Razin tolkuçkasının başı bəlada - "Bakıxanov" Ticarət Mərkəzi ətrafında qalmaqal
2-05-2015, 20:32
Sabunçu rayonunda yerləşən və camaat arasında "Razin talkuçkası" kimi tanınan "Bakıxanov" Ticarət Mərkəzinin söküləcəyi haqda hələ bir neçə ay öncə məlumat yayılmışdı. Belə ki, "Azəryolservis" ASC-nin bu ərazidə tıxacların aradan qaldırılması üçün yolun genişləndirilməsinə qərar verdiyi açıqlanmışdı.
Bazarın söküləcəyi xəbərini eşidən sahibkarlar isə bu duruma etiraz edərək əlaqədar dövlət qurumlarına müraciət ünvanlamışdılar. Yalnız bundan sonra ticarət mərkəzinin sökülməsi prosesi təxirə salındı. Əslində isə sözügedən bazarın həmin ərazidə yerləşməsi çox böyük problemlər yaradır. Bu ərazidə illərdən bəri həllini tapmayan tıxac problemi məhz "Bakıxanov" Ticarət Mərkəzi ilə bağlıdır. Bundan başqa, bazarın ərazisində anti-sanitariya şəraiti hökm sürür. Ümumiyyətlə isə "Bakıxanov" bazarında bəzi standartlara riayət olunmur. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, ticarət mərkəzinin yanğın çıxışları tamamilə bağlanıb: "Bazar rəhbərliyinə aidiyyəti qurumlar dəfələrlə xəbərdarlıq edib ki, ticarət mərkəzində bir neçə yerdən yanğın və təhlükəsizlik çıxışları yaratsın. Amma bazarın sahibi Hacı Fərhad Mirzəyev yuxarıların xəbərdarlığına əməl etməyib. Bazarda bir dənə də olsun təhlükəsizlik çıxışı yoxdur. Bütün çıxışlar bağlanıb, həmin ərazilərdə piştaxtalar və mağazalar quraşdırılıb. Bazarın cəmi iki yerdən çıxışı var ki, onun da biri giriş, digəri isə çıxışdır. Qalan çıxışların hamısı birbaşa bağlanıb. Əgər hansısa bir qəza və ya yanğın hadisəsi baş verərsə, bazardan nə satıcılar, nə də alıcılar çıxa biləcək. Mərkəz rəhbəri bu barədə düşünmür. Bazarın əslində hər cərgəsində minimum iki-üç çıxış olmalıdır ki, həm satıcılar, həm də alıcılar üçün rahat olsun. Bazara girişdə tıxac saatlarla davam edir. Bu vaxtlarda bazarda hansısa bir yanğın hadisəsi baş versə, yanğınsondürənlər ticarət mərkəzinə 2-3 saata daxil ola bilməyəcək. Rəhbərlik elə vəziyyət yaradıb ki, burda bütün mallar antisanitariya şəraitində satılır. Ət məhsullarının satıldığı hissədə vəziyyət sadəcə dəhşətdir. Burda satışa çıxarılan ətin mənşəyi dəqiq məlum deyil. Baytar həkimlərin nəzarəti zəifdir. Daha doğrusu, onlar aldıqlarının qarşılığında nöqsanlara üz çevirirlər. Bazarın bu ərazisinə üfunətdən girmək olmur, əməlli-başlı xəstəlik mənbəyidir. Antisanitar şərait təkcə bazarda işləyənlər üçün yox, həm də yaxınlıqda yaşayan sakinlər üçün də problem yaradır". Bayaq qeyd etdiyimiz kimi, bazarın qarşısında daim tıxacın olması ciddi narahatlıq yaradır. Bizə verilən məlumata görə, ticarət mərkəzinə bitişik bir neçə obyekt də Hacı Fərhada məxsusdur: "Həmin ticarət mərkəzlərinə aid olan dükanların əksəriyyətinin qapısı magistral yola açılır. Bu da onzuz da ensiz olan yolu bir qədər də darlaşdırıb. "Tolkuçka"nın yanından keçən yolla əsasən Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrinə gedən avtobuslar hərəkət edir. Bazar ətrafında olan yolun dükanlar səbəbindən darlaşması və üstəlik də burda işləyən və alver etməyə gələn vətəndaşların yol kənarında saxladıqları avtomobillər tıxacın yaranmasına səbəb olur. Xüsusilə də sərnişindaşıma xidməti ilə məşğul olan avtobusların sürücüləri, eləcə də vətəndaşlar mərkəzin qarşısındakı süni tıxac əlindən beziblər. Ona görə də sərnişinlər və sürücülər bazarın, onun qarşısındakı ticarət obyektlərinin sökülməsini tələb edirlər". Xatırladaq ki, bazarın söküləcəyi ilə bağlı məsələ gündəmə gələndə Hacı Fərhad Mirzəyev Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin barəsində bəzi ittihamlar səsləndirmişdi. O demişdi ki, bazar heç vaxt sökülə bilməz, çünki rayon rəhbərliyindən kiməsə "görüm-baxım" edib. Hələ ki, "Bakıxanov" Ticarət Mərkəzinin sökülməsi ləngiyir. Lakin bu proses nə qədər sürətli aparılsa, bir o qədər yaxşıdır. Ona görə ki, qarşıdan ilk Avropa Oyunları gəlir. Ölkəmizə gəlməsi gözlənilən on minlərlə turistin belə antisanitariya şəraitində işləyən bazarları görməsi bizim imicimizə zərbə vura bilər. Odur ki, əlaqədar dövlət qurumları bazarın sökülməsi və başqa yerə köçürülməsi istiqamətində hərəkətə keçməlidir. Qeyd edək ki, Mirzəyev Fərhad Əhməd-Əli oğlu 11 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1974-89-cu illərdə Sabunçu Rayon Dövlət Xalq Nəzarəti Komitəsində şöbə müdiri vəzifəsində, 1989-95-ci illərdə Kooperativ Birliyi sahəsində çalışıb. 1995-ci ildən indiyədək təsis etdiyi "Azərbiznes" şirkətinin prezidentidir. Gələn saylarımızda Hacı Fərhada məxsus "Azərbiznes" şirkəti və "Həyat yolu" şadlıq sarayı haqda geniş araşdırma yazısı dərc edəcəyik. Bizi izləyin. \\ gundelik-baku.com \\