Bayrama çevrilən və ya on beş il gecikən müdafiə

22-05-2018, 20:34           

Alimlə ünsiyyət xoş olur, o ki ola zərif, gözəl qadın ola. Bu gözəl və özəl xanımı, əziz oxucularım, sizə bir qədər də yaxından tanıtmaq istəyirəm. Esmira Seyfəl qızı Şükürova (Esmira Fuad) Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. Qeyd edim ki, ömürlüyündə yer almış bu məqam təsadüfi deyil. Çünki atası Məmmədov Seyfəl Padar oğlu Qubanın ən yüksək nöqtələrindən biri sayılan Yuxarı Susay adlı ucqar dağ kəndində doğulub böyümüş, təhsili və işi ilə əlaqədar olaraq Xaçmaz və Göyçay rayonlarında yaşamalı olmuşdur. Bəlkə də Göyçay Mexanizasiya texnikumunda oxuyarkən anası, gözəl-göyçək Minarə xanıma sevdalanması atasını çəkib bu özəl yurda gətirmiş, ömrünün böyük hissəsini Qarabaqqal kəndində yaşamağa və buradakı tam orta məktəbdə şagirdlərə texnikanın sirlərini öyrətməyə yönləndiribmiş, kim bilir?!
Beləliklə də mənim qəhrəmanım 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirir. Öncə Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, “Azərbaycan diplomatiyası“ jurnalında baş redaktorun I müavini, “Respublika“ qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira xanım, görünür, bu illər boyunca iş yerlərini dəyişdikcə, həm də özünü axtarırmış... Və nəhayət, o həssas məqam gəlib özünü yetirir. Alimlər alimi Yaşar Qarayev 1999-cu il aprelin 1-də onu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinə elmi işçi vəzifəsinə işə götürür və ədəbiyyat sevdalısı bu xanımı öz dairəsinə, boşqabına salır sanki... Ədəbiyyatşünaslıq elmimizin tarixinə yeni bir ad qazandırır, imza bu addımıyla Yaşar Qarayev... Bu gün də həmin şöbədə aparıcı elmi işçidir Esmira xanım... Yorulub-usanmadan, böyük şövqlə çalışır, yaradıcılıq axtarışlarını davam etdirir.
1982-ci ildə tale yolunun üstünə çıxan Aslan bəylə ailə qurur, iki oğul və bir qız övladı bəxş edir ona və dibsiz ana məhəbbəti ilə övladlarını böyüdüb boya-başa çatdırır. Amma günlərin bir günü apaydın, günəşli dünyasını qaralara boğan, onu varından yox edən bir olay baş verir və... zavallı qadın düz beş il özünə gələ bilmir...
Bu haqda danışmaq və yazmaq ağrılı olduğundan heç zaman bu mövzuya toxunmamı-şam, onu kövrəltmək, yarasının qaysağını qopartmaq istəməmişəm gözlərində kədər yuva salsa da, dodaqlarında çiçək açdırmağı, üzünə daim xoş, çəkici bir təbəssüm qondurmağı bacaran bu mübariz xanımı... Amma Esmira Şükürova kimi tanınan alimin Esmira Fuad olması bir çoxlarını, heç şübhəsiz, düşündürür. Yaxınları bilsə də, geniş oxucu auditoriyasını nəzərə alıb, bu nüansa aydınlıq gətirməyi lazım bildim. Dəyərli alim Esmira xanım Azərbaycan İqtisad Universitetinin II kurs (qiyabi) tələbəsi olan gözünün görəni Fuadını DİN-in N saylı Hərbi hissəsinə əsgəri xidmətə, şərəfli tarixindən sevə-sevə, başına gətirilən müsibətlərdənsə ürək ağrısı ilə yazdığı böyük Vətəninə övladlıq borcunu yerinə yetirməyə göndərmişdi... Lakin icazə ilə evinə qayıdarkən avtomobil qəzasında faciəli şəkildə həyatını itirən Fuadının acı qədəri anasını Fuadlaşdırdı, imzasının yanına “Fuad“ təxəllüsünü qoymaqla... Həmin gündən Esmira xanımın yazılarının nüvəsində dünyada heç nə ilə ovunmayan, yerini heç bir sevincin doldura bilmədiyi dərin kədər gizləndi...Hər şeydən, dünyanın bütün həzzindən vaz keçdi, ancaq yazı-pozudan, elmi fəaliyyətindən qalmadı... Bəlkə də “Esmira Fuad“ imzası ilə Fuadının da ruhunu şad etdiyini düşündüyündən... Kim bilir?!.. Və bütün bunlara rəğmən vüqarını sındırmadı, ayaqda qalmağı bacardı, dərd-sərini kimsəyə nəinki yükləmədi, əksinə, hər zaman gizlədi. Ətrafındakılara daim xoş təbəssüm, müsbət enerji bəxş elədi. İç dünyasının hüznlü guşəsinin qapılarını möhkəmcə qapayıb qıfılladı. Yalnız özüylə, daxilindəki mənlə həsb-hal elədi, özündən-özünə şikayətlənib giley-güzar da etdi. Mənən yetkin olan, kamil təfəkkür, güclü iradə sahiblərinin bacara bildiyi, yolçusu olmağı üstləndiyi çox çətin, eyni zamanda çox da şərəfli bir yoldur bu...
