173 saylı orta məktəbdə anarxiya

4-05-2015, 15:58           
173 saylı orta məktəbdə anarxiya
Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Bakının Yasamal rayonunda yerləşən 173 saylı orta məktəbdə müşahidə olunan çeşidli qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc olunmaqdadır. Həmin materialların hazırlanması üçün əsas rolunu oynamış aldığımız məlumatlarda göstərilir ki, sözügedən təhsil müəssisəsində bu gün də sürəkli pul yığımları həyata keçirilir. Məlum olduğu kimi bu ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların 1-ci siniflərinə uşaqların qəbulu prosesinin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılıb. Əlbəttə ki, elektron sistemin əsas üstünlükləri kimi sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət, şagird kontingentinin uçotunun sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları və sairə göstərilir. Lakin əksər valideynlər bu yeniliyin tətbiqi ilə məktəblərə uşaq qəbulu zamanı bəzi direktorların rüşvət yığma imkanlarının da məhdudlaşdırılacağına böyük ümidlər bəsləyirdilər. Belə ki, ötən materiallarda da qeyd etdiyimiz kimi, övladlarına 173 saylı məktəbdə təhsil almaq hüququnu əldə etmək üçün hər bir valideyn ilk növbədə bu təhsil müəssisəsinin direktoru Afiqə Həsənovaya 150-200 manat rüşvət ödəməli olurlar. Buna görə də elektron qəbul qaydalarının tətbiqini hamı səbirsizliklə gözləyirdi. Lakin hadisələrin gedişi belə deməyə əsas verir ki, yeni sistem sadəcə zaman və insan resurslarının qənaətinə şərait yaradacaq. Valideynlərin büdcəsi isə bu yenilikdən heç nə qazanmış olmayacaq. Mənbələrin bu xüsusda verdikləri məlumatlarda bildirilir ki, Afiqə xanım yeni qəbul qaydalarının tətbiqindən sonra da öz “gəlirlərindən” məhrum olmamaq üçün əvvəlcədən lazımi tədbirlər görmüşdür. Hələlik bu tədbirlərin təfərrüatları barədə dəqiq açıqlamalar təqdim olunmasa da, vurğulanır ki, direktor tərəfindən tələb olunan məbləği ödəməyən valideynlərin uşaqları istənilən halda 173 saylı məktəbə təyinat ala bilmirlər. Digər tərəfdən də, məlumatlarda Afiqə Həsənovanın hətta yeni qazanc mənbələri də əldə etdiyi bildirilir. İddialara görə, bu ildən etibarən direktor məktəbə qəbul olunan uşaqların sinif seçimini də ödənişli əsaslar üzərinə keçirib. Məsələn, övladının konkret olaraq hansısa müəllimənin sinfində təhsil almasını arzu edən valideyn, buna görə də əlavə 100 manat ödəməli olur. Eyni zamanda da yeni aldığımız məlumatlara görə son vaxtlar bu təhsil müəssisəsinin göstəriciləri kəskin şəkildə aşağı düşməyə başlayıb. Direktorun işə biganə münasibəti, müəllimlərə qarşı haqsız və məsuliyyətsiz yanaşması, vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsi pedaqoji kollektiv üzvlərini bəzi hallarda bu problemləri məktəb hüdudlarından kənara çıxarmağa vadar edir. Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində müşahidə olunan müəyyən boşluqlar xüsusilə orta təhsil sistemində yer almış bir çox özbaşınalıqlarda öz təzahürlərini tez-tez tapır.Təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Təbii ki, bu vəziyyət heç də islahatlar paketinin effektsizliyinə dəlalət etmir. Əksinə, bu istiqamətdə atılması nəzərdə tutulan addımlar az müddət ərzində Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çatdırmağa sərrast hesablanmışdır. Lakin müəyyən subyektiv səbəblər bu prosesləri ləngidir. Eyni zamanda da, islahatların geniş tətbiqini əngəlləyən qüvvələr bununla məhz dövlət tədbirlərinin zəifliyini vurğulamaq istəyirlər. Bu gün 173 saylı məktəbdə müşahidə olunan proseslər də bu deyilənlərin bariz nümunəsidir.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.