayında zabit olaraq xidmətə başlayır və qısa müddətdə dvizyon komandiri təyin olunur.
O, 1889-cu ildə kapitan rütbəsinə yüksəlir və o zaman Rusiyanın tərkibində olan Ərdəhandakı ehtiyat piyada alayında bölük komandiri vəzifəsinə təyin olunur. XIX əsr sonlarında o, Gürcüstanın Axalsix şəhərində yerləşən alayda tabor komandiri və podpolkovnik idi.
O, 1905-ci ildə Baxçasaray alayının tərkibində rus-yapon müharibəsində iştirak edir. Savaş bitdikdən sonra isə yenidən Gürcüstana göndərilir. Qoridə xidmət edir. Qısa müddət Kutaisinin komendantı vəzifəsini icra edir. 1910-cu ildə polkovnik rütbəsinə yüksəlir.
O, burada da xalqının maarifləndirilməsi üçün əlindən gələni edərək, azərbaycanlı gənclərin Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almasına yardımçı olur. Bu haqda mərhum yazıçı Əli Səbri Qasımov da öz xatirələrində qeyd edib.
Xidmət etdiyi dövr ərzində Əbülfət ağa Rusiyanın müxtəlif dərəcəli Müqəddəs Stanislav, Müqəddəs Anna, Müqəddəs Vladimir ordenlərinə və bir sıra medallarına, eləcə də İranın 2-ci, 3-cü və 4-cü dərəcəli "Şiri-Xurşid" ordeninə layiq görülüb.
Əbülfət ağa bir sıra şərq dilləri ilə yanaşı alman, fransız və ingilis dillərinə də mükəmməl yiyələnib. O, məşhur yazıçı Hötenin „Gənc Verterin iztirabları“ əsərini almancadan Azərbaycan dilinə tərcümə edib.
Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 6-da Kutaisidə ürək iflicindən qəflətən vəfat edib. Onun nəşi doğma Şahtaxtı kəndinə gətirilib və burada dəfn olunub.
Gündəlik Naxçıvan
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı