Tıxacda qalan baş katib – Brejnev məsuliyyətsizliyinə görə daxili işlər nazirini tənbeh edib.

21-12-2023, 17:24           
Tıxacda qalan baş katib –
Ən yeni tarix. Maraqlı faktlar.
Leonid Brejnev hələ gənclik illərindən ov etməyə böyük həvəs göstərib. Baş katib bu şakərindən SSRİ-nin birinci kürsüsünə əyləşdikdən sonra da əl çəkməyib. Özünün də dəfələrlə etiraf etdiyi kimi, o, ov etməkdən xüsusi zövq alıb. Amma ov mərasimləri hər dəfə zövqlə bitməyib...
Növbəti istirahət günlərinin birində Brejnev ova hazırlaşarkən baş katibin şəxsi dərzisi Aleksandr İqmand onun bağ evinə təşrif buyurub. Mühafizəçilər İqmandı yaxşı tanıyıblar. Dərzi adətən bazar günləri Brejnevin sifarişlərini bağ evinə aparıb. Dərzinin gəlişi haqqında Brejnevə məruzə ediblər. Baş katib çox hörmətlə yanaşdığı və əl işini bəyəndiyi İqmandı evə dəvət edib. Ayaqüstü söhbətdən sonra Brejnev iynədən təzə çıxmış kostyumları bir-bir geyinib, güzgünün qarşısında dayanıb və İqmanda öz təşəkkürünü bildirib:

- Sənin zövqünə və peşəkarlığına söz ola bilməz. Hamısı əladır. İndi isə mənimlə gedək.
İqmand Brejnevin təklifini, hara gedəcəklərini anlamayıb. O, sonralar “Mən Brejnevi geyindirmişəm” kitabında həmin günü aşağıdakı kimi xatırlayıb:
“Mən adətən Brejnevin sifarişlərini bağ evində qəbul edirdim. Çox nadir hallarda Kremlə gedirdim. Hazır kostyumları da özüm bağ evinə aparırdım. Baş katibdən və həyat yoldaşından həmişə mehriban münasibət görmüşəm. Hətta Brejnev məni bir neçə dəfə süfrəyə də dəvət edib. Amma açığını etiraf edim ki, bu münasibətdən heç vaxt istifadə etməmişəm, baş katibdən heç bir xahişim olmayıb. Yalnız bir dəfə Brejnev mənim mənzil məsələmə köməklik edib. Bir dəfə məndən harada yaşadığımı soruşmuşdu. Deyəndə şəhərdən çox uzaqda yaşayıram, göstəriş verdi ki, mənzil şəraitimi yaxşılaşdırsınlar. Yaşadığım ikiotaqlı evi təhvil verdim, şəhərin mərkəzinə yaxın ikiotaqlı mənzillə təmin olundum. Əlbəttə, daha geniş mənzil istəyirdim, amma mən bunu ondan xahiş edə bilmədim.
Brejnev istirahət günlərində ova çıxmağı ən böyük istirahət sayırdı. Belə günlərin birində mən onun kostyumlarını aparmışdım. Geyindi, baxdı, bəyəndi və təşəkkür etdi. Sonra dedi ki, onunla ova gedim. Elə düşünürdüm ki, baş katib ova gedəndə onu maşın karvanı müşayiət edir. Amma heç də düşündüyüm kimi deyildi. Həyətə çıxdıq, Brejnev “Mersedes”in sükanı arxasına keçdi, bu, onun şəxsi avtomobili idi, mənə qabaq oturacaqda yer göstərdi. Yola çıxdıq. “Mersedes”də biz ikimiz, bizdən qabaqda gedən “Qaz-24”də sürücü və iki mühafizəçi. Klin rayonuna doğru istiqamət aldıq. Bu rayon Brejnevin bağ evinə yaxın məsafədə idi. Təxminən beş-on dəqiqə getmişdik ki, mühafizəçilərin maşını dayandı. Mən pəncərədən başımı çıxarıb qabağa baxdım. Yolda böyük tıxac yaranmışdı.

Bildiyimə görə, bu yolda heç vaxt tıxac olmurdu. Bildirdilər ki, qarşıda böyük qəza olub və bunun nəticəsində tıxac yaranıb. Yaranmış vəziyyət Brejnevi qıcıqlandırmışdı. O, maşındakı telefonun bir-iki düyməsini basdı və dispetçerə göstəriş verdi ki, onu təcili Nikolay Şelokovla (SSRİ daxili işlər naziri) calaşdırsınlar. Dəqiqələr ərzində əlaqə yaradıldı.
Brejnev səsinin tonunu qaldırdı:
- Kolya, mən tıxacda qalmışam. Sən də yəqin ki, divanda əyləşib televizora baxırsan. Mənə başa sal görüm, bu, nə məsələdir? Baş katib yola çıxır və tıxacda qalır. Bu problemlə kim məşğul olmalıdır? 5-10 dəqiqəlik bu yolu təmizləmək olmazdı? Axı mənim mühafizə rəisim bu haqda sizin əməkdaşları məlumatlandırıb.
Şelokovun cavabını eşidə bilmədim. Amma dəqiqələr ərzində dövlət avtomobil müfəttişliyinin çoxsaylı əməkdaşları yollarda göründülər. Gərginlik daha bir neçə dəqiqə davam etdi. Brejnev maşını işə salıb çox böyük peşəkarlıqla bir az arxaya verdi, sonra maşını yol kənarındakı meşəliyə salıb geriyə, əks istiqamətdəki yola sürdü. Baş katib sürəti artırmışdı, o, bağ evinə qayıdırdı.
Bağ evinin həyətinə girəndə mən bildirdim ki, gedirəm. Brejnev qəti etirazını bildirdi:
- Yox, sən tələsmə. Bu gün ov qənimətimiz olmadı. Ona görə də biz bu gün Vityanın (Brejnev həyat yoldaşı Viktoriyanı çox vaxt məhz belə adlandırırdı) qənimətlərindən istifadə edəcəyik.
Artıq bir neçə dəqiqədən sonra böyük zalda süfrə açılmışdı. Brejnevlə bir-iki qədəh “Zubrovka” arağı da vurmuşduq. Elə bu məqamda baş katibə bildirdilər ki, Şelokov onunla danışmaq istəyir. Brejnev zalın baş tərəfindəki jurnal stolunun üstündəki telefonun dəstəyini qaldırdı, amma Şelokova danışmağa imkan vermədi:

- Kolya, sənin əməkdaşların vəzifə borclarını yerinə yetirə bilməyəndə onları sən cəzalandırırsan. Bəs sən özün vəzifəni yerinə yetirməyəndə səni kim cəzalandırmalıdır? Yəqin ki, bu vəzifə mənim üzərimə düşür və mən səndən fərqli olaraq vəzifəmi yerinə yetirməyi bacarıram.
Baş katib bu sözləri deyib dəstəyi qoydu...”
Nikolay Şelokovun şəxsi işinə daxili işlər naziri vəzifəsində işlədiyi illər ərzində bir dəfə də olsun töhmət yazılmayıb. Sözsüz ki, tıxac məsələsində də Brejnevin tənbehi şifahi şəkildə olub. Başqa cür də ola bilməzdi. Çünki Şelokov Brejnevin ən yaxın adamlarından biri sayılıb. Daxili işlər naziri yeganə şəxslərdən biri olub ki, o, Brejnevin bağ evinə əvvəlcədən xəbərdarlıq etməmiş və icazəsiz istədiyi vaxt gəlmək hüququna malik olub. Bu haqqı isə ona Brejnevin özü verib.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.