Boz həyatdan rəngarəng əhvar-ruhiyyəyə doğru...
21-05-2018, 13:30
İş yerini itirmək, işdən çıxarılmaq problemi – bu bir fobiyadır. Əslində işdən çıxma, daha yaxşı məşğulluq üçün bir trampilin rolu oynamalıdır. İnsanlar rahat olmalıdırlar. Belə şeylər psixoloji gərginlik yaratmamalıdır. Heç bir vətəndaş alternativ iş məkanı tapmaqda çətinlik çəkməməlidir.
Fəqət, bizdə necədir?
İşdən azad olunma dünyanın sonu anlamına gəlir. İş yerini itirmək əsl faciə kimi qarşılanır.
Qızların ailə qura bilməmək qorxusu, gənc qadınların ərə getməmək, evdə qarıyıb qalma fobiyası. Bu qorxu birbaşa cəmiyyətdən, ailədən, qonum-qonşudan, qohum-ərəbadan, tənədən, istehzadan yaranır.
17-18 yaşdan sonra qızın subay qalması ailə üçün, ən əsası da həmin qız üçün dünyanın sonu anlamına gəlir. “Vaxtında ərə getməmək” əsl faciəyə çevirilir.
Övladlar bəlli bir yaşa çatırlar, yeni bir həyat mərhələsinə qədəm qoymağa hazırlaşırlar. Onların bərkə-boşa düşməyən həssas psixologiyaları, “İti görüm, qurdu görüm diplomsuz övlad görməyim”, “Kəsilsən küçəyə necə çıxacaqsan?!” ,“Əsgər gedərsən ağlın başına gələr” və sair kimi təzyiqlərlə, aqressiv sözlərlə üz-üzədir.
Ali məktəbə qəbul ola bilməyən gənc üçün bu ölüm-dirim mərhələsinə, faciəyə çevrilir. Sanki, dünyanın sonudur, qiyamət günüdür.
Sumqayıtda, 9-cu mikrorayonda yerləşən 14 mərtəbəli binanın damından tullanıb intihar edənlərin sayı, son aylar ərzində artıq 3 nəfərə çatmışdır.
Sakinlər hər gün qorxu, təşviş içiərisində yaşamaqdan, həyətə düşərkən parçalanmış baş, ətrafa yayılmış qan ləkələri görməkdən bezdiklərini bildirirlər.
Bir vaxtlar, “Koroğlu” metrostansiyasının yanında yerləşən körpüdə də, dalbadal baş vermiş intihar hadisələri qeydə alınırdı. Lakin, sonradan, körpüyə giriş və çıxış nəzarətə götürüldü və bununla da belə hadisələrin baş verməsi dayandı.
Skandinaviya şəhərlərinin birində yerləşən adi, boz rəngli körpü də intiharların baş vermə məkanı kimi bədnam ad çıxarıbmış. Yəni problemlərlə, əzablarla, itgilərlə yüklənmiş insanlar, materiyanın “həyat” adlı mövcud olma formasından bezənlər oraya çıxıb özlərini dibsiz girdaba buraxırmışlar.
Şəhər meriyası müxtəlif ekspertləri, psixoloq və sosioloqları yığıb iclas çağırır və problemin aradan qaldırılması üçün onlardan kömək istəyirlər. Bu zaman, bir arxitektor qeyri-adi təklif irəli sürür: “körpünü əlvan rənglərlə boyayaq”.
Belə də edirlər və nəticə heyrət doğurur. Ölüm, intihar hadisələrinin kökü kəsilir.
Deyirəm bəlkə, biz də bu psixoloji üsuldan istifadə edək, binaları küçələri, yolları, prospektləri rəngarəng çalarlara bürüyək, onsuz da, geyim və libaslarımızdan tutmüş, gündəlik əhval - ruhiyyəmizə qədər hər şey ala-bula, boz-qara rəngdədir.
Amma əvvəlcə, hadisələrin kökündə dayanan problemləri yox etmək lazımdır.
Vüsal Bağırlı