Aldığı nəfəsi belə saymışdılar: İzlənən böyük şair – Şok dosye
26-05-2018, 08:06
Böyük türk şairi və mütəfəkkiri Məhməd Akif Ərsoy həyatının son 10 ilini polis və xüsusi xidmətlərin təqibi altında keçirib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin “İstiqlal” marşının müəllifi olan Məhməd Akif Ərsoy getdiyi hər şəhərdə izlənib, haqqında dosyelər hazırlanaraq Ankaraya ötürülüb.
Məhməd Akif Ərsoy təzyiqlərə dözməyərək 1925-ci ildə ailəsi ilə Misirə gedib, qürbətdə həyatın rahat və sakit keçəcəyini düşünüb. Çünki ölkəsində rahat nəfəs ala bilməyəcəyini, daim təqib altında olacağını, fəaliyyətinə maneə yaradılacağını artıq dəqiq bilirdi. Yazı və şerlərinin çap edildiyi jurnalların bağlanması buna işarə idi.
Akif Ərsoy şahzadə Abbas Həlim Paşanın dəvəti və məsləhəti sayəsində Misirə yola düşür. Qahirədə Camil Misriyə adlı universitetdə türk dili və ədəbiyyatı dərsləri deməyə başlayır. Ancaq Misirin isti və sərt iqlimi şairin sağlamlığına problem yaradır. Üstəlik, Qahirədə də nəzarət altında olduğu, daim izləndiyini hiss edir.
Əslində şair səhv etməmişdi. Onun Qahirədə türk kəşfiyyatı tərəfindən sutkanın 24 saatı izləndiyi 2014-cü ildə ortaya çıxdı.
Arxiv qeydlərinə görə, Akifin dəqiqədə neçə dəfə nəfəs alması belə müəyyən edilmişdi. Eyni zamanda həmin dövrdə Məhməd Akif Ərsoy durumunu, əhvalının pozulduğunu dostuna bildirmişdi: “Arxamca polislər, kəşfiyyatçılar gəzir. Mən vətənini satan və məmləkətimə xəyanət edən bir adam kimi görünməyimə dözə bilmirəm”.
Misirdə Ərsoy haqqında kəşfiyyat və xəfiyyə məlumatları toplanaraq Türkiyə Daxili İşlər Nazirliyinə göndərilirdi. Nazir Şükrü Qaya bu məlumatları şəxsən özü oxuyurdu. Dövrünün təhlükəsizlik işləri ümumi müdirliyi Akif Ərsoyun gedə biləcəyi Qahirə, İsgəndəriyyə, Beyrut, Hələb, Dəməşq və Qüds kimi şəhərlərdə türk diplomatlarına məktublar göndərirdi.
Qüdsdən göndərilən məktubda şair haqqında “Burada cümhuriyyətin əleyhdarı çox nüfuzlu və hörmətli şəxs olaraq tanınır” fikri vurğulanırdı.
Məhməd Akif Ərsoy xəstəliyinin birinci mərhələsində Beyrut və Dəməşqə gedib, burada uzun fasilələrlə qalıb. Həmin vaxt nazir Şükrü Qayanın göndərdiyi xəfiyyələr Akif Ərsoyu yaxından təqib edib, hətta onun xəstəliyinə dair qeydləri əldə edə biliblər. Məhz o zaman biliblər ki, məşhur şair qaraciyər xərçəngidir.
Məhməd Akif İstanbula qayıtmazdan əvvəl Hataya yollanıb. Hatay o zaman fransızların idarəçiliyində imiş. Ancaq türk xəfiyyəsi burada da Ərsoyu təqibə alaraq atdığı addımlar haqda mərkəzə məlumatlar göndərib.
“Bir müddət Misirdə qalan islam şairi Akif üç həftədir ki, Antakyada gəzir. Akifi bura Cəmil Bərəkət dəvət edib. Cəmil Bərəkət Suriya dövlətinin sabiq rəhbəri, hazırda Suriya Məclisinin rəisi, ərəb Sübhi Bərəkətin yaxınıdır. Axmaq, səfeh, eyni zamanda ərəb millətçisi və türk düşmənidir”,- o zaman Antakyadan Ankaraya göndərilən məlumatda qeyd olunurdu.
Bütün təqib və təzyiqlərə baxmayaraq böyük şair son nəfəsini vətən torpağında, İstanbulda vermək istəyirdi. Bu səbəbdən 1936-cı ildə İstanbula gəlib. Xəstəliyi də şiddətlənmişdi. Abbas Halim Paşanın yaxın qohumu şahzadə Əminənin köməyi sayəsində Sağlamlıq Mərkəzinin Misir kabinəsinə yerləşdirilmişdi. Akif xəstə canı ilə mübarizə apararkən polisin təqibi davam etməkdə idi.
“Şair Akif xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə məqsədilə İstanbula gəlib. Abbas Halim Paşanın ailəsindən şahzadə Əminənin himayəsi və yardımı ilə Sağlamlıq Mərkəzinə qoyulub. Hələ müalicə alır. Misirə qayıtmayacağı və bundan sonra ölkədə qalacağını ziyarətçilərindən birinə deyib. İstanbula gəlişinin başqa məqsədi olub-olmadığı tərəfimizdən araşdırılır”,- Şahzadə Əminənin yardımı və Məhməd Akif Ərsoyun son vəziyyəti haqqında Ankaraya göndərilən hesabatda qeyd edilirdi.
“İstiqlal” marşının müəllifi, böyük vətənsevər Məhməd Akif Ərsoy 1936-cı ilin 27 dekabrında qaldığı Sağlamlıq Mərkəzində vəfat etdi. Ərsoyu izləmək tapşırığı alan xəfiyyələrin onun ölümündən sonra Ankaraya nələr yazdığı maraqlı görünsə də bu, hələlik açıqlanır.