Hamıya yaxşılıq etmək, hər kəsə hörmət və qayğı göstərmək missiyasını şərəflə daşıyır bu gün təbəssüm çöhrəli alim, bizlərin çox sevdiyi və örnək gördüyü ESMİRA FUAD...
“Mirzə İbrahimov adına Kitab Fondu“nun sədri, Filologiya üzrə fəlsəfə doktorudur. “Dildə, fikirdə və əməldə birlik” şüarının banisi dahi İsmayıl bəy Qaspıralının şərəfinə, əziz xatirəsinə ehtiram olaraq açdığı “Yeni tərcüman” (Min təəssüflər ki, müəyyən səbəblər üzündən günümüzədək yalnız iki sayı işıq üzü görüb) qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuadın 100-dən çox elmi-ədəbi məqaləsi, neçə-neçə publisistik yazısı dövri mətbuatda nəşr olunb. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu“na, Almaniyanın Nizami Gəncəvi Ədəbiyyat İnstitutunun isə “Xocalı Soyqırımı“ na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub... 2008-ci ildə Azərbaycan Qadınlarının III Qurultayına nümayəndə seçilib... 2006-cı ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib.
“Araz“ ali ədəbi, “Qızıl qələm”, “Xan qızı Natəvan“, “Həsənbəy Zərdabi“ və “Səməd Behrəngi “ mükafatlarının, AYB-nin “Şəhriyar Diplomu“nun laeuratıdır.
“Şəhriyar poeziyasında xalq həyatı”, “Məhəmmədhüseyn Şəhriyar (həyatı,ədəbi mühiti və yaradıcılığı )“, “Əgər bir ömrüm də olsaydı...“, “Ağ üzlü qara Moşu“, “Azərbaycan xalça sənətinin Kamili”, “Dünyaya naxış insanlar“, “Söz sərrafı Şəhriyar“, “XX əsr Güney Azərbaycan epik şeiri“ və “Güney Azərbaycan çağdaş ədəbi proses ( 2011-2013-cü illər )“, “Şəhriyar yaradıcılığının poetik qaynaqları “, “Bəkirnamə“, “Səninlə dünyada Bəxti Yaram mən - Böyük Turan şairi Bəxtiyar Vahabzadə“ kitablarının müəllifi, “Sözdən asılan arzular. XX əsr Güney Azərbaycan şairlərinin poemalarından seçmələr” poemalardan ibarət antologiyanın və “Türkün ilk beşiyi, sevgi ocağı – Urmu şeir antologiyası”nın, Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm!”, Rəsul Qədirinin “Tanrı bilsin, bir də könül”, Nazim Rizvanın “Yarımçıq vüsal” şeir və poema toplularının tərtibçi müəllifi və ön söz yazarı olan Esmira Fuad Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. Nəşrini nəzərdə tutduğu üç kitabdan birincisi – “Sözə sevdalılar“ 2011-ci ilin sonunda çap olunub. “Sözə sevdalılar“ seriyasından “Üzü Təbrizə“ adlı ikinci kitabı isə hazırda çap prosesindədir.

