12 gün davam edən ağır döyüşlər - Düdənginski Gəncə epopeyası barədə
10-05-2018, 09:25
Bu gün II Dünya müharibəsinin başa çatmasının növbəti ildönümüdür. Bu müharibə nəticəsində yüz minlərlə azərbaycanlı həlak oldu, ölkəmizin sərvətləri döyüş meydanında istifadə olundu. Alman faşizminin məhvində azərbaycanlı əsgərlərin iştirakı ölkəmizin tarixi üçün mühüm hadisə olsa da, qarşı tərəfdə vuruşanlar da tariximizin parçasıdır, onların da düşüncələri, fəaliyyəti bizim üçün önəmlidir. Üstəlik nəzərə alaq ki, istər Məhəmmədəmin Rəsulzadənin rəhbərlik etdiyi siyasi qanad, istərsə də, mayor Düdənginskinin başçılıq etdiyi Azərbaycan legionu ölkəmizin rus işğalından azadlığı üçün mübarizə aparıblar.
Məsələn, məşhur Gəncə üsyanının təşkilatçılarından Cahangir bəy Kazımbəyli illər sonra Almaniyada legion əsgərlərinin qarşısında çıxış edərkən, vəziyyəti belə izah etmişdi: “Azərbaycanın azadlığı və istiqlalı uğrunda bundan 23 il əvvəl bolşevik istilaçılarına qarşı mübarizəyə girən və mübarək vətənin hər qarış torpağını qanı ilə boyayan Milli Azərbaycan Ordusunun köhnə bir zabiti olaraq mən o ordunun davamçıları olan qəhrəman legionerlərimizin nümayəndələrini salamlamaqdan böyük bir zövq duyuram. Azərbaycan xalqı bir çox dəfələr öz milli hüququnu silah ilə müdafiə etmək məcburiyyətində qalmışdır. Cavad xanın milli istiqlal uğrundakı qəhrəman mübarizəsi, bolşevizmə qarşı edilən Gəncə, Şəki, Zaqatala, Qarabağ üsyanları və digər bir çox silahlı çıxışlar azadlıq yolunda aparılan bu mübarizələrin parlaq nümunələridir... Bolşevizmə qarşı mübarizə hər millətin müqəddəs borcudur və biz azərbaycanlılar bu borcumuzu yerinə yetirməkdən böyük xoşbəxtlik hiss edirik”.
Cahangir bəy legion ordusunu Azərbaycan Cümhuriyyəti ordusunun davamı kimi görürdü.
Legionun çap etdiyi “Azərbaycan” qəzetinin arxivinə də baxdığımız zaman 28 may İstiqlal gününün mütəmadi şəkildə qabardıldığını görürük. Xüsusən, mayor Düdənginskinin 6 noyabr 1943-cü ildə 200 nəfərdən artıq azərbaycanlının önündəki tarixi çıxışı çox mühümdür. Həmin geniş nitqdə Düdənginski Azərbaycan Cümhuriyyəti məsələsinə də toxunur.
Həm II Dünya müharibəsinin başa çatması, həm də Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümü ərəfəsi olduğu üçün Düdənginskinin məşhur nitqindəki Cümhuriyyətlə bağlı hissəni təqdim edirik:
***
1914-1918-ci illərdə alman zərbəsi altında rus imperiyası çöküncə xalqımız məmləkətin müqəddəratını öz əlinə almaq və müstəqil Azərbaycan dövləti yaratmaq üçün özündə kifayət qədər qüvvət tapdı.
Azərbaycanın istiqlalının elanı 28 may 1918-ci ildə oldu. O gün Azərbaycanın ən parlaq günü oldu. O gün azərbaycanlılar dünyanın ən xoşbəxt insanları oldular. Qoca Kaspinin oxşayıcı dalğaları ilə xəfif-xəfif və bütün bir qürurla dalğalanan milli Azərbaycan bayrağı həmin zaman yüksəklərə qaldırıldı. Azərbaycanın övladları canlarını əsirgəmədən bu gün üçün verirdilər. Azərbaycan tarixinin qanla yazılmış səhifələri və qəhrəman Azərbaycan xalqı sevgili vətənin istiqlalı uğrunda qanlarını fəda etmiş və etməkdə olan oğullarını unutmayacaqdır.
