İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu - SON

14-04-2024, 08:04           
İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu - SON
Benua Filu

Azərbaycan Respublikasının öz kimliyini inşa etməsi əsasən hakim Yeni Azərbaycan Partiyası proqramına akademik dəstək verməkdə günahlandırılan tarixçi Ziya Bünyadovun əsərlərinin timsalında rəsmi tarixşünaslığa əsaslanır.[71] Bünyadov Azərbaycan kimliyini Qafqaza fokuslanaraq sorğulayır və Qafqaz Albaniyasını (Qafqazda izləri eramızdan əvvəl IV əsrdən eramızın IX əsrinə qədər uzanan bütpərəst, daha sonra xristian sivilizasiyasını) Azərbaycanın sələfi kimi qəbul edir. Bu tarixşünaslıq aləti həm milli kimliyi yerli məkanda bağlamağa – və beləliklə Ermənistanın Qafqaza aid tarixi iddialarına meydan oxumağa – həm də özünü AXC-nin daha radikal və qlobal fikirlərindən fərqləndirməyə imkan verir.

Əliyevin prezidentliyi dövründə Cənubi Azərbaycan məsələsi əsasən müxalifət olduğunu iddia edən partiyalar tərəfindən dilə gətirildi. Bunlara misal kimi Qüdrət Həsənquliyevin Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin Milli Dirçəliş Hərəkatı Partiyası və Fazil Mustafanın Böyük Quruluş Partiyasını göstərmək olar. Bu üç partiyanın hər biri liderləri kimi, özlərinin əsas ilham mənbəyi hesab etdikləri Elçibəyin mübarizəsinin bir hissəsidir. Bundan əlavə, müəyyən mətbuat qurumları İran Azərbaycanı ilə bağlı problemlərlə məşğul olurlar, lakin bunlar xarici – müəyyən yaxınlığın olduğu əcnəbilər barədə xəbərlər kimi qəbul edilir. Axar adlı xəbər saytı bu baxımdan maraqlıdır.[72] Belə ki, onun veb səhifəsində latın qrafikası ilə yanaşı ərəb-fars qrafikasında yazılmış Azərbaycan dili bölməsi də var. Sonuncuda verilən xəbərlər ilə birincidə verilənlər bir-birindən olduqca fərqlidir, çünki ərəb-fars qrafikasında verilən xəbərlər əsasən İran Azərbaycanı haqqında olur, latın qrafikalı xəbərdə isə İran Azərbaycanından demək olar heç vaxt bəhs edilmir və mövzular əsasən Azərbaycan Respublikası barədə olur.

1990-cı illərdə İran Azərbaycanından çoxlu aktivistlər, ələlxüsus da CAMAH-dan Piruz Dilənçi Bakıda yaşayırdı, amma artıq vəziyyət heç də belə deyil. Onlar Şimali Amerika və ya Türkiyəyə mühacirət etməyə üstünlük verirlər. Bir GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalı telefonla mənə bildirdi ki, Türkiyə hökumətinin bu məsələlərlə çox da maraqlanmamasına baxmayaraq, Azərbaycan və ya türk həmrəyliyi ilə bağlı çevrə Bakı ilə müqayisədə İstanbulda və Ankarada daha canlıdır. 1991-ci ildən bəri CAMAH-a rəhbərlik edən Piruz Dilənçi hazırda Kanadada yaşayır. Bakıda on ildən artıq yaşadıqdan sonra görünür ölkəni tərk etməyə təşviq edilib: 2000-ci ildə parlament seçkilərində iştirak edə bilmək üçün üç mindən artıq imza topladıqda, onun namizədliyinin qeydə alınması heç bir əsas gətirilmədən Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edildi. Daha da pisi odur ki, 2001-ci ildə Dilənçiyə qarşı sui-qəsd cəhdi törədildi (bunun İrana loyal olan qüvvələr tərəfindən edildiyi güman edilsə də, heç bir dəlil tapılmadı). Oxşar şəkildə, Mahmudəli Çöhrəqanlının 1999-cu il İran parlament seçkilərində qalib gəldiyi güman edilir, lakin onun qalibiyyəti qəbul edilmədi və bir müddət həbsdə qaldıqdan sonra o, 2002-ci ildə İranı tərk edərək Bakıya gəldi. Lakin Bakıda da çox qalmadı və hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır. Görünür, Azərbaycan hökuməti Cənubdakı aktivist hərəkatlardan daha çox utanır. Çünki görünən budur ki, Azərbaycan tərəfi təkcə qonşusu İranı provokasiyaya çəkə, hətta oradakı daxili stabilliyi təhdid edə bilir (ümumiyyətlə, qeyri-rəsmi siyasi əlaqələr Azərbaycan hökuməti tərəfindən təşviq edilmir). Bu, 2007-ci ildə İlham Əliyevin prezidentliyi dövründə də belə idi. Həmin vaxtı Bakıda siyasi sığınacaq tələb edən GAMOH fəalı Seyid Cavad Musəvi bir neçə insan haqları təşkilatlarının etirazına baxmayaraq İrana geri göndərildi.

İlham Əliyev əslində atasının yolunu davam etdirir. O, İran təxribatları ilə başa çıxa biləcəyini göstərdi, həmçinin Amerikanın (ölkənin Heydər Əliyev dövründəki əsas müttəfiqi) regiondakı nüfuzunun[73] qismən itməsi kontekstində və Türkiyənin artıq qeyd-şərtsiz böyük qardaş olmadığı bir dövrdə qonşu ölkələrlə əlaqələri artırmağa çalışdı.[74] Beləliklə, İlham Əliyev istər təhlükəsizlik (2005-ci ildə imzalanmış hərbi əməkdaşlıq sazişi), istərsə də enerji sahəsində (İlham Əliyev və prezident Əhmədinejad 2005-ci ildə Naxçıvanı İran qazı ilə təmin edən qaz boru kəmərinin açılışını etdilər və 2010-cu ildə enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar) Azərbaycan-İran əməkdaşlığını genişləndirməyi öz üzərinə götürdü. Onu da qeyd edim ki, hər iki dövlət son on ildə vizaların alınmasını sadələşdirərək gediş-gəlişin artmasına töhfə veriblər – hətta İran Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. 2007-ci ildə mətbuat tərəfdaşlığı müqaviləsilə hər bir ölkə qonşu ölkədəki rejimə düşmən məzmunu yayımlamamağı öhdəsinə götürdü.[75] İlham Əliyev və Həsən Ruhani hökumətləri arasındakı münasibətlər nisbətən yaxşıdır və gələcək əməkdaşlıq baxımından səmərəli ola bilər, lakin ABŞ-da Trampın hakimiyyətə gəlməsi və 2015-ci ildə nüvə enerjisi razılaşmasını rədd etməsi Azərbaycan-İran münasibətlərini də qismən soyutdu, çünki İrana qoyulan yeni sanksiyalara görə Azərbaycanın İranla neft və qaz ticarətini dayandırmasına səbəb oldu.[76]

Buna görə də Cənubi Azərbaycan məsələsi Əliyev hökuməti üçün həqiqətən elə də vacib deyil, çünki hökumət həm İranla münasibətində, həm də öz ərazisində stabillik istəyir. Son otuz ildə qonşuları Türkiyə və İran Azərbaycanından fərqli olan müstəqil bir Qafqaz dövləti qurulub. Dil və din siyasətində görülə bilən bu ehtiyatlılıq və barışığa meyilli münasibəti, şübhəsiz ki, Azərbaycanın bu günkü stabil və müstəqil ölkə olmasına öz töhfəsini verdi.[77]

Nəticə

Cənubi Azərbaycan məsələsi iyirminci əsrdə milli kimliyin qurulmasında əsas məsələlərdən biri idi. Əgər sovetə qədər iki Azərbaycan arasındakı fərq sorğu-sual və kimlikdəki qeyri-müəyyənliklərinin mənbəyi idisə, SSRİ-nin gəlişindən sonra bu məsələ həm Moskva, həm də Bakıdakı sovet hakimiyyəti orqanları tərəfindən, xüsusən də İkinci Dünya müharibəsi dövründə insanları səfərbər etmək üçün bir resurs olaraq istifadə edildi. Amma müharibədən sonrakı dövrdə məsələ yeni bir əhəmiyyət qazandı. Bəzən mənfi ideoloji mühitə baxmayaraq, bölünmənin səbəbi tədricən Azərbaycan SSR-in mədəni hasilatında əsas mövzu oldu. Bu dövrdə bəzi sənətkarlar və müəlliflər üçün Cənub bir müqavimət və azadlıq idealının, həmçinin qoparıldıqlarını hiss etdikləri milli mədəniyyətlə əlaqənin təcəssümü idi. Cənubi Azərbaycan mövzusunun SSR-nin əhalisi və xüsusən də ziyalılar üçün bir funksiyası var idi: həm rus və sovet gücləri tərəfindən müsadirə edilmiş keçmişi, həm də (azadlıq və birlik paradiqmalarında möhkəmlənən) teleoloji bir perspektivi təmsil edirdi. Biz özgəni mahiyyətcə xatirələr vasitəsi ilə tanıyır və onun əsasında istədiyimiz gələcək barədə düşünə bilirik. Bu isə özün, öz kimliyimizin quruculuğuna töhfə verir.

Beləliklə, Cənubi Azərbaycan məsələsi milli kimliyin quruculuğunda ciddi rol oynayıb, lakin Ilham Əliyev hökumətinin məsələyə qarşı etinasızlığından (bu etinasızlığın əsasən strateji qərar olmasına baxmayaraq) belə görünür ki, onun üçün bu məsələ tarixən zəruri olsa da, indi artıq köhnəlib. Görünür, Əliyevlərin hökumətləri üçün problem daha çox utanc mənbəyi kimi qəbul edilir və söhbət bu məsələdən tamamilə imtina etmədən onu xalçanın altında gizlədə bilməkdən gedir. Milli tarixşünaslıqda bu məsələyə mərkəzi yer verilmir və İran Azərbaycanı qismən yaxın olsa da, nəticədə özgə kimi təqdim edilir, çünki öz dedikdə Qafqaz ilə məhdudlaşır və bu ərazi məhdudiyyəti nəticəsində Azərbaycan Respublikasındakı qeyri-türk azlıqların (məsələn, tatlar, talışlar, ləzgilər) özlərini millətin bir parçası kimi hiss etməklərinə şərait yaradılır. Yerli kimlik quruculuğunu xülasə etsək üç dairə təsəvvür etmək olar: birinci dairə lazimi qaydada milli kimliyi, ikinci dairə daha qlobal azərbaycanlı kimliyini, üçüncü dairə isə türk və ya hətta müsəlman kimliyini simvolizə edir. Azərbaycan Respublikası və İran Azərbaycanı iki fərqli dövlətin tərkibində olsa da, necəsə eyni milləti təşkil edirlər, buna görə də onlar iki fərqli kimliklərdir. Bu fərqliliyi təxmini də olsa Heydər Əliyevin Türkiyə parlamentində dilə gətirdiyi məşhur “bir millət, iki dövlət” cümləsi ilə başa düşmək olar: Azərbaycan Respublikası və İran Azərbaycanındakı iki kimlik bir-biri ilə emosional olaraq həqiqətən həmrəy olsalar da, onlar fərqli institusional reallıqda qərarlaşıblar.

Düzdür, əksər azərbaycanlılarla cənubdakı qardaşları barədə danışanda onlar emosional olurlar, amma bir yerli müsahibimizin də bizə dediyi kimi, görünür, bu məsələ indi “dəbdən düşüb.” Birlik məsələsi insanların şüurundan silinməyib, amma ümumiyyətlə, bu arzu mötədil şəkildə, heç vaxt reallaşmayacağı qəbul edilən bir məsələ kimi dilə gətirilir. İran və Qafqazdakı azərbaycanlı icmalarının olduqca fərqli institusional və sosial-iqtisadi reallıqları, təcrübələri var; və Arazın hər iki tayına gediş-gəliş asanlaşdığı bir zamanda bu iki icmanın istəkləri, şübhəsiz ki, eyni deyil. Şimala dəfələrlə səyahət etmiş təbrizli Mustafa Xəlilinin dediyi kimi, hər iki icma son onilliklərdə fərqli kimliklər inşa ediblər, buna görə də ikisi arasında kimlik baxımından eynilik qurmaq mümkün deyil və bunu həm Şimal, həm də Cənubda əksər azərbaycanlılar başa düşürlər.[78] Onu da qeyd etmək lazımdır ki, iki icma arasındakı üzbəüz münasibət üçüncü tərəfin – Türkiyənin meydana çıxması ilə zədələnib. Türkiyə həm Cənub, həm də Şimaldakı bir çox azərbaycanlını özünə cəlb edir. Bu yumşaq gücündən (məktəblər, təhsil müəssisələri, teleseriallar, musiqi vasitəsilə) istifadə edərək Türkiyə özünü regionda cəlbedici gücə çevirə bilib. Öz təsirinə görə Türkiyə bir çox azərbaycanlı üçün uğur modelidir, çünki o, xarici ölkələrdən (Rusiya, İran və ya Qərb) asılı deyil. Beləliklə, tamamilə gündəlikdən silinməsə də Cənubi Azərbaycan məsələsi bu gün aktual deyil: bu məsələ həmişə səfərbəredici resurs kimi istifadə edilə bilər – hətta indiki kontekstdə onun bu məqsədlə istifadəsi ehtimalı olduqca aşağı görünsə də.

İstinadlar:

[1] Yaqub Mikayıl oğlu Mahmudlu, Hafiz Əkbər oğlu Cabbarov və Leyla Əhliman qızı Hüseynova. Ümumtəhsil məktəblərinin 5-ci sinif üçün Azərbaycan tarixi fənni üzrə, 2016.

[2] Sonra müzakirə edəcəyim kimi, dövrün millətçi elitası Türkçülük (Azərbaycan dili və mədəniyyətinin türk xarakterini vurğulayan versiya) və Azərbaycançılıq (milli kimliyin daha yerli əsaslara dayanan, həmçinin Azərbaycanın qeyri-türk azlıqların da vətəni olduğunu bilən daxiledici [inkluziv] versiyası) arasında ikiyə bölünürdü. Bax: Cornell, Karaveli, Ajeganov, Azerbaijan’s formula: secular governance and civic nationhood, Silk Road Paper, November 2016, 43-46.

[3] Tarix dərsliklərində İrəvan bölgəsinə “Qərbi Azərbaycan” deyilir; hazırkı prezident İlham Əliyev dəfələrlə keçmiş Qarabağ və İrəvan xanlıqlarının ərazilərinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. Məsələn, bax: https://en.president.az/articles/26998

[4] Hər ikisi 2006-cı ildə istismara verilmiş BTC neft kəməri və BTƏ qaz kəməri Xəzər dənizindən Aralıq dənizinə təbii qaynaqları daşıyır.

[5] Dəqiq desək, bu region üç vilayətdən ibarətdir – Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil. Bəzən isə Zəncan və Qəzvin vilayətləri də bu regiona daxil edilir.

[6] Bu ifadənin xüsusi mənasını bilməklə istifadə edirəm. Cənubi Azərbaycan termini ilk dəfə sovet dövründə istifadə olunub; bu, açıq şəkildə birləşdirilməli olan ikiyə bölünmüş ərazi fikrinə istinad edir. Oxşar şəkildə, müstəqillik qazandıqdan sonra Qərbi Azərbaycan termini indiki Ermənistan ərazilərinə istinad edilmək üçün yaradıldı.

[7] İlk dəfə “Azərbaycan türkləri” və “Azərbaycan milləti”ndən 1891-ci ildə Kəşkül jurnalı bəhs etdi.

[8] Arazın cənubundakı bölgələr üçün “Azərbaycan” sözünün istifadəsi ilk İslam Xilafəti dövründən etibarən təsdiqlənib və İbn Havqəl və Əl-Müqəddəsi kimi müsəlman coğrafiyaşünaslar tərəfindən istifadə edilib; əlavə olaraq, onlar aydın şəkildə Aranı Azərbaycandan fərqləndirirdilər. Bax: http://www.iranicaonline.org/articles/azerbaijan-iv