Bayrama çevrilən  və ya on beş il gecikən müdafiə
Bu günlərdə Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun Elektron Akt zalında AMEA-nın vitse prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin sədrliyi ilə Esmira Fuad Şükürovanın doktorluq dissertasiyasının müdafiəsi keçirildi. Həmin gün Elmlər Akademiyası bir bayram əhvali-ruhiyyəsi yaşayır, kənardan baxanlarda konsert təəssüratı yaradırdı. Gül-çiçəklə gələn insanların, zərif alimin sevincinə şərik olanların sayı-hesabı yox idi. Bu üzdəndir ki, bir çoxu dəhlizdə ayaq üstə qalmalı olmuşdu. Çıxış edənlərin hamısı, hətta İsa müəllim də akademiyanın son dəfə belə bir büsata nə zaman şahidlik etdiyini xatırlamadığını etiraf etdi.
İlk olaraq institutun elmi katibi fil.ü.f.d., dos. İsmixan Osmanlı çıxış etdi. Esmira xanımın ömürlüyü və elmi yaradıcılığı ilə bağlı yığcam məlumat verdi. Sonra dissertasiyanın məzmunu barədə çıxış üçün söz iddiaçıya-bizim qəhrəmanımıza verildi: “Mən bu gün bu tribunaya özümü ifadə etmək, gördüyüm işlərə aydınlııq gətirmək, bir növ hesabat vermək üçün qalxmışam. Dissertasiyamın mövzusu “XX əsr Güney Azərbaycan ədəbiyyatında poema janrı: inkişaf mərhələləri və problemləri“dir. 12-13 ilə yaxındır ki, mövzunu əhatələyən elmi iş üzərində çalışıram. Bu illər ərzində işlədiyim mövzu ilə əlaqədar olaraq əldə etdiyim poema örnəklərini bir araya gətirmiş və sonucda “Sözdən asılan arzular“ adlı poema antologiyasını nəşr etdirmişəm. Daha sonra Urmu gölünə həsr olunmuş şeir və poemaları toplayaraq “Türkün ilk beşiyi - sevgi ocağı“ adlı “Urmu şeir antolojisi”ni, daha sonra son dövr Güney yazarların yaradıcılığını, ədəbi prosesi incələdiyim “Güney Azərbaycanda çağdaş ədəbi poses“ kitabımın nəşrini gerçəkləşdirmişəm. Bu il isə Rəsul Qədirinin şeirləri “Tanrı bilsin bir də könül“, hazırda Norveçdə mühacir həyatı yaşayan Hadi Qaraçayın “Sonsuzluq“ poemasının da yer aldığı “Barışa inanma, Fərihcəm!” adlı şeir topıularını nəşr etdirərək Güney və poeziyasevər oxucuların ixtiyarına vermişəm. Dissertasiyamın əsas müddəaları isə “XX əsr Güney Azərbaycan epik şeiri“ adlı monoqrafiyamda daha geniş variantda öz əksini tapıb.
Sonra iddiaçı sual “yağışına“ tutuldu. İlk sual alim-şair, prof. Rafiq Yusifoğlundan gəldi: - Sizə sual vermək çox rahatdır. Çünki sualın hansı səpgidə olmasından asılı olmayaraq, ona əhatəli, məzmunlu cavab verəcəyinizdən əminəm. Bilmək istərdim, bu tayda yaranan poemalarla o tayda yaranan poemaların mövzu və problematikasında bir fərq varmı?
Esmira Fuad: Bəli, var. Sovet Azərbaycanında yaranan poemalarda daha çox sosializmin reallıqları, firavan həyat, xoşbəxt gələcək, azad gün, azad qadın, partiyaya, sabaha inam və s. kimi arzular tərənnüm olunurdu. Həm də cilalı ədəbi dildə yazılırdı bu poemalar... O tayda yaranan poemalarda isə ağrı, əzab, xalqın acı qədərinə, yarımçıq qalmış arzularına axıtdığı göz yaşları səhifələrə köçürülürdü. Güneydə 1946-cı ilin məğlubiyyətin¬dən, Milli Hökümətin qan içində boğulmasından, xalqın ümidlərinin puç olmasından sonra qələmə alınan poemalarda bu cür fərqlərin olması qaçılmazdır.
F.ü.e.d. Yaşar Qasımbəyli dolğun məzmunlu dissertasiya yazdığına, Quzeydə böyük ehtiyacımız olan səviyyəli elmi işinə görə iddiaçıya təşəkkür edərək sual ünvanladı: - Şimali Azərbaycan poemaları ilə Cənubi Azərbaycan poemalarının qısa da olsa müqayisələrini görmək istərdim. Strukturunda, poetikasında əsas fərq nədən ibarətdir?
Esmira Fuad: Sualınıza görə təşəkkür edirəm. Bu tayda mükəmməl formalaşmış dildə yazıb-yaradan şairlərlə təbii ki, o taydakı şairlərin əsərlərində fərq olmalıdır. Bu, aksiomadır. Cənubda ədəbi dil axsayırdı. Çünki türkcə yazılan ədəbiyyat nümunələri çap imkanı belə qazana bilmirdi. Və beləcə sandıq ədəbiyyatı yaranırdı. Bu da ədəbi prosesi ləngidirdi. Həsən Məcidzadə Savalan “Apardı sellər Saranı“ poemasını çap etdirmək üçün on iki il fürsət gözləyib. Çünki əsəri ana dilində qələmə almışdı. Mən tədqiqatımda yeri gəldikcə Şimali Azərbaycan ədəbiyyatının Güney yazarlarına böyük yaradıcı təsirindən bəhs etmişəm. Tutaq ki, Səməd Vurğunun 1947-ci ildə yazdığı “Yandırılan kitablar“ şeirinin təsirini Mənüçöhr Əzizi Harayın “Yandırılan sazlar“ poemasında axtarmışam... Bizim şairlərin Arazın o tayında yaranmış güclü ədəbiyyata təsiri açıq-aydın hiss olunmaqdadır. Bir faktı unutmayaq ki, 30-cu illərdə Azərbaycan türkcəsində olan bütün əsərlər toplanaraq Təbrizin baş meydanında tonqallarda yandırılmışdı. Bu fakt S.Vurğunun həmin şeirində, tar və saz kimi Azərbaycan milli musiqi alətlərinin də 1980-ci illərdə eyni taleyi yaşaması “Yandırılan sazlar“ poemasında öz əksini tapmışdı. Bildiyimiz kimi, Rəsul Rzanın Təbrizdəki “Ərk qalası“na həsr etdiyi məşhur şeiri var. Cənubda XX əsr boyunca Ərk qalası mövzusunda üç poema yarandı. Əlbəttə ki, ədəbiyyat vəhdətdə və bir müstəvidə inkişaf edirdi. Bütün mümkün variantların müqayisəli qarşılaşdırılmasına rast gələ bilərsiniz dissertasiyada. Bu səpkidə qarşılaşdırmalarım kifayət qədərdir. Sadəcə bir qədər diqqətlə mütaliə etmək gərəkir dissertasiyanı... İki siyasi ortamda, fərqli rejimdə yaşayan şairlərin əsərlərinin strukturunda o qədər də yox, amma problematikasında, əlbəttə, fərq olmalı idi və var. Güney yazarlarının bir üstün cəhətini də qeyd etməyə bilmərəm, onlar orta və ali məktəblərdə ana dilində təhsil almaqdan məhrum olduqlarından, həm də bir növ məcburən, fars və ərəb dillərini ən yüksək səviyyədə öyrənir, klassik ədəbiyyatın özəlliklərini, ürfanı dərindən mənimsəyirlər. Bu nüans yaranmış və yaranmaqda olan bədii əsərlərdə özünü qabarıq şəkildə göstərməkdədir.
Professor Vüqar Əhməd: - Esmira xanım, yüz il müddətində yaranmış poemaları tədqiqata cəlb etmisiniz. Bu, çox gözəl, eyni zamanda gərgin bir işdir. Dissertasiyanın yaranması şöbədə, gözümüzün qarşısında baş verib. Mən bilmək istərdim ki, bu qədər poemanın içərisində sırf məhəbbətdən bəhs edən bir poema varmı?
Esmira Fuad: - Cənubda yaranan poemaların çoxu fərdin sevgisi ilə başlasa da, sonu azadlıq arzusu, Vətən dərdi, həsrət və nisgillə bitir. Lakin sırf sevgi motivli bir neçə nümunə əldə edə bildim. Bunlar Haşım Tərlanın “Araz gülür“, Məhəmməd Biriyanın “Ərk qalası əfsanəsi”, Həsən Məcidzadə Savalanın “Apardı sellər Saranı” poemalarıdır.
Suallara ara verildi. Şuranın elmi katibi İ.Osmanlı aparıcı təşkilat, avtoreferat və dissertasiyaya verilmiş rəylər barədə məlumat verdi.
Esmira xanımın dissertasiyası aparıcı müəssisə kimi Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında 12 mart 2018-ci ildə müzakirə olunmuşdur. Demək olar ki, kafedranın bütün əməkdaşları müzakiədə iştirak edib və dissertasiya haqqında yüksək fikirlər səsləndiriblər. Bəzi cüzi irad və təkliflər də vardır. Aparıcı müəssisə belə qərara gəlir ki, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat institutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Esmira Seyfəl qızı Şükürova “XX əsr Cənubi Azərbaycanda poema janrı“ mövzusunda yazdığı tədqiqatının Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiyanın qarşısına qoyduğu müasir tələblərə cavab verdiyi qeyd edilsin və onun müəllifinin Azərbaycan ədəbiyyatı ixtisası filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alması məsləhət bilinsin.
Aparıcı müəssisənin rəyindən başqa da iddiaçının dissertasiyasına rəylər vardır. Birinci rəyi prof. Qəzənfər Paşayev, ikinci rəyi BDU-nun Türkologiya kafedrasının müdiri, F.ü.e.d., prof. Ramiz Əskər, üçüncü rəyi AMEA-nın M.Füzuli adına Əlyazmalar institutunun elmi işlər üzrə direktor müavini, F.ü.e.d. Paşa Kərimiov imzalayıb. Dördüncü rəy N,Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, F.ü.e.d., prof. Tahirə xanım Məmmədə məxsusdur. Və nəhayət, beşinci rəyin müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, F.ü.e.d., prof. İmamverdi Həmidov Esmira xanımın dissertasiyasını yüksək qiymətləndirmişlər.
İ.Osmanlı Esmira xanımın avtoreferatına da yazılmış rəyləri elmi şuranın diqqətinə çatdırdı və Nəsimi adına Dilçilik institutunun Tətbiqi Dilçilik şöbəsinin müdiri, F.ü.e.d., prof. İsmayıl Məmmədovun, Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun elmi işlər üzrə direktor müavini, F.ü.e.d., prof. Məmməd Əliyevin, Nəsimi adına Diçilik institutunun baş elmi işçisi, F.ü.e.d., prof. Roza Eyvazovanın, AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, F.ü.e.d. Seyfəddin Rzasoyun müsbət xarakterli rəy imzaladıqlarını bəyan elədi...
Sonra dissertasiyanın elmi məsləhətçisi F.ü.e.d. Rəhim Nadir oğlu Əliyev müsbət rəyini bildirdi.
Bundan sonra sədr İsa Həbibbəyli çıxış üçün sözü rəsmi opponentlərə verdi. İlk olaraq kürsüyə akademik Nizami Qulu oğlu Cəfərov dəvət olundu.
Nizami Cəfərov - Esmira xanım uzun illərdir ki, Cənubi Azərbaycan Ədəbiyyatı haqqında yaradıcılıqla məşğuldur. Dövrü, faktları, materialı gözəl bilir. Ona görə də araşdırması faktlarla normadan artıq zəngindir. Saysız-hesabsız mənbələrə baş vurmasının nəticəsidi ki, mükəmməl iş ərsəyə gətirib. İddiaçı bu sahədə qiymətli əsərlər çap etdirib. O taylı-bu taylı Azərbaycanımızın ortaq ədəbiyyat nümunələrini ələkdən keçirən alim xanımın illər ərzində çəkdiyi əziyyəti təqdirə layiqdir. Bu dissertasiya gələcəkdə yazılacaq neçə-neçə dissertasiyaya mövzu verəcək səviyyədə zəngindir. Dissertasiyanın “Poemalarda modernizm cərəyanının təzahürü” fəsli yüksək səviyyədə və yeni olduğu üçün daha çox xoşuma gəldi.
N.Cəfərov xüsusilə qeyd etdi ki, bu, gecikmiş müdafiədir, Esmira Şükürova illər öncə bu adı almağa layiq idi.
İkinci opponenet AMEA-nın müxbir üzvü Tehran Alışan oğlu Mustafayev: - Cənubi Azərbaycanla bağlı yazıb-yaradanların içərisində seçilən alimlərimizindən biri də Esmira xanımdır. Dissertasiya informasiya baxımından çox zəngindir. Müəllif şərh, təsvir, təqdim yolu ilə XX əsr Cənub ədəbiyyatında mövcud olan poema mənzərəsini qarşımızda canlandıra bilib. Cənub şairlərinin janra nə qədər böyük önəm verdiyini görə bilirik. Esmira xanım mövzunu problem baxımından hərtərəfli ehtiva, necə deyərlər ələk-vələk edib. Təkcə fəsillərin adına baxsaq, bunun şahidi olarıq:
Cənubi Azərbaycan ədəbiyatında poema janrının təşəkkülü və tədqiqi problemləri:
Poema janrının inkişafında yeni meyl və təmayüllər;
Poemalarda ənənə və müasirlik problemi;
Cənubi Azərbaycanda epik şeirin poetik sistemi.
Problemlər doktorluq işinə yaraşan səviyyədə elmi qoyulub, hətta fəsillərin hər biri ayrıca bir dissertasiya mövzusudur, deyə bilərəm. Bəzi məqamlara iradlarım var. Amma bu, ümumi işin yekununda nəzərə çarpmayacaq qədər azdır.
Üçüncü opponent F.ü.e.d., prof. Almaz Əli qızı Məmmədova...
Hər üç opponentin çıxışına iddiaçı təşəkkürünü bildirib dərhal və bir qədər də sərt təpkiylə cavab verdi. Ən kiçik nüansı belə nəzərdən qaçırmayan, ən cüzi fikrə belə arqumentlərlə fikir bildirən Esmira xanım qarşı tərəfin “ Kifayətdir, qəbul edirəm “ deməsinə rəğmən sakitləşmək bilmir, illərlə üzərində çalışdığı, övladı sayılan elmi işinin müdafiəsində bircə addım olsun güzəştə getmək fikrində deyildi. Bu səbəbdəndir ki, elmi şuranın üzvləri “Esmira xanımın ürəyi doludur“, “Ürəyindəkiləri deməsə, çətin sakit ola“ kimi təbəssümə səbəb olan replikalar işlətdilər.
Elmi iş barədə danışmaq üçün çıxışlar başlandı.
Professor Məhərrəm Qasımlı- Esmira xanım illərdi ki, sanballı elmi məqalə və monoqrafiyalarla çıxışlar edir, kitablar nəşr etdirir. Bu kitabların bir neçəsinin redaktoru olmuşam. Alim illərdir ki, bu günkü müdafiəsinə əzmlə, cəsarətlə və işinə böyük sevgiylə yol gəlir. Esmira xanım kifayət qədər akademik səviyyəli və professinaldır.
O tayda yaranan Qarabağ mövzulu poemalar bir daha sübut edir ki, bir xalqı ikiyə bölməklə onu bir-birindən ayırmağa gücləri yetmədi. Və Esmira xanımın fədakar əməyi sayəsində bu tayda yetişən gənclik bu mövzulardan xəbər tuta bilir. Milli təəssüb hissi çox yüksək olan vətənpərvər bir insandır və hər bir cüzi irada qarşı sərt müdafiə mövqeyində dayanması ilə o, təkcə öz elmi işini deyil, bütövlükdə Güney Azərbaycanı müdafiə edir, qoruyur...
Professor Vüqar Əhmədin çıxışı öz səmimiyyəti, sadəliyi, şairanəliyi və doğmalığı ilə bir anlığa hamını müdafiədən alıb ailə ortamına apardı: Neçə ildir ki, bizim şöbədən müdafiə edən yox idi. Buna görə çox sevincliyəm. Sanki özüm müdafiə edirmişəm kimi, həyəcanlıyam. Cənubdan yazan digərləri məndən inciməzlər yəqin ki, desəm, Esmira xanım qanıyla, canıyla, bütün varlığıyla Arazın o tayına bağlı olan insandır. Onun Şəhriyara, Təbrizə olan sevgisinin şahidiyik. Ustad haqqqında cild-cild kitablar nəşr etdirir, monoqrafiyalar yazır, xarici dövlətlərdə vətəni təmsil edir. Üzünü görmədiyi birini bu qədər sevmək üçün qeyri-adi ürəyə sahib olmaq lazımdır. Məhz buna görədir ki, Şəhriyar deyərkən Esmira Fuad yada düşür. Bu dəyanətli xanımın bütün yaradıcılığı cənubla, ələlxüsus da Şəhriyarla bağlıdır.