Bu gənc milli cümhuriyyət demokratik əsaslar üzərində inkişafa başladı. Qonşu İran, Türkiyə və qeyri-məmləkətlər ilə qarşılıqlı diplomatik münasibətləri təmin etdi və dost Gürcüstanla hərbi müqavilə bağladı, milli yaşayışı nizama salmağa girişdi.
Azərbaycan Cümhuriyyətinin ilk əsgəri olan general Səməd paşa Mehmandarlının rəhbərliyi altında qısa bir zamanda milli ordu yarandı. Xalqı savadlandırmaq və oxudulub öyrədilməsi üçün xüsusilə geniş tədbirlər görüldü. Külli miqdarda ibtidai, orta və sənət məktəbləri açıldı. Bakıda universitet təsis edildi. Bununla bərabər yüzlərcə gənc azərbaycanlılar müxtəlif ixtisasları öyrənmək üçün Avropa məktəblərinə və bilxassə Almaniyaya göndərildi. Ölkənin şeir, ədəbiyyat, teatr, musiqi, incəsənət, elm və texniki qüvvələrinin milli yaradıcılığına geniş sahə açıldı. Beləliklə, yüz illik istismardan xilas olan xalqımızın hərarətlə yaradıcı kültür işlərinə girişdiyini görürük. Fəqət gələcəyə böyük ümidlər verən bu qaynar və xoşbəxt həyat birdən-birə kəsildi. Bolşeviklər Azərbaycanı işğal etdilər və onun istiqlalını məhv etdilər. Azərbaycan xalqı atalarının müqəddəs ənənələrini tapdalayaraq döyüşsüz təslim olmaq istəmədi və o, bunu bacarmaz da. İlk gözlənilməyən zərbələrdən sonra ayılan Azərbaycan yeni istilaçılara qarşı üsyan etdi. 1920-ci il mayın 22-də üçüncü Gəncə alayının komandanı miralay Cahangir Kazımbəyin rəhbərliyi altında Gəncə üsyanı başladı. Üsyan əvvəlcədən düşünülmüş plan üzrə başladı. Üsyanın rəhbəri gizli surətdə Gəncədə yaşamaqda olan iki gürcü miralayı vasitəsilə Poylu körpüsündə vuruşmaqda olan gürcü ordusu ilə Qarabağda olan Azərbaycan hissələri arasında əlaqə yaratmağa çalışdı və əli silah tutan bütün azərbaycanlılar üçüncü alayın əsgərlərinə qoşuldular. Üsyançılar şəhərdə olan Qırmızı diviziyanı tərksilah etdilər və 12 gün arasıkəsilməz döyüşlərdə düşməni bir-birinin ardınca məğlubiyyətə düçar etdilər. Həmin bu anda qırmızı ordu komandanlığı Gürcüstanla mütarəkə bağladı. Gürcüstandan və Qarabağda olan Azərbaycan hissələrindən əlaqəsi kəsilən və 11-ci düşmən ordusunun ən böyük qüvvəsinin öz qarşısına çıxdığını görən üsyançılar eyni zamanda döyüş-sursat cəhətdən böyük ehtiyac qarşısında qaldıqlarından üsyançıların rəhbəri və xalqımızın qəhrəmanı miralay Kazımbəy belə bir vəziyyətdə mübarizəni davam etdirməyin mənasız olduğunu gördü və şəhəri boşaltmağa qərar verdi. Beləliklə, mənəvi qalibiyyətimizin simvolu olan şanlı Gəncə epopeyası bu surətlə bitdi.teleqraf.com/