[9] Lakin Azəri adı İran Azərbaycanından olan bölgəçi və ya pantürkist fəallar tərəfindən rədd edilir. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) bir üzvü ilə müsahibələrimdə görürdüm ki, XX əsr “şovinistləri” və ya “fars faşistləri” tərəfindən bölgə sakinlərinin həqiqi, türk kimliyini inkar etmək məqsədilə yaradıldığı iddia edilən bu terminin istifadəsi olduqca pis qarşılanır. Müsahibimin sözlərinə görə, İran azərbaycanlılarına xitabən təkcə “türklər” deyilməlidir, “azərilər” yox. Doğrudan da, bu termin fars millətçiliyinin əsas simalarından olan İran azərbaycanlısı Əhməd Kəsrəvinin əsərindən sonra bu mənanı aldı. 1925-ci ildə Kəsrəvi Azəri və ya Azərbaycanın Qədim Dili əsərini nəşr etdirdi, burada göstərməyə çalışırdı ki, Azəri əslində İran dilidir və X əsrdən etibarən baş verən müxtəlif türk köçəri dalğaları ilə “türkləşib.” Bu mübahisəli əsər Azərbaycan xalqının türk deyil, İran xarakterini təsdiqləmək arzusunun bir hissəsidir.

[10] Azərbaycandakı islamçı hərəkatın tarixi üçün bax: Bayram Balci, “Islamic Renewal in Azerbaijan between Internal Dynamics and External Influences,” CERI Studies No. 138 – October 2007. Həmçinin bax: Altay Göyüşov və Kənan Rövşənoğlu, “Post-Sovet Azərbaycanında şiəliyin müxtəsər tarixi,” Bakı Araşdırmalar İnstitutu, 2020.

[11] Məsələn, Mirzə Fətəli Axundov (1812-1878) özünü “demək olar iranlı” kimi təqdim edirdi, yaxud da pantürkist olmazdan əvvəl Əhməd bəy Ağaoğlu özünü iranlı ziyalı kimi qələmə verirdi. Bax: Swietochowski, Russian Azerbaijan, 1905-1920, Cambridge University Press, 1985, 24; Ali Kalirad, “From Iranism to Pan-Turkism: a less known page of Ahmet Ağaoğlu’s Biography” in Iran and the Caucasus, 22(01):80-95, March 2018.

[12] Benedikt Andersonla xatırlayaq ki, milli ideyanın inkişafı müəyyən edilmiş standartlara uyğun yazılan ədəbi dilin inkişafı ilə ayrılmazdır. Bax: Benedict Anderson, Imagined Communities, Verso, London, 1983, 37-46.

[13] Tadeusz Swietochowski, Russian Azerbaijan, 32.

[14] See Tadeusz Swietochowski, Russian Azerbaijan 1985, 60-61.

[15] Bax: A. Kalirad, op.cit., 81

[16] Svyataçovski iddia edir ki, 1891-1904-cü illər arasında Təbrizdəki Rusiya konsulluğu tərəfindən 312,000 viza verilib və bu rəqəmə sənədsiz miqrantlar daxil deyil. Russia and Azerbaijan: A Borderland in Transition, Columbia University Press, New York, 1995, 21.

[17] Swietochowski, Russian Azerbaijan, 67

[18] Tadeusz Swietochowski, Russian Azerbaijan, 32.

[19] Kaveh Bayat, Azerbaijan dar mowj khize tarikh: negahi be mabahese mellion Iran va jarayede Baku dar taghire name Aran be Azerbaijan 1296–1298, Shiraze, Tehran, 1990.

[20] Paris Sülh Konfransı çərçivəsində.

[21] Bu, İranın millətçi elitaları tərəfindən bu günə qədər geniş yayılmış bir fikirdir.

[22] Olivier Roy, La nouvelle Asie-centrale ou la fabrication des nations, Seuil, Paris, 1997.

[23] İran müttəfiqlərin SSRİ-yə silah və hərbi texnika tədarük etmək üçün istifadə edə biləcəyi strateji dəhliz olaraq görülürdü. Rza Şah rejiminin faşist Almaniyası ilə əlaqələri və ona heyranlığı, eləcə də alman mütəxəssislərinin İranda olması şahın hakimiyyəti oğluna təhvil verməyə məcbur edilməsinə haqq qazandırdı. İranın müttəfiqlər tərəfindən işğalı leqallaşdırıldı və müharibə bitdikdən altı ay sonra başa çatmalı idi.

[24] Victor Schnirelmann, The Value of the Past: Myths, Identity and Politics in Transcaucasia, National Museum of Ethnology, Osaka, Japan, 2001.

