Qərbdə və Şərqdə: “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarır”
6-06-2018, 20:25
Məşhur misaldır. Deyirlər ki, “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarır (xilas edir). Yəni, bəzən kiçik gördüyünüz bir detal, bir nüans bir döyüşün, bir elin taleyini həll edə bilər. İndi baxaq ki, Qərbdə və Şərqdə proseslərə və detallara, xüsusilə qəhrəmanlıqlara yanaşma necə olur.
Beləliklə, “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarır” və illər sonra bu prosesə tərəflərin mövqeyini öyrənirlər. Cavablar belə olur:
Qərbdə:
İgidin mövqeyi: Şişirdiləcək bir şey yoxdur, mən sadəcə görməli olduğum işi gördüm. Digər tərəfdən mıx, nal və at öz funksiyalarını elə peşəkarcasına yerinə yetirdilər ki, mənə elə də çox yük düşmədi. Bu, hamımızın birgə zəhmətimizin nəticəsidir. Mən də müvəqqətiyəm. Məndən sonra gələnlər də eyni şəkildə öz işlərini peşəkarcasına yerinə yetirəcəklər və uğurlarımız daimi olacaq.
(At, nal və mıx da oxşar fikirlər səsləndirirlər).
Şərqdə:
İgid: Bu, doğurdan da çox çətin idi. Bilirsinizmi, bəzən elə olur ki, siz həlledici addımı atmalısınız. Çünkü hamının taleyi sizdən asılıdır. İnsanlığı ancaq siz xilas edə bilərsiniz. Bu zaman gərək özünüzdə o cəsarəti hiss edəsiniz. Allahın sizinlə olduğunu biləsiniz. O ilahi missiyanın sizə verildiyini biləsiniz. Mən bunu hiss etdim. Bu, inanılmaz idi. Amma mən bacardım. Döyüş meydanından qurtula və daha sonra elimi qurtara bildim.
At: Vallah nə deyim. Ha deyirəm ki, danışmayım, amma alınmır. Siz onun igid kimi görünməyinə baxmayın. Adam quruyub qalmışdı, nə edəcəyini bilmirdi. Mindirdim belimə, qaçıb qurtardım. O da çox sevindi. Bir müddət yemimi artırdı, xüsusi qayğı göstərdi. Amma sonra ətrafını dəyişdirdi, yeni atlar aldı, hətta xaricdən at gətirtdi. Sonra da məni özündən uzaqlaşdırdı. Arada həmin döyüşün ildönümü ilə bağlı tədbirlərdə çağırıb otdan zaddan verirlər. Amma belədə yada salan yoxdur.
Nal: İgid və at o qədər boş-boş danışırlar ki, mən məəttəl qalıram. Sanki bütün yük mənim üzərimdə olmayıb. Hətta bəzən elə danışırlar ki, özümdən şübhələnirəm ki, bəlkə mən ümumiyyətlə orada olmamışam.
Ümumiyyətlə bunlar düzələn deyil. Çox vaxt peşman oluram ki, gərək heç orada olmayaydım. Atın ayağı daşlara dəyib əziləydi, “igid”i belindən yerə çırpaydı. Ümumiyyətlə məğlub olaydıq. Düşmın bunlardan yaxşı olardı.
Mıx: Gün hayandan çıxıb ki, mənim fikrimi də soruşurlar. Nə isə, əslində danışmağa həvəsim yoxdur. Amma sizin xətrinizə danışım. Axı bütün o prosesdə ən kilit faktor mən olmuşam. Bir deyən yoxdur ki, o nal o atın ayağında nəyin hesabına qalmışdı. Bir mıx bir nalı saxlamasaydı, nal atı necə saxlayardı, at igidi necə xilas edərdi, igid eli necə qurtarardı? Yəni bu qədər sadə məsələni niyə görmək istəmirlər?
Milli mıxlara heç vaxt dəyər verilməyib, verilməyəcək də. Əgər mən xarici mıx olsaydım, indi heykəlimi qoymuşdular. Ümumiyyətlə Avropada olsaydım, indi yaxşı təqaüd alırdım, yaxşı hörmətim var idi. Bizim kimi ölkələrdə mıx olmağın yeri yoxdur. Mıxlara baxan yoxdur. İşin qurtardısa paslan, çürü, yox ol. Heç kimin vecinə deyil…
Mənim belə olmağıma baxma. Mənim də vaxtarım olub. Heç unutmuram bir dəfə… (“danışmağa həvəsi olmayan” mıx söhbəti çox uzatsa da biz burada yekunlaşdırırıq).
turkustan.info
Araz Aslanlı