LƏQƏBLƏRİ İLƏ TANINAN BU İNSANLARIN ƏSL ADLARI NƏDİR? - İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR – 7
Bu gün, 08:04

Bir insanı ilk növbədə tanıdan onun adı-soyadıdır. Hansı dövrdə yaşamasından asılı olmayaraq, insanın sonradan verilmə künyəsi yaxud ləqəbi onun əsl adını silib ləğv etməyə səbəb ola bilməz. Hətta XX əsrdə dünya inqilablarla silkələndiyi dövrdə bəşər tarixinə məlum olmuş şəxsiyyətlər belə (istər Vladimir Lenin olsun, istər İosif Stalin, istərsə də Adolf Hit.ler) ləqəbləri ilə yanaşı, adları ilə tanınıblar. Şair və yazıçılar bu sırada istisnadır, bəzən yaradıcı düşüncələrinə bağlı olaraq öz adını cəmiyyətin gözündə unutdurub özünü sadəcə təxəllüslə tanıdan insanlar da olur. Ərəb cəmiyyətində adətən bir kişi oğul atası olarkən oğlunun adı ilə ona künyə verilirdi, bəzənsə fərdi xarakterik xüsusiyyətləri və fəaliyyətinə görə ona künyə qoyurdular. Lakin İslamda ən mühüm tarixi şəxsiyyət olan Hz.MUHAMMƏDİN Əbu Qasim, Əbu İbrahim, əl-Mustafa, əl-Əmin, Xatəm-ən-Nəbiyyin, əl-Muzzəmmil, əl-Muddəssir, ər-Rəsul, ən-Nəbi, ər-Rəuf və ər-Rəhim kimi künyə və ləqəbləri olsa da, MUHƏMMƏD ismi heç zaman arxa plana keçməyib və bəşər tarixində də öz adı ilə tanınır. Eynilə bu cür, müsəlmanların imamı Həzrət Əlinin də Əbu Həsən, Əbu Hüseyn, Əbu Turab, Əmir-əl-möminin, Əsəd, Əsədullah, Şahi-Mərdan, Haydər, Vəliyullah kimi künyə və ləqəblərlə tanınsa da, ƏLİ ismi heç zaman unudulmamış və ya arxa plana keçirilməmişdir. Yəni din tarixi Muhəmmədi MUHƏMMƏD, Əlini ƏLİ kimi tanıyır və qəbul edir. Doğru olan da əslində elə budur. İslamın bu günədək yazılıb təqdim olunan tarixində isə yalnız ləqəbi yaxud künyəsi ilə tanıtdırılan çoxlu sayda insan var ki, bu adamların əsl adları bəzən hətta din üzrə dərin biliklərə sahib olanlara belə məlum deyil. Bu yerdə mühüm məlumat bir kənarda qalır və din tarixi lazımsız əlavə informasiya ilə yüklənmiş olur. Sual çıxır: bəs İslam tarixində yalnız künyə yaxud ləqəbləri ilə tanıtdırılan Əbu Talib, Əbu Bəkir, Əbu Cəhl, Əbu Ləhəb, Əbu Süfyan və digərlərinin əsl adı nədir?
ƏBU TALİB – Hz.Əlinin atası olan bu şəxsin əsl adı mənbələrdə iki cür çəkilir: Əbdümanaf, bir də İmran (ibn Əbdümüttəlib). Sünni məzhəbindən olan tarixçilər İbn Səd (ət-Təbəqatül-kübra əsəri) və İbn Hişam (əs-Sirətün Nəbəviyyə əsərində), eləcə də, bir sıra nəsəb (soy-kök) alimləri (İbn Hacər, Təbəri və s.) onun adını ƏBDÜMANAF kimi qeyd edirlər. Şiə mənbələrində, xüsusilə Əhli-Beytə yaxın olan bəzi tarixçilərdə Əbu Talibin adının İMRAN olması versiyası irəli sürülür. Onlar bunu əsasən Əhli-Beyt imamlarının bəzi rəvayətlərinə əsaslandırırlar. Hər iki tərəf də bu şəxsin niyə ƏBU TALİB adlanmasını digər tərəfin həqiqəti ört-basdır etməyə cəhd etməsi ilə əlaqələndirməyə çalışır, hərçənd hər iki tərəf öz əsərlərində Əbu Talib ismindən əl çəkmir. Əhli-sünnə məzhəbindən olan tarixçilərin fikrincə, ƏBDÜMANAF (yəni “Manaf tanrıçasının qulu” mənasında) adı Hz.Muhammədin babalarının heç də təktanrıçı olmadığını ortaya qoyur, hətta Əbdülmüttəlibin öz oğluna Kəbədəki bütlərdən biri olan Manaf bütünə ithafən Əbdümanaf ismini qoyduğu bildirilir (yeri gəlmişkən, onun digər oğluna və Hz.Muhammədin əmisinə da Üzza bütünün şərəfinə Əbdülüzza adı qoyduğunu irəlidə qeyd edəcəyik). Əhli-beyt yönümlü bəzi qaynaqlarda isə Quranin Ali-İmran surəsindəki İmran isminin Əbu Talibin ailəsini ifadə etdiyi qeyd olunur. İmran ismini unutdurmaqla Əli kimi bir insanın çıxdığı həmin ailənin Allahın məqamında yüksək hörmətə malik olmasının gizlədilməsi və sonrakı əsrlərin müsəlmanları tərəfindən bilinməməsi üçün bu faktın örtbasdır edilməsi ehtimal olunur. Əslində bu insanın Əbu Talib adlandırılmasının bir yanlış tərəfi də budur ki, onun Əli və Cəfər Təyyar kimi tanınmış övladları olduğu halda, İslam tarixi bu insanı həmin övladların adı ilə (Əbu Əli, Əbu Cəfər kimi) yox, heç bir rolu olmamış Talib adlı böyük oğlunun adı ilə tanıyır ki, bu da bir qədər məyusedicidir.
ƏBU BƏKR – İslam tarixi üzrə mənbə müəllifləri İbn Sə’d (ət-Təbəqatül-kübra əsəri) və İbn Həcər əl-Asqalani (əl-İsaba fi təmyizis-sahaba əsəri) bu şəxsin əsl adının ABDULLAH ibn Osman ibn Amir olduğunu qeyd edir. Maraqlıdır ki, Siddiq kimi ləqəbi də olan Abdullahın ƏBU BƏKR künyəsi onun övladı ilə bağlı deyil. Əbu Bəkrin üç oğlu (Abdullah, Muhamməd, Əbdürrahman) və üç qızı olub. Əbu Bəkr künyəsi ona gənc dəvələri çox sevdiyinə görə verilib (Bəkr ərəbcə gənc dəvə mənasına gəlir). Razılaşaq ki, ərəb xilafətinin ilk hökmdarı və əhli-sünnə cameəsi tərəfindən ilk raşidi xəlifə sayılan bir insanı ABDULLAH ismi qala-qala “Gənc dəvələrin atası” künyəsi ilə İslam tarixinə həkk edilməsi yanlışdır.
ƏBU CƏHL – ərəbcə “cahillərin atası”, “cəhalətin atası” mənasına gələn bu künyə əslində Hz.Muhammədin tayfası olan Qurayş qəbiləsinin Məxzum qoluna mənsub ƏMR ibn Hişam ibn əl-Muğirəyə müsəlmanların verdiyi ləqəbdir. Məkkə müşriklərinin öndə gələnlərindən olduğuna görə İslam tarixində öz adı ilə yox, məhz Əbu Cəhl olaraq xatırlanır. Bu künyənin ona verilmə səbəbi isə odur ki, Əbu Cəhlə (yəni Əmrə) qardaşı oğlu Muhammədə peyğəmbərlik verilməsi xəbəri deyilərkən buna qəzəblənib “bu nə Allahdır ki, Qureyşdə mənim kimi biri dura-dura dədəsiz və imkansız bir yetimə bu şərəfi nəsib edib” deyə bildirib. Bu fikir haqlı olaraq müsəlmanlar tərəfindən ona “cahillərin atası” ayamasının qoyulmasına səbəb olub. Bədr döyüşündə müsəlman səhabələr tərəfindən öldürülüb.
ƏBU LƏHƏB – mənbə müəllifləri İbn İshaq və Təbəri qeyd edir ki, Hz.Muhammədin doğma əmisi olan bu adamın əsl adı ABDULUZZA ibn Əbdülmüttəlib idi. Yuxarıda qeyd etdiyimiz kimi, peyğəmbərin babası bu ismi oğluna Kəbədəki Uzza bütünün şərəfinə vermişdi (Uzzanın qulu mənasında). Əbu Ləhəb künyəsi isə hərfi mənada “alovun atası” deməkdir. Bir yanaşmaya görə, bu künyə ona parlaq üz dərisinə malik olduğuna görə, digər yanaşmaya görə isə qəzəbli xarakterə sahib olduğuna görə verilibmiş. Məkkə müşriklərinin tanınmışlarından olan bu adam İslamın ən qatı düşmənlərindən biri idi. O, Peyğəmbərə (s) və müsəlmanlara qarşı açıq düşmənçilik etmiş, onların Məkədə sıxışdırılmasına, boykot edilməsinə və təzyiq altında qalmasına rəhbərlik etmişdir. Arvadına məxsusi tapşırıbmış ki, Hz.Muhammədin onların küçəsindən keçdiyini görsə, onun üstünə pəncərədən zir-zibil və kül töksün. Bizim fikrimizcə, Quranda əl-Məsəd surəsində adı çəkildiyinə görə, bu künyə onu axirət günü cəhənnəm alovu gözlədiyinə işarə edir, hicrətdən öncə müsəlmanlar tərəfindən ona verilib və bu səbəbdən İslam tarixinə də adıkeçən şəxs bu künyə ilə düşüb. Bədr döyüşündən yeddi gün sonra yoluxduğu çiçək xəstəliyi və ya taun nəticəsində, bədəninə irinli yaralar çıxdıqdan sonra ölüb.
ƏBU SÜFYAN – əsl adını İbn Səd və İbn Həcər öz əsərlərində SƏXR ibn Harb ibn Ümeyyə kimi qeyd edirlər. Məkkə müşriklərinin rəhbərlərindən idi, Məkkənin müsəlmanlar tərəfindən fəth olunmasından sonra çarəsizlikdən İslamı qəbul edib. Əbu Süfyan künyəsi ona böyük oğlu Süfyanın ismi ilə əlaqədar verilib. SƏXR isminin (mənası bərk qaya, möhkəm daş) çox da yayılmadığını nəzərə alsaq, bu insanın İslam tarixində öz adı ilə tanıdılması daha uyğun və yaddaqalan olardı.
ƏBU HUREYRƏ – hərfi mənası “pişiklərin atası” demək olan bu künyə əslində peyğəmbər dövründə müsəlmanlığı qəbul etmiş, peyğəmbərin adıyla hədislər yazdığına görə Hz.Muhamməd tərəfindən hədis yazmasına yasaq qoyulmuş Abdurrahman ibn Səxr əd-Davsiyə verilib (İbn Həcər və İbn Abdulbərdə onun ismi Abdurrahman kimi keçir). Peyğəmbərin vəfatından sonrakı dövrdə ona istinad olunan minlərlə saxta hədis yazması və bu səbəbdən xəlifə Müaviyədən on min qızıl dirhəm və Mədinə valiliyi vəzifəsi əldə etdiyi məlumdur. Həmin saxta hədislərdən bir çoxu günümüzdə də İslam dünyasında tirajlanmaqda və məzhəb İslamının bəzi saxta doqmaları üçün əsas rolunu oynamaqdadır. Əbu Hureyrə künyəsi isə ona çoxlu sayda pişik saxladığına görə verilib.
ƏBU ZƏR – peyğəmbərin ən doğru danışan gerçək səhabələrindən biri olan Əbu Zər əl-Qifarinin əsl adı mənbə müəllifləri İbn Səd və İbn Quteybənin əsərlərində CÜNDƏB ibn Cünadə kimi keçir. Hərfi mənası “qızılın atası” demək olan Əbu Zər künyəsi ona məcazi mənada qızıl kimi insan olduğuna görə verilib. Cündəb digər səhabələr arasında fədakarlığı və zəngin dünya malına qarşı tamamilə laqeydliyi ilə tanınırdı. Sadə və təvazökar həyat tərzi olan bu əxlaqlı insana peyğəmbər özü kimi etibar etmiş, onun dediyi bir sözün hər zaman doğru olduğunu insanlara söyləmişdir. Miladi 653-cü ildə (hicri 32-ci il) xəlifə Osmana onun mal-mülk yığması və var-dövlət toplamasının İslama zidd olduğunu açıq şəkildə tənqid edib dediyinə, İslamın təməl prinsiplərindən olan sosial bərabərliyi və ədaləti tələb etdiyinə görə Osman ibn Affan tərəfindən Suriyanın Rəbəzə qəsəbəsinə sürgün edilib, sürgün zamanı yolda ayaqları mindiyi heyvana sürtülməkdən yara alıb və tədricən çürümə getməsi səbəbindən Rəbəzədə sürgündə tək-tənha yaşayarkən dünyasını dəyişib.
Gördüyümüz kimi, İslam tarixində öz künyələri ilə tanıtdırılan qeyd olunmuş şəxslərin demək olar ki, hər biri künyəsi əlavə olaraq izah edilməklə əslində öz adı ilə tanıtdırılsaydı, daha yaxşı olardı. Eyni zamanda bu, İslam tarixinin ərəb tarixi ilə qarışdırılmamasına, və din tarixində süni ərəbləşdirmə elementlərinin azaldılmasına səbəb olardı.
Ceyhun Bayramli
TEREF