İsanın böyük inkvizitora cavabı - sevgi
10-05-2018, 09:09
İsa sərbəst buraxılsa, kilsənin insanlıq üzərindən azad iradə yükünü götürməsi işini dayandıra bilər
BÖYÜK İNKVİZİTOR
(Bir hissə)
İvan qardaşı Alyoşaya xəyali hekayəsi “Böyük inkvizitor” haqqında danışır:
XVI əsrdə Həzrəti İsa İspaniyada bir şəhərə gəlir - yenidən yer üzünə zühur edib.
Küçələrdə gəzdikcə insanlar ətrafına toplaşırlar. Xəstələri sağaltmağa başlayır. Amma insanlara etdiyi bu yadımlar kardinalın gəlişi ilə sona çatır. Kardinal adamlarına İsanı həbs etmək əmri verir.
Böyük inkvizitor olan kardinal gecə İsanın kamerasına gəlib onu niyə həbs etdirdiyini və işlərini görməyə niyə icazə verə bilməyəcəyini danışır. Böyük inkvizitorun uzun monoloqu ərzində İsa onu sakitcə dinləyir.
Böyük inkvizitor İsaya yer üzündəki işlərini görməyə icazə verə bilməyəcəyini deyir. Çünki onun işləri ilə kilsənin işləri bir-birinə uyğun gəlmir. İnkvizitor İsaya İncildə yazıldığı kimi şeytanın onu üç dəfə yoldan çıxartmağa çalışmasını danışır. O, Hz. İsa bu üç yoldançıxarmanı rədd edərək insan oğullarının azad iradəyə sahib olmasını zəmanət altına almışdır. İnkvizitor azad iradənin insanlıq üçün dağıdıcı və daşınılmaz bir yük olduğunu deyir.
İsa insanlara onun ardınca gəlib-gəlməmək üçün seçim etmək azadlığı vermişdi. Ancaq demək olar ki, heç kim inanclı qalacaq qədər güclü deyildi və belə olmayanlar əbədiyyətə qədər lənətlənəcək. İnkvizitor, Hz. İsanın insanlara hər hansı bir seçim şansı verməməli olduğunu və insanlara azadlıq yerinə rahatlıq verməli olduğunu deyir. Belə olan halda İsanın izi ilə gedə bilməyəcək qədər zəif olanlar yenə lənətlənəcəklər, amma heç olmasa əxlaqi azadlığın daşınmaz yükü əvəzinə xoşbəxtlik və rahatlığa sahib olacaqlar.
Böyük inkvizitor indi kilsənin İsanın bu səhvini düzəltməyə başladığını deyir. Kilsə seçim azadlığını alır və bunun əvəzinə insanlara rahatlıq verir. Buna görə də böyük inkvizitor Hz. İsanı həbsdə saxlamalıdır. Çünki İsa sərbəst buraxılsa, kilsənin insanlıq üzərindən azad iradə yükünü götürməsi işini dayandıra bilər.
Hz. İsanın rədd etdiyi ilk yoldançıxarma çörək idi. Qırx gün ərzində oruc tutub, ac olan İsa şeytanla qarşılaşır. Şeytan ona əgər həqiqətən də Tanrının oğludursa, daşı çörəyə çevirib qarnını doyura biləcəyini deyir. Hz. İsa bunu rədd edərək insanın çörəklə deyil, Tanrının sözü ilə yaşamalı olduğunu deyir.
Böyük inkvizitorun buna dair fikri belədir: Çox insan ac olduğu zaman Tanrının kəlamı ilə yaşaya bilməyəcək qədər zəifdir. Hz. İsa çörəyi almalı və insanlığa seçim azadlığı əvəzinə aclıqdan xilası verməli idi.
Şeytan Hz. İsadan möcüzə göstərməsini istəyərək, onu ikinci dəfə yoldan çıxarmağa cəhd etmişdi. Şeytan Hz. İsaya özünü Qüdsdəki uca bir qüllənin başından aşağı ataraq məsih olduğunu isbatlamasını dedi. Əgər həqiqətən də o, Tanrının oğlu idisə mələklər onu tutub, ölməsinin qarşısını alacaqdılar. Hz. İsa Tanrını sınamayacağını deyərək bunu qəbul etmir. Bundan sonra şeytan məğlub olaraq oradan gedir.
Böyük inkvizitorun buna dair fikirləri belədir: Hz. İsa insalara möcüzə göstərməli idi. Çünki insanların əksəriyyətinin dini inanclarının möhkəm olması üçün möcüzələrə ehtiyacı var. İnsanların ibadət edəcəyi fövqəltəbii bir varlığa ehtiyacları var və İsa bu formada görünməyi rədd etmişdi.
Şeytanın üçüncü yoldançıxarması güc - iqtidar ilə bağlı idi. Şeytan Hz. İsaya yer üzündəki bütün krallıqları göstərir və bütün bunlar üzərində hökmranlıq təklif edir. Hz. İsa isə bundan da imtina etdi.
Böyük inkvizitorun fikrincə İsa bu təklifi qəbul etməli idi, amma etmədi. Belə olan halda kilsə, insanları öz rahatlıqları üçün, azad iradələrini tərk etməyə razı salmaq üçün Hz. İsanın əvəzinə bu gücü almaq məcburiyyətində qalmışdı.
Böyük inkvizitor üç yoldançıxarma hadisəsində də Hz. İsanın yox, şeytanın haqlı olduğunu deyir. Və kilsənin Roma İmperiyasını ələ keçirməsindən bu yana, gizlicə şeytanın işini yerinə yetirdiyini və bunu pis olduğu üçün yox, insanlıq üçün ən yaxşı və ən əlverişli nizam olduğu üçün etdiyini bildirir.
Hz. İsa isə kilsənin qurduğu bu rejim üçün bir hədədir. Kilsə qurulmuş bu rejimin onun tərəfindən dağıdılmasına icazə verməyəcək. Buna görə də böyük inkvizitor Hz. İsanın sabahı gün yandırılaraq öldürüləcəyini deyir.
Böyük inkvizitor Hz. İsaya yönəlmiş ittihamlarını bitirdikdən sonra Hz. İsa yaşlı adama doğru gəlir və onu öpür. Yeganə cavabı budur. Böyük inkvizitor gözləmədiyi bu addım qarşısında sarsılır. Kameranın qapısını açır və Hz. İsaya bir daha heç vaxt geri qayıtmamasını deyərək onu sərbəst buraxır.
Dostoyevski "Karamazov qardaşları"
Tərcümə: Orxan Yaquboğlu
Etatist.com