[25] Vilson Mərkəzinin onlayn arxivində mövcuddur: https://digitalarchive.wilsoncenter.org/collection/199/iran-soviet-relations

[26] Sonralar o, Vətən Yolunda qəzetini kimliyi Rza Şah rejimi tərəfindən əzilən cənubi azərbaycanlılar üçün “qaranlıqda parlayan işıq” adlandırır; David Nissman, The Soviet Union and Iranian Azerbaijan. Use of Nationalism for Political Penetration, Boulder, Westview Press, 1987, 32.

[27] Sakina Berengian, Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan, Berlin, Klaus Schwarz Verlag, 1988, 149.

[28] https://digitalarchive.wilsoncenter.org/document/112018

[29] 21 noyabr 1945-ci ildə ADF-in proqramında qeyd edildiyi kimi.

[30] Məclisin Iran mərkəzi hökumətinə göndərdiyi məktubda “Atlantik müqaviləsinə uyğun” olaraq öz müqəddəratını təyinetmə prinsipindən bəhs olunur. Bax: Jamil Hasanli, At the Dawn of the Cold War: The Soviet-American Crisis Over Iranian Azerbaijan, 1941-1946, Harvard, 2006, 97; Gilles Riaux, Ethnicité et nationalisme en Iran, La cause azerbaïdjanaise, Karthala, Paris, 2012, 89.

[31] G. Riaux, “Les modalités de l’engagement dans le nationalisme azerbaïdjanais en Iran : de la tutelle soviétique à l’autonomisation progressive », Cahiers d’Asie centrale, 19-20/2011, 246. Qeyd etmək lazımdır ki, dil məsələsi İran azərbaycanlılarının GAMOH kimi hərəkatlarının mərkəzi tələbi olaraq qalmaqdadır. Həmin hərəkatlar həmçinin iqtisadi məsələlərdə də tələblər irəli sürür və insan haqlarını müdafiə edirlər.

[32] Eric Hobsbawm, Nations and Nationalism since 1780: Programme, Myth, Reality, Cambridge University Press, Cambridge, 1991, 10.

[33] Yenə orada, 10-11.

[34] Michael Billig, Banal Nationalism, SAGE Publications, London, 1995, 6.

[35] Burada 1995-ci ildə Maykl Billinq tərəfindən başladılan yolu izləyən gündəlik və ya banal millətçilik nəzəriyyəçilərinə istinad edirəm. Bax: M. Skey, National Belonging and Everyday Life, Palgrave, London, 2011; see also: Jon E. Fox, Cynthia Miller-Idriss, Everyday Nationhood. Ethnicities, SAGE Publications, London, 2008.

[36] Gündəlik millətçilik həm “banal və maraqsız proseslərdə,” həm də isti konfliktlərdə müşahidə edilə bilər. Müzakirə etdiyimiz hadisədə olduğu kimi, ikinci birinciyə təsir edə bilər. Bax: R. Jones, P. Merriman, “Hot, banal and everyday nationalism: bilingual road signs in Wales”, Political Geography. 2009; 28(3), 166.

[37] A. Bennigsen, S. E. Winbush, Muslims of the Soviet Empire, Indiana University Press, 1986.

[38] David Nissman, The Soviet Union and Iranian Azerbaijan, 197-207.

[39] Azərbaycan Yazıçılar İttifaqı Ədəbiyyat və İncəsənət jurnalında Cənubi Azərbaycanla bağlı məqalələr dərc etdi; buna bənzər şəkildə Nizami İnstitutu Cənub ədəbiyyatı ilə maraqlanır və Səməd Behrəgi kimi İran azərbaycanlılarının şeirlərini kiril əlifbasına çevirirdi. Nəhayət, 1955-ci ildə proqramına Cənubi Azərbaycanda milli azadlıq hərəkatlarının öyrənilməsini də daxil edən Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutinun nəzdində İranşünaslıq şöbəsi (indiki İran tarixi və iqtisadiyyatı şöbəsi) yaradıldı.

[40]http://www.azeri.org/Azeri/az_latin/latin_articles/latin_text/latin_24/eng_24/24_salimi.html

[41] Quoted in Gilles Riaux, Les modalités de l’engagement dans le nationalisme azerbaïdjanais en Iran.

