Qurban Cəbrayıl yazır:"İntihar çıxış yolu sayılmaz, həyat əqidə uğrunda mübarizədir, əzizlərim!"
20-05-2018, 10:40
Qurban CƏBRAYIL
Ölüncə neçə-neçə qapıdan keçir adam,
Dünya – üz tutduğumuz qapılarla doludu.
Bəlkə də üzümüzə çırpılan qapılardan,
Üzümüzə açılan qapılar qorxuludu…
Ramiz Rövşən
Bu nə bəladır, İlahi! Tasrağagün axşam işdən dönəndə gördüm, evdəki zənən tayfası ağlaşır – televizordan iki abituriyentin qəbul imtahanında lazımi nəticə göstərə bilmədiklərinə görə canlarına qıymaları xəbərini eşitmişdilər…
Özünəqəsd mərəzi nə yaman yerikləyib bu millətin qanına, intihar kabusu niyə qara kölgə kimi qaraba-qara izləyir bizləri…? Srağagün Astarada bir gənc xanım, dünən Şamaxıda 13 yaşlı yeniyetmə… öz əlləri ilə ömrünü sonlandırdı. Hər gün 3-4 nəfər bu dünyadakı yaşam missiyasını yarımçıq, yaxınlarının ürəyində dağ qoyub gedir. Belə dəhşətli addımlar, qərarlar müqabilində düzəlirmi lənətə gəlmiş ehtiyac və çatışmazlıqlar, bitib-tükənirmi bezikdirici problemlər, toplanırmı “Medinstitut”da, yaxud “yurfakt”da həm də ödənişsiz təhsil balı…?
Bizlər imtahanmı verməmişik…? Bəndeyi-həqir 1987-89-cu illərdə düz üç dəfə (orta məktəbi bir il tez bitirdiyimdən belə imkan yaranmışdı) Bakı Dövlət Universitetinə qəbulda iştirak edib. Özümdən danışdığıma görə hörmətli oxuculardan üzr istəyirəm, heç birində imtahandan kəsilməmişəm, həmişə “4”-lər alırdım. O dövrün gəncləri, xüsusən rayondan paytaxta təhsil arzusu ilə axışanlar yaxşı xatırlayırlar, iyulun sonunadək gəlib sənədləri vermək lazım idi, avqust bürküsündə bir ay kirayə ev, yaxud yataqxanada otaq tutub Bakıda qalmalı; jurnalistika fakültəsində əvvəl iki (yazılı və şifahi) yaradıcılıq turu, beş gün fasilə ilə 4 imtahan, on gün seçimin nəticəsini gözləmək və… Və siyahı açıqlananda məlum olur ki, Məmmədov Qurban Cəbrayıl oğlu ad-soyadlı şəxs tələbələr sırasında yoxdur, çünki müsabiqədən keçə bilməyib… Əvvəla, humanitar sahə indiki III qrupda olduğu kimi, bərk qələbəlik idi, bir yerə 70-80 ərizə düşürdü, qəbul planı isə cəmi 25 yerdi, onun da 7-8-i hazırlıq şöbəsi hesabına dolurdu, qalanı da – bunun medalçısı var, “əla” alanı var; müsabiqədə üstünlük verilən Əfqanıstan veteranı, iş stajlısı, etnik mənsubluğu olan var; məmurların, şair-yazıçıların, baş redaktorların övladları var və sair.
Onda belə çıxır ki, mən o zaman S.M.Kirovun adını daşıyan təhsil ocağının yuxarı mərtəbəsindən atlanmalıydım, yaxud qarşıdakı ağaclıqda boğazıma kəndir keçirməliydim…? Bu nə axmaq yanaşma, yanlış düşüncədir?
Nəhayət, arzum 1989-cu ildə reallaşdı, amma qarşıda əsgərlik məsələsi vardı – keçmiş İttifaqın qoşunlarında xidmət 2 il vaxtımı aldı, qayıdanda artıq 1991-ci ildə tələbə adı qazanmış indinin tanınmış jurnalistləri Faiq Hüsiyev, Rafiq Həşimov, Güldəstə Bəhramqızı, Azər Cabbarlı və başqaları ilə birgə oxudum.
Belə təfəkkürlə Biləcəridə, ya da Rostovda qarnıma süngü soxmalıydım ki, niyə sovet ordusu məni təhsildə iki il geri atdı…?
