“Gəncəbank”ın rəhbərinə qarşı cinayət işi qaldırılıb
2-05-2015, 22:15
Bu yaxınlarda vəkil Ceyhun Yusifov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət etmişdi.
O, öz müştərisi Natalya Kərimovanın agentliyimizə ünvanlanmış müraciətini bizə verdi. Müraciətdə qeyd olunurdu ki: “ 2001-ci ildə “Gəncəbank”ın Müşahidə Şurasının rəhbəri zorla mənim mülkiyyətimi əlimdən alıb. Mənim ərimlə birgə “Nataşa” gözəllik salonumuz var idi. Salon Gəncə icra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlili, keçmiş polis işçisi olan ərim Mahir Kərimova verilmiş torpaq sahəsində yerləşirdi. 2001-ci ildə “Gəncəbank”ın Müşahidə Şurasının rəhbəri Pərvanə Novruzova mənə 3 il müddətinə onun rəhbər olduğu bankdan 5 min manat kredit götürməyi təklif etdi. Mən razılaşdım və bankla müqavilə bağlayaraq 5 min manat kredit götürdüm. Bankla aramızda bağlanan müqavilədə qeyd olunub ki, pul və bank faizləri 3 il müddətində qaytarılmalıdır. Ancaq bir müddət sonra Pərvanə Novruzova mənə dedi ki, bankda yoxlama olacaq, ona görə də bankla yeni şərtlərlə müqavilə imzala. Yeni müqavilə şərtinə görə, mən götürdüyüm krediti 3 ay müddətində qaytarmalıydım. Pərvanə Novruzova mənə dedi ki, narahat olma, yoxlamadan sonra sənin köhnə müqavilən bərpa olunacaq. Mən ona inanaraq müqaviləni imzaladım”.
Kərimova öz məktubunda qeyd edir ki, Pərvanə Novruzova öz vədinə əməl etmədi: “ O, mənə dedi ki, 3 ay müddətində 5 min manatı və üstəlik olaraq bank faizlərini qaytarmalısan, əks təqdirdə sənə məxsus gözəllik salonu əlindən alınacaq. Söhbətdən 1 gün sonra Pərvanə Novruzovanın cangüdənləri “Nataşa” gözəllik salonuna basqın etdilər. Onlar məni möhkəm döyərək salondan bayıra atdılar”.
Kərimova öz mülkü uğrunda axıradək mübarizə aparmaq qərarına gəlib: “ Onda Novruzovanın adamları məni zorla Gəncə şəhərinin ətrafında bir yerə apararaq gecəyədək zirzəmidə saxladılar. Ancaq gecə yarısı məni buraxdılar”.
Müxbirimizin “Siz hüquq-mühafizə orqanlarına müraciət etdinizmi?” sualına zərərçəkən belə cavab verib: “ Mən baş verənlərlə bağlı Gəncə Şəhər Polis İdarəsinin rəisi Qərib Həsənova müraciət etdim. O, mənə dedi ki, Pərvanə Novruzova çox varlı adamdır, məni Gəncədən qovdurar, get ölkə başçısına müraciət et, ancaq o sənə kömək edə bilər”.
Natalya Kərimova müxbirimizə bildirib ki, Gəncə şəhər prokurorluğuna da müraciət etmişəm: “ Prokurorluğun əməkdaşları mənə dedilər ki, bizim Pərvanə Novruzovaya gücümüz çatmır”.
Zərərçəkən bizə bildirdi ki, Pərvanə Novruzova onun şikayətlərindən xəbərdar olan kimi, onun cangüdənləri yenidən məni tutdular: “ Bu dəfə məni 2 həftə incitdilər. Onlar məndən tələb edirdilər ki, salonu Pərvanə Novruzovanın adına keçirmək üçün sənədə imza atım. Ancaq mən bundan imtina elədim”.
Zərərçəkən bildirir ki, sonrakı mərhələdə cinayətkarlar taktikanı dəyişdilər: “ Onlar mənim azyaşlı qızım Esmiranı zorlamaqla qorxutdular. Belə olanda mən onların bütün şərtlərini qəbul edərək Azərbaycanı tərk elədim və Rusiyaya getdim. Bir həftədir geri qayıtmışam və öz hüquqlarımı bərpa etmək istəyirəm”.
Natalya Kərimovanın vəkili Ceyhun Yusifov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Mənim müştərimin dedikləri həqiqətdir. Məndə olan məlumata görə, “Gəncəbank”ın Müşahidə Şurasının rəhbəri Pərvanə Novruzovaya qarşı Gəncə şəhər prokurorluğunda AR Cinayət Məcəlləsinin 158.2 maddəsi ilə cinayət işi qaldırılıb”.
Gəncə şəhər prokurorunun köməkçisi Turan ( soyadını demədi ) vəkilin dediklərini təsdiq edərək Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki: “ Pərvanə Novruzovaya qarşı CM-nin 158.2 maddəsi ilə cinayət işi qaldırırlıb”.
Biz Pərvanə Novruzovanın fikrini öyrənmək üçün “Gəncəbank”ın ofisinə zəng elədik. Ancaq Pərvanə Novruzova işdə olmadı. Onun köməkçisi isə bizə bildirdi ki, Pərvanə Novruzova gələn kimi sizə zəng edəcək. Ancaq gözlədiyimiz zəng gəlmədi.