Kreml: Əvvəlcə razılıq, sonra görüş - Putinin Zelenski ilə görüşməsi üçün şərtlər açıqlanıb
Bu gün, 15:48

Putinin Zelenski ilə görüşməsi üçün şərtlər açıqlanıb
Rəsmi Moskva Rusiya-Ukrayna prezidentlərinin görüşünün yalnız nümayəndə heyətləri arasında konkret razılaşmalar əldə edildikdən sonra mümkün olacağını bildirib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov həmçinin bildirib ki, Rusiya atəşkəs üçün şərtlər hazırlayır və bunları Ukraynaya təqdim edəcək.
Daha əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski, Moskva və Kiyevin növbəti danışıqlara qədər atəşkəs şərtlərini daha ətraflı şəkildə işləyib hazırlamağa razı olduqlarını açıqlamışdı.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra bildirib ki, növbəti addım, liderlər səviyyəsində görüş olmalıdır. Xatırladıb ki, Ukrayna bu barədə Rusiyaya təklif verib.
Danışıqlardan bir gün sonra, mayın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Markov Rubio telefonla danışıblar.
Onlar Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar. ABŞ bundan sonra da danışıqlarda dəstək olacağını açıqlayıb. Lavrov isə danışıqların ABŞ-nin sayəsində olduğunu vurğulayıb.
Mayın 16-da İstanbulda Rusiya-Ukrayna danışıqları keçirilib.
Bu, 2022-ci ildə müharibə başlayandan bəri tərəflər arasında keçirilən ilk birbaşa görüşdür.
Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Kit Kelloq və ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak iştirak edib.
Ukrayna tərəfini görüşdə Prezident Adminstrasiyasının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Adminstrasiyasının rəhbərinin müşaviri Aleksandr Bevz təmsil edib.
Rusiya nümayəndə heyətində Prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov olub.
Türkiyə tərəfindən isə görüşə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan qatılıb.
Danışılar zamanı tərəflər atəşkəs barədə razılığa gələ bilməyiblər.
Rəsmi şəkildə razılaşdırılan yeganə məsələ 1000 hərbi əsirin qarşılıqlı şəkildə dəyişdirilməsi olub.
Rusiya tərəfi danışıqlardan məmnun qaldığını və gələcək müzakirələrə hazır olduqlarını açıqlayıb. Nümayəndə heyətinin rəhbəri Vladimir Medinski, Putinlə Zelenski arasında birbaşa görüşün təşkilini müzakirə etməyə hazır olduqlarını bildirib.
Ukrayna isə danışıqları nəticəsiz hesab edib və Rusiyanın irəli sürdüyü şərtlərin “qəbuledilməz” olduğunu bəyan edib. Ukrayna tərəfinin sözlərinə görə, Rusiya sülh danışıqlarına yalnız işğal etdiyi əraziləri özündə saxlamaq şərti ilə razılıq verib.
Güman ki, söhbət Rusiyanın qismən işğal etdiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir.
Sülh təşəbbüsü mayın 11-də Rusiya Prezidenti Vladimir Putindən gəlsə də, o, danışıqlarda iştirak etməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski də Putinin danışıqlara qatılmadığı üçün görüşdə iştirak etməyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
İndiyə kimi tərəflər arasında sülh və ya atəşkəs razılaşması olmayıb.