Perinçək işinin sirri: ermənilər uduzdu
17-10-2015, 09:00
Qərb Ermənistanı Rusiyanın qucağına itələyir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Yepifançev öz Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, “Perinçək İsveçrəyə qarşı” işində uduzan əsas tərəf Ermənistan oldu:
“Perinçək İsveçrəyə qarşı” işində uduzan tərəfə qarşı illüziya yaranmamalıdır. Bu işdə İsveçrə əsas iddiaçı tərəf olsa da, reallıqda əsas uduzan tərəf Ermənistan və erməni diasporu oldu. Bir şeyi dəqiq anlamaq lazımdır ki, “erməni soyqırımı”nın bir çox ölkələr tərəfindən tanınmasının əsas səbəbi birdən-birə yüz il əvvəl yaranmış mübahisəli tarixi faktla bağlı olan təlatüm deyil. Burada əsas üç məsələ var:
a) Erməni diasporunun təzyiqləri;
b) Türkiyəyə təzyiq etməyə cəhd;
c) Ermənistanla yaxınlaşmağı arzu etmək.
Perinçek məsələsində bu 100% erməni diasporunun təzyiqi idi. Ona görə də məhz diaspor və onun arxasında dayanan Ermənistan uduzdu”.
Yepifançev İrəvanın heç vaxt Avropa Birliyinə daxil olmayacağını bildirib:
“Digər tərəfdən isə biz qalib tərəflə bağlı illüziyalara da yol verməməliyik. Perinçəki bir kənara qoyaq. “Perinçək İsveçrəyə qarşı” məhkəməsini ilk növbədə udan Rusiyadır. Məsələ ondadır ki, Ermənistanın istədiyi iki əsas məsələ var. Bundan birincisi, Dağlıq Qarabağın tanınması (heç olmasa status-kvonun saxlanılması – A.Y.), ikincisi isə “erməni soyqırımı”nın tanınmasıdır. Ermənistan üçün bu iki bəndi yerinə yetirən qüvvə, onun üçün əsas siyasi mərkəzə çevriləcək. Nə birinci, nə də ki, ikinci bəndləri Ermənistana Qərb verə bilməz. Ona görə də dolayısı yolla İrəvanı Rusiyanın qucağına itələyirlər. Ermənistan üçün seçim alternativi yoxdur. İrəvanda antirusiya əhval-ruhiyyəsinin nə qədər artmasından asılı olmayaraq, o, Avropa Birliyinə yox, məhz Avrasiya İttifaqının tərkibinə qatılacaq. Hazırda Moskva üçün sərfəli olan məqam soyqırımı tanımaqdır. Bu, İrəvanı onun öz orbitinə çəkir. Əgər cazibə zəifləsə, o zaman Rusiya bunun davam etdirilməsi ilə bağlı marağını itirəcək. Əgər gələcəkdə Ermənistan hansısa səbəb ucbatından Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmağa başlasa, Moskva ya “soyqırım”ın tanınmasında imtina edəcək, ya da ki ən yaxşı halda onun haqqında danışmayacaq. Misal kimi Gürcüstanı göstərmək olar. Onlar lazım olan kimi çərkəz soyqırımını tanıdılar, amma maraqları yox olan kimi onun haqqında kəlmə belə söyləmədilər. Artıq Rusiyanın həmin cazibliyi itirməsinə qarşılıq olaraq, davranışı məhz Qarabağla bağlı mövqedə də özünü göstərəcək. Ona görə də əgər Rusiya indi Avropa İnsan Haqları Məhkəməsinin qərarını böyük biabırçılıq adlandırıb, eyni anda onun hakimlərini “Vətən qarşısında xidmətə görə” medalı ilə təltif etsə, ən doğru addımı atmış olar”.
Qeyd edək ki, dünən Türkiyə İşçi Partiyasının rəhbəri Doğu Perinçək Avropa İnsan Haqları Məhkəməsində qalib gəlib. “Perinçək İsveçrəyə qarşı” prosesinə əsasən bundan sonra bütün Avropa ölkələri “erməni soyqırımı”nın inkarının cinayət olması ilə bağlı qərar qəbul edərkən, bu cinayət işini nəzərə almalı olacaqlar.