Uzun-uzadı sicilləmə yazmaqda niyyətim o qədər də zəngiN olmayan bioqrafik məlumatlarımla sizləri yormaq deyil. Sadəcə, müasir gəncliyə eşitdirmək istəyirəm ki, ay bala, bizlərin də müşküllərimiz, ağrı-acılarımız olub, ac-susuz qalmışıq, ata-ana üstümüzə qışqırıb, lap möhkəm əsəbləşəndə yanımıza çəkib, başqasının paltarını, ayaqqabısını geyinmişik (“Üzüm güldü tələbəyəm deyəndə, sıxılırdım dost pencəyi geyəndə” – N. Kəsəmənli), qız sevmişik, eşq oxumuz daşa dəyib, əzizlərimizi itirmişik… Amma intiharla həyatımıza nöqtə qoymaq heç ağlımızın ucundan da keçməyib. Ona görə ki, ömür payımızın Allahdan olduğuna, lazımi anda onu geri alacağına (“Canı canan diləmiş, verməmək olmaz, ey dil, nə niza eyləyəlim, ol nə sənindir, nə mənim…” – M.Füzuli) inamımız, imanımız vardı. Aləmlərin Rəbbi müqəddəs Qurani-Kərimin Bəqərə surəsinin 195-ci ayəsində buyurur: “…özünüzü öz əlinizlə təhlükəyə atmayın!”
Siz də çox tələsib “ucuz ölüm” axtarmayın, gənc dostlarım, əcəl özü gəlib sizi tapacaq və “bahalı həyatınızın” yekununa yox, başqa bir dünyada davamına şərait yaradacaq…
Sosial şəbəkələrdə gənclərin dəfn səhnələrinə, anaların fəryadına, Pənahın babasının müsahibə zamanı ağlamasına, Faiqin canını tapşırdığı yerə düzülən qərənfillərə baxanda, vallah, adamın ürəyi parça-parça olur. Hər ikisi ailənin tək övladı, hər ikisini ana zülmlə, əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb… Həm də ona görə ki, yaşlananda, əl-ayaqları yerə çatmayanda qulluğunda dursunlar, öləndə tabutlarını çiyinlərinə götürsünlər… Bu kişilikdəndirmi, oğlum, siz ki onların olub-qalan ömrünü də yerlə-yeksan elədiz…!
İmtahan balı yığa bilməmək nə böyük dərd imiş, görəsən, hələ bu il ikinci şans da verilib, gələn ilə daha yaxşı hazırlaşmaq mümkündür. Heç alınmaz, canınız sağ olsun, bu məmləkətdə ali təhsillidən qat-qat yaxşı yaşayan, hörmət-izzət sahibi olan nə qədər sadə peşə adamları var…
Nə üçün indiki cavanlar baş tutmayan hər hansı işdə İlahi təqdiri, məsləhəti gözə almırlar? Axı məsələn, məşum ADNA terrorunda qətlə yetirilən gənclərin valideynləri onların ümumiyyətlə tələbə adı qazanmamalarından ötrü nələrindən keçməzdilər? Yaxud Rusiya səfirliyi qarşısında dağılan, Binəqədidə yanan binalarda əzizlərini itirənlər həmin mənzillərin lap əzəldən onlara qismət olmaması üçün hansı duaları edərdilər?
Bəli, dünya, yaradılış ibrətlər, qəribəliklər, hikmətlərlə doludur, çətinlikləri, hədəfə aparan eniş-yoxuşlu, kələ-kötür yolları ilə şirindir, maraqlıdır. Şəhidlər sərvəri İmam Hüseynin (ə) təbirincə, bir məqamı unutmayaq ki, “həyat əqidə uğrunda mübarizədən ibarətdir.” Çalışaq, çarpışaq, mücadilə verək, müqavimət göstərək…!
İndi biz təkcə gənclərimi qınamalı, suçlamalıyıq? Bəs, cəmiyyət, bəs, müvafiq şəxslər və qurumların üzərinə düşən vəzifələr…?
İllərlə ekran-efirində iyrənc konçitalara, pedrolara, falçılara, fahişələrə, düşük ekspertlərə, dedi-qoduya gen-bol yer ayıran radio-televiziyalarımız niyə maarifçilik missiyasını tamamilə unudub? Savadlı din adamlarını, eybi yox, lap senzuradan keçənləri çağırıb yarım saatlıq verilişlər hazırlamaq olmazmı?!
Əzizlərim, qardaşlarım, bacılarım! İntihar çıxış yolu sayılmaz, ən tutarlı səbəblər belə, bu dəhşətli əmələ haqq qazandırmır. Mənim dini bilgilərim elə də güclü deyil, bilirsiz ki, müxtəlif vəziyyətlərdən (cinsi yaxınlıq, meyitə toxunmaq və sair) sonra insanlar qüsl almalı, paklanmalıdırlar. Gör, Haqq-Təalanın nəzərində necə ağır, bəyənilməz əməllərdəndir ki, intihar edənin cansız vücuduna baxanın da boynuna qüsl gəlir…
Vətənə, xalqa, insanlığa məhəbbətimdən dolayı, sizlərə üz tutub xahiş edirəm, yalvarıram, özünüzü bədbəxtlik uçurumuna yuvarlamayın, doğmalarınızı gözüyaşlı qoymayın!