[42] Bax: Olivier Roy, La Nouvelle Asie centrale ou la fabrication des nations, Seuil, Paris, 1997.

[43] Bu meyillər milli mədəniyyətin bu və ya digər xüsusiyyətlərinə maraqları ilə fərqlənirdi: azərbaycançılıq, türklük, yaxud islamçılıq (bəzi üzvlər sonradan Cəbhəni tərk edib az-çox islam aktivizmi ilə məşğul olan kiçik qruplara qoşuldular).

[44] Brenda Shaffer, Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity, MIT Press, 2002, 136.

[45] Bax: Shaffer, Borders and Brethren, 132-133.

[46] Brenda Shaffer, Borders and Brethren, 137.

[47] https://en.azvision.az/news/118600/-how-nakhchivan-seceded-from-the-ussr-january-19,-1990-the-beginning-of-the-end-.html

[48] Altay Göyüşov, Naomi Caffee and Robert Denis Sovetin dağıldığı dövrdə bəzi şərqşünasların İslama yaxınlaşması ilə maraqlanır, Əbülfəz Elçibəyin karyerasında millətçi hərəkatı da nəzərə alırlar. Bax: “The transformation of Azerbaijani Orientalists into Islamic thinkers after 1991”; in Michael Kemper and Stephan Conermann, The Heritage of Soviet Oriental Studies, Routledge, New York, 2011, 306-318; Georgi Derluguian, “Azeri orientalists as mirror of the postsoviet revolution” 2007. https://cyberleninka.ru/article/n/azeri-orientalists-as-mirror-of-the-postsoviet-revolution/viewer.

[49] Fərman Kərimzadənin Xudafərin Körpüsü, yaxud Əlisa Nicatın Qızılbaşlar əsəri.

[50] Brenda Shaffer, Borders and Brethren, 109.

[51] Sara Crombach, Ziia Buniiatov and the Invention of an Azerbaijani Past, 2019-cu il 18 oktyabr tarixində Amsterdam Universitetində müdafiə edilmiş dissertasiya, elmi rəhbər M. Kemper, 150.

[52] Elçibəy, Sabir Rüstəmxanlı və Pənah Hüseynovun daxil olduğu qrup.

[53] Svante E. Cornell, Azerbaijan since independence, 311.

[54] GAMOH üzvü müsahibə zamanı dedi ki, Elçibəy GAMOH üçün cəsarət və dürüstlük nümunəsi idi.

[55] Cameron S. Brown, “Wanting to Have Their Cake and Their Neighbor’s Too: Azerbaijani Attitudes Toward Karabakh and Iranian Azerbaijan,” Middle East Journal, Vol. 58, No. 4 (Autumn 2004), 588. Sitatın orijinalını tapa bilmədiyimizdən, Elçibəyin sözlərini yuxarıdakı məqalədən tərcümə etdik. Sitatın ingilis dilindəki versiyası belədir: “The problem of a divided Azerbaijan exists, and it is our historic task to resolve this problem” (tərc.).

[56] Svante E. Cornell, Small Nations and Great Powers, Study of Ethnopolitical Conflict in the Caucasus, Routledge, 2000, 314.

[57]Hamid Ahmadi, “The clash of nationalisms, Iranian response to Baku’s irredentism”, in Mehran Kamrava, The Great Game in Eastern Asia, Oxford University Press, 2001, 111. 2020-ci ilin aprelində Nəsib Nəsibli ilə etdiyim telefon danışığında Tehranda səfir olarkən İran azərbaycanlıları olan tələbələrlə görüşdüyünü təsdiqlədi.

[58] Yenə orada, 111.

[59] SSRİ-nin süqutundan əvvəl Xəzər Sovet və İran tərəfindən bərabər bölünən bir göl sayılırdı. Müstəqillik qazandıqdan sonra Azərbaycan da daxil olmaqla bəzi ölkələr statusun dəyişdirilməsini tələb etdilər (2003-cü ildə bu dəyişiklik əldə edildi): Xəzər dəniz kimi qəbul edilməli və onun ərazi suları sahil xəttinin xətti milinə mütənasib bölünməlidir; bu qərar İrana sərf etmir, çünki bu status əsasında İran xüsusən Azərbaycanla mübahisələndirdiyi Şahdəniz yatağının istismarından imtina etməli olur (buna baxmayaraq layihənin 10% -ni əldə etməyi bacardı).

