Qazı-Məmməddə “hərbi allergiya” epidemiyası - İTTİHAM VAR
4-06-2016, 11:37
Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsidə baş verən neqativ hallardan bəhs olunan məlumatlar daxil olmaqda davam edir. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şöbənin fəaliyyətində müşahidə olunan çoxsaylı nöqsanlar barədə redaksiyamıza açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır. İddia olunur ki, Xidmətin Hacıqabul rