Dress-koda əlavələr... bəlkə də fizioloji dress-kod...
14-04-2025, 11:24

Zamanı yetişib, artıq ciddi idarələr təkcə geyimə deyil, işçinin bədən üzvlərindəki dəyişikliklərə də hədlər qoyacaq, məncə.
Əlbəttə, yasaq yox, heç kəsin kefinə toxunmaq olmaz. Kim nə bilir eləsin. Amma ciddi təsisatlar da öz çalışanlarına yeni dönəmin doğurduğu şərtləri diqtə etməlidirlər.
Əgər bir bank işçisinin iş vaxtı ağ köynəkdə olması şərtdirsə... üfürülüb şişirdilmiş üzvlər ilə olmaması da şərt olmalıdır.
(Düzü, banklarda çalışan xanımları çox baxımlı və ciddi görürəm.)
Yox, əgər birisi üçün üfürülüb şişirdilmiş əzalar dərin ehtiyacdırsa bu xanım vücuduna uyğun işlərdə çalışmalıdırlar.
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim formasıdır, bilirsiniz.
Deyirlər, bu termini ilk dəfə Böyük Britaniyada işlənib və dünyaya oradan yayılıb. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir. Eləcə də rəsmi toplantılarda ciddi geyimin şərt olduğunu, açıq-saçıq geyimin yasaq olduğunu bildirir.
Xüsusilə, qadınlar üçün . Çünkü tarixən qadınlar kişilərlə müqayisədə geyimdə hədləri bilməyən tayfa olmuşdur.
Demək, dress-kod geyimdə hədləri bildirir.
Adətən, hədlər nə zaman xatırlanar?
Təbii, hədləri aşanda...
Görünür, qadınların geyimdə hədləri aşması, xüsusilə, qadınların `öz zinətlərini` göstərməyə meylli olması dress-kod zorunluğunu ortaya çıxarmışdır.
Yuxarıda dedim, dress-kod deyimi dünyaya İngiltərədən yayılıb. Lakin, müasir tarix bütün tərəqqiləri Avropanın ayağına yazmağa həvəsli olsa da işin əsli daha qədimdir. Tövratda və İncildə bilmirəm, ancaq Quranda geyim hədləri ilə bağlı ayələr mövcuddur, bilirsiniz.
Demək, dress-kodun tarixi Quranda başlayır da demək olar.
Bəzi bilənlər deyir ki, `örtünün` nidası ona görə səslənmiş ki, cahiliyyə dövründə qadınlar (bəlkə kişilər də) Kəbəni lüt təvaf edirmişlər.
Aha! İş beləysə, ortaya dress-kod çıxacaq. İnsan deyilən zəif məxluqa hədlər bildiriləcək.
Ciddi bir şirkətə vəya dövlət işinə alınmış xanıma (kişilərə də) geyim üzrə təlimat veriləcək. Elə geyinmə, belə geyin deyəcək.
Mənim daha iki müəlliflə birgə yazdığım `İşgüzar qadın üçün 101 qayda` kitabında dress-cod şərtlərindən geniş bəhs edilib.
Lakin indi sözün nədir...
Məncə, bu dövrdə, artıq, dress-kod yetərli deyil. Özünə hörmət edən şirkətlər və ya dövlət idarələri dress-kodu aşan - yeni bir tövsiyə blankı hazırlamalıdır.
Bu qənaətə gəlməyimin kiçicik tarixçəsi var.
İki gün əvvəl Azal uçağı ilə Bakıya qayıdırdım. Adətim üzrə, bir yanım boş olsun deyə koridor oturacağı alıram. Elə yenicə oturmuşdum ki, bir hostes (stüardessa) böyrümdən sürətlə şığıyıb rəlilədi. Onu yalnız arxadan gördüm.
Bunu yazmaq heç mənə yaraşmaz, amma təəssüflə deyim ki, yancaqları gah o oturacağa, gah bu oturacağa yuvarlanmaqda idi. Açıq-aşkar görünürdü ki, hamısı özünün deyil.
46 illik uçuş tariximdə ilk dəfə bu tip hostes görürdüm.
Hostes obrazını bilirsiniz, xoştip, nazik, uzun, incə, gülərüz, heç bir əzası ilə diqqəti çəkməyən, həm də ciddi bir gənc... vulqar olmayan, lakin mükəmməl makyaj...
Yeri gəlmişkən, makyaj da dress-koda aiddir. Ciddi iş qadını yuxudan durub əl-üzünü yuyub, saçını burmalayıb işə gedə bilməz. Getməməlidir. Statusuna uyğun makyajı olmalıdır. (Əlbəttə, ilk növbədə qadın öz statusunu dərk etməlidir)
İndi...
Yeni dövr fərqlidir. İndi hər addımda qaşı, gözü, ağzı, burnu, və digər üzvləri özünün olmayan bir sürü qadınla rastlaşırıq.
Dövr, qadınların özünü pozub yenidən yazdığı bir dövrdür.
Buna hədlərin aşıldığı dönəm də demək olar. Deməmək də olar. Hər şey qadının statusuna bağlıdır.
Hədlərin aşıldığı dönəmlərdə ortaya dress-kod kimi təlimatlar çıxır. İstər yazılı, istər şifahi. Məsələn, mən qızımın toyunda çalğıçıların rəhbərindən xahiş etdim ki, mənim məclisimdə ciddi adamlar olacaq, müğənni soyunub gəlməsin, geyinib gəlsin.
Çünkü həmin il bir qohumun toyunda gördüyüm rüsvayçılıqdan gözüm qorxmuşdu...
Demək, dünya gündəminə yeni bir təlimat gəlməlidir. (Bəlkə gəlib mənim xəbərim yoxdur)
Özünə hörmət edən şirkətlər, təşkilatlar, qruplar və dövlət idarələri - xüsusilə təhsil idarələri özünü `məlum obraza` bənzətmiş xanımları işə almamalıdır. Və ya `bu şəkildə` `bu dar koridorlarda` o yana, bu yana çırpınmağın ədəbdən kənar olduğunu başa salmalıdır.
Nə isə... uzun sözün qısası, yeni dövr fizioloji dress-koda ehtiyac olduğunu söyləyir.
Mehriban Vezir
TEREF