[60] Hamid Ahmadi: The clash of nationalism, 111. Əhmədiyə görə, Azərbaycan hakimiyyəti İrandakı azərbaycanlı tələbə birliklərinə dəstək verirdi və İran Azərbaycanından olan millətçi fəalların görüşlərini keçirirdi; bu iddia 2020-ci ilin yazında müsahibim olan bir GAMOH üzvü tərəfindən təsdiq edildi.

[61] Cf. Svante Cornell, Small Nations and Great Powers, 326-332.

[62] Bax: https://un.mfa.gov.az/files/file/N1542382.pdf, 4: “Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsi 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə başladı. Bölünmüş Azərbaycan xalqının milli faciəsi torpaqlarının işğalı ilə davam etdi. Bu siyasətin həyata keçirilməsi nəticəsində ermənilərin Azərbaycan torpaqlarına çox sürətlə kütləvi köçürülməsi baş verdi. Soyqırım siyasəti Azərbaycan torpaqlarının işğalının ayrılmaz hissəsinə çevrildi.”

[63] Bu məsələ ilə bağlı bax: Bayram Balci, “Politique identitaire et construction diasporique en Azerbaïdjan postsoviétique” 2011. https://journals.openedition.org/asiecentrale/1451?lang=en#ftn4.

[64] 2001-ci il Konqresin sənədlərində Azərbaycan kimliyinə dair müxtəlif mətnlər olsa da iki Azərbaycanın birliyi məsələsi yalnız nadir hallarda vurğulanır (həmin vurğular isə İran əsilli yazıçı Qulamrza Təbrizi tərəfindən poetik formada edilir) və Cənubi / Güney Azərbaycan termini 800 səhifədən qalın olan sənəddə cəmi 25 dəfə istifadə edilir. Bax: http://files.preslib.az/site/diaspora/gl1.pdf

[65] Hamid Ahmadi, The clash of nationalisms.

[66] http://diaspor.gov.az/tarix/

[67] Cf Gilles Riaux, “La diaspora, un instrument de la politique étrangère de la République d’Azerbaïdjan,” https://www.cairn.info/revue-internationale-et-strategique-2013-4-page-28.htm#

[68] Dil siyasəti üçün bax: Kyle L. Marquardt, “Framing language policy in post-Soviet Azerbaijan: political symbolism and interethnic harmony”, Central Asian Survey, 30:2, 2011, 181-196.

[69] Müstəqil Azərbaycan dəfələrlə Heydər Əliyev tərəfindən “bütün dünya azərbaycanlılarının vətəni” kimi təqdim edilsə də Əliyev “dünya azərbaycanlılarının” kimliyini dəqiq müəyyənləşdirməyə cəhd etməyib.

[70]https://apa.az/az/edebiyyat/xeber_____guney_ve_quzey_azerbaycan__ensiklopedi_-345786

[71] Cf. Sara Crombach, Ziia Buniiatov and the Invention of an Azerbaijani Past, 169.

[72] Bax : https://ca.axar.az/

[73] Cf. Svante Cornell, Small Nations and Great Powers, 104-126.

[74] Xüsusilə prezident Abdullah Gülün 2008-ci ildə İrəvana səfərindən sonra; bu səfər ən sadiq müttəfiqi Türkiyənin onlara xəyanət etdiyini düşünən azərbaycanlılar üçün əsl travma idi.

[75] Brenda Shaffer, Borders and Brethren, 199.

[76] http://www.turan.az/ext/news/2018/11/free/politics%20news/en/76358.htm

[77] Kyle L. Marquardt, Framing language policy in post-Soviet Azerbaijan; Altay Göyüşov və Kənan Rövşənoğlu, Post-Sovet Azərbaycanında şiəliyin müxtəsər tarixi.

[78] Bax: M. Khalili, “A comparative study of ethnic identity among Azerbaijani speakers in the Islamic Republic of Iran and the Republic of Azerbaijan.”http://www.apu.ac.jp/rcaps/uploads/fckeditor/publications/journal/RJAPS34_14_Khalili.pdf.
ardı var
bakuresearchinstitute.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.