Əhməd Cavad bu şeiri sovet diktəsilə yazıb? - Sirli məqam

28-04-2018, 10:08           
Əhməd Cavad bu şeiri sovet diktəsilə yazıb? - Sirli məqam
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavadın şeirləri istər millilik, istərsə də bəşərilik baxımından dəyərli sənət nümunələridir. Onun ən çox sevilən şeirlərindən biri də “Mayıs”dır. Böyük şairin bu şeiri ilə bağlı bir məqam bəzən fikir ayrılığına səbəb olur.

Kult.az xəbər verir ki, Əhməd Cavadın “Mayıs” şeirinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olması haqda yanlış bilgilər var. Oxucular, araşdırmaçılar şeirin ilk bəndinə əsasən bunun Cümhuriyyətə aid olduğunu güman edirlər:

“Mən hər ildə bir mayısa
Lap çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram”.

Belə ki, araşdırmaçılar bu şeirdəki “mayıs”ın - Cümhuriyyətin yaranma, “nisan”ın (aprel) isə süqut ayı ilə bağlı olduğunu düşünürlər.

Nəzərə alsaq ki, Ə.Cavadın “Mayıs” şeiri 1916-cı ildə çap olunan “Qoşma” kitabında yer alıb, AXC isə 1918-ci ilin 28 mayında yaranıb. Belədə “Mayıs”ın Cümhuriyyətlə bağlı olması ehtimalı ortadan qalxır. Yəni şair düşünüldüyü kimi, şeiri AXC ilə yox, başqa bir hadisə ilə bağlı yazıb.

İddialardan biri də budur ki, Azərbaycan Kommunist Partiyasının (AKP) rəsmiləri Əhməd Cavada 1 May - Beynəlxalq əmək günü münasibətilə şeir yazmağı təklif edirlər, Əhməd Cavad da onlar üçün “Mayıs” şeirini qələmə alır.

Lakin bu variant da həqiqətə uyğun gəlmir. Çünki Azərbaycan Kommunist Partiyası 1920-ci il fevralın 20-də yaradılıb. Şeir isə bayaq dediyimiz kimi, 1916-cı ildə yazılıb.

Şairin sözügedən şeirdə may və aprel aylarını nə üçün vurğulamasının səbəbi haqda məlumat olmasa da, bir qisim “mayıs”ın onun doğulduğu tarixə işarə olduğunu düşünür (Əhməd Cavad 1892-ci il mayın 5-də anadan olub).

“Mayıs” şeirinin Cümhuriyyətin yaranma və süqut tarixi bağlı yazılması versiyası həqiqət olmasa, maraqlı təsadüfdür. Bunu Əhməd Cavadın şair həssaslığının sirli nümunəsi kimi də qəbul etmək olar.

Xatırlatma üçün Əhməd Cavadın “Mayıs” şeirini təqdim edirik:

Mən hər ildə bir mayısa
Lap çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.

Düşdüm çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl mayıs ümid səna
Hər yan ağlar, mən ağlaram!

Bax dumana - dağ başında,
Dərdə düşmüş - gül yaşında,
Coşmuş gözlər - yaz başında,
Duman ağlar, mən ağlaram!

Sənsiz bir gül, ya bir şer
Hərdən məni məmnun edir.
Sorsa bir kəs dərdin nədir?
Soran ağlar, mən ağlaram!

Açmazmı gül sağda, solda,
Görünməzmi bəyaz alda?!
Sənsiz böylə, yarı yolda,
Qalan ağlar, mən ağlaram!

Olmadan axşam əzanı,
Yola çıxart yol azanı.
Kəsmiş yolu dərd tufanı,
Karvan ağlar, mən ağlaram!

Səccadəyə alın sürtəm,
Birlikdə bir cənnət görən,
Haqq yolunda Xəlil verən
Qurban ağlar, mən ağlaram!

Boş çıxarsa bunca əmək,
Babalarca bu nə demək?!
Qədərmidir, yoxsa fələk,
Duyan ağlar, mən ağlaram!

Xoş hər mayıs batmaz yasa,
Hər zamanmı mənə taza?!
O gün də bir gün olmasa,
Vicdan ağlar, mən ağlaram!

Qeyd edək ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (28 may 1918 - 28 aprel 1920) süqutundan 98 il ötür.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.