Urmu gölüylə bağlı Cənublu bacı-qardaşlarımızın harayına ilk və ən tutarlı hay verən də Esmira xanımdır. Təəssübkeş və vətənpərvər qadın-alim Urmu faciəsini o taydakı həmvətən-lə¬¬ri¬miz kimi qəlbində daşıdı, bu haqda mətbuatda çıxışlar etdi. Qarşımda bir il ərzində nəşr olunmuş ədəbiyat nümunələri-beş kitab durur. Bu bir zəhmətkeş, yorulmaz alim ömrünün əziyyətinin bəhrəsidir.
Esmira xanım bütün sahələrdə fərqlənən, seçilən biridir. Onun necə qayğıkeş ana, nümunəvi həyat yoldaşı, məhsuldar alim, səmimi həmsöhbət, bacarıqlı aşpaz, mədəni və son dərəcə kübar biri olduğunu demək lazımdır. Esmira xanım bədii əsərlərdə oxuduğumuz əsl Azərbaycan xanımının prototipidir. Gələcək nəsillərə qiymətli əsərlər yadigar qoyan alimə bütün qəlbimlə minnətdaram.
F.ü.e.d. Mahirə Quliyeva: - Sanballı araşdırmaya görə Esmira xanımı təbrik edirəm. Məndən öncə vurğlansa da, deməyi özümə borc bilirəm. Alim saysız-hesabsız mənbələrə baş vurub. Cənubda yazıb-yaradan yazarların, alimlərin əsərləri ilə bizi tanış etmək ikiyə ayrılmış bir xalqın mədəni əlaqələrinin möhkəmlənməsinə, elmi müstəvidə yaxınlaşma, doğmalıq bağlarının daha da doğmalaşmasına xidmət edən müqəddəs bir işdir.
F.ü.e.d. Prof. Rafiq Yusifoğlu – Esmira xanımın elmi işinin böyük məziyyəti bundadır ki, ikiyə bölünmüş Azərbaycanın görmədiyimiz tərəfinin-mədəniyyətinin qapısını, ədəbiyya¬tı¬nın qapısını bizə ilk dəfə açdı. Və gələcək ədəbiyyatşünaslıq elmimizin düzgün istiqamətlənməsinə yardımçı olub. Esmira xanımın qüdrəti ondadır ki, öz fikirlərini istənilən halda müdafiə etmək qüdrətinə malikdir. Esmira xanım heç nə yazmasaydı belə, nəşr etdirdiyi antologiyalara görə elmlər doktoru adını almağa layiqdir.
Yaşar Qasimbəyli – Esmira xanım bu günkü müdafiəyə qədər bu adı doğruldub, bu adın haqqını verərək bu müdafiəyə gəlib. Adam var ki, doktorluq, yaxud namizədlik işi müdafiə edir, üstündən on-on beş il keçir, alim adını doğrulda bilmir. Amma Esmira xanım bu adı doğruldaraq müdafiə kürsüsünə qalxıb. Cəfakeş, zəhmətkeş alimə sadəcə təşəkkür düşür.
Sonda sədr İsa Həbibbəyli danışdı: – Esmira Şükürova nəinki Azərbaycanda, eləcə də Türkiyədə, İranda Cənubi Azərbaycan ədəbiyyatının əsas təəssübkeşlərindən, ən məhsuldar yaradıcılığı olan alimlərdən biri kimi qəbul edilir. Esmira xanımın əsərləri adını sadaladığım ölkələrdə çap olunub və qiymətini alıb. Bu əsərlər ictimaiyyət tərəfindən sevilir və dəyərləndirilir. Bu günkü müdafiə də Esmira xanımın Cənubi Azərbaycan ədəbiyyatının təkcə poema janrını deyil, bütövlükdə gözəl mənimsədiyini, dərindən bələd olduğunu, onun problemlərini yaxşı bildiyini, daxilinə varid olan elmi-nəzəri qiymət verməyi bacaran bir tədqiqatçı olduğunu hamımızın qarşısında bir daha nümayiş etdirdi. Mən hesab edirəm ki, bizim Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçıları az da deyil, çox da deyil. Amma ən yaxşı tədqiqatçılardan biri də bu gün həyata vəsiqə almış olur. Mən sizi təbrik edir, sizə uğurlar arzu edirəm.


O gün, 2018-ci ilin küləkli, qasırğalı, yağışlı soyuq 30 mart günündə ürəyinin odu-alovu, qaynar çıxışlarıyla Esmira xanım hər kəsi isindirdi və səs çoxluğu ilə elmlər doktoru adını almağa layiq görüldü.
Esmira Şükürova//Esmira Fuad həm elmi şuranın sədrinə və üzvlərinə, həm də müdafiəyə gəlmiş qonaqlara təşəkkür elədi.
Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı, tarixçi alim Lətifə xanım Məmmədova müdafiədən sonra çıxış üçün söz aldı, görək nə dedi: – MDB-də hər il beynəlxalq müsabiqə keçirilir.

Müsabiqənin adı “Kitab incəsənəti“dir. 2016-cı ildə bu müsabiqənin qalibi çox hörmətli akademikimiz İsa Həbibbəyli olub. Bu müsabiqə on bir nominasiya üzrə keçirilir. 2017-ci ildə “Tədris ədəbiyyatı və təhsil“ nominasiyası üzrə Esmira Seyfəl qızı Şükürova “XX əsr Güney Azərbaycanında poema janrı“ kitabına görə bu Diploma layiq görülüb.
Mən UNESCO-nun “İnformasiya hamı üçün“ layihəsinin Azərbaycan komitəsinin sədriyəm. Esmira xanım “Güney Azərbaycan ədəbiyatının və ədəbi bədii irsinin təbliğ olunmasında göstərdiyi yüksək xidmətlərə və müasir Azərbaycan elminə verdiyi dəyərli töhfələrə görə“ UNESCO-nun Təşəkkürnaməsi ilə təltif olunur.
Müdafiə bitdikdən sonra Esmira xanım gül-çiçəklə onu təbrikə gələnlərin xoş sözləri, səmimi arzularına qarşılıq olaraq göz yaşlarını saxlaya bilmədi.


Təqdimatlarda, tədbirlərdə demək olar ki, həmişə küsən, inciyən, narazı gedənlər olur. Esmira xanımın diqqətinin titizliyindən, sayıqlığından burada belə hal yaşanmadı. Hamıya sayğıyla, heç bir fərq qoymadan yanaşan alimin böyüklüyü elə onun sadəliyindədir desək, lap yerinə düşər. Xatirə şəkilləri çəkildikdən sonra alimin şərəfinə təşkil olunmuş banketə yollandıq. Burada da onun xanımlığının bütün məziyyətləri meydana çıxdı. Son dərəcə zövqlü, sözünün çəkisini bilən, mehriban səbəbkar füsunkar rəqsləriylə məni bir daha etkilədi. Və kreativ bir təklifdə bulunaraq “Daha keçib, əzizim, bir də “Rəqs“ MMC təsis edin, sizdən öyrənək!“ dedim. Dəyərli alimlərin, tələbə yoldaşlarının, rəfiqələrinin iştirakıyla keçən ziyafətdə hər şey yüksək səviyyədə, musiqi tərtibatı isə son dərəcə gözəl idi. Deyilən sağlıqlar da, süfrə də, rəqslər də...
Esmira xanım məclis üzvlərinə içdən gələn təbrikləri üçün məmnunluğunu bildirdi və sonsuz təşəkkürlər etdi. Heç cür ayrıla bilmədiyi Güneyi haqda danışmadan edə bilmədi. Havanın təlatümünü dəfələrlə vurğuladı səbəbkar. “ Bu günkü hava Güney Azərbaycanın taleyinə, fırtınalı, təlatümlü qədərinə bənzəyir, hava da bu tarixi hadisəyə eşlik, kardeşlik, şahidlik edir “.
Amma bütün bu gözəlliklərin fövqündə dayanan Esmira xanım hər gözəllikdən üstün idi. Və istər elmi şurada, istərsə də banketdə deyilən bütün təbriklərdə bir şey vurğulanırdı: Bu, çox gecikmiş bir müdafiə idi. Esmira xanım bu adı illər öncə haqq etmiş, titulu almağa layiq idi...
Kəmalə Səlim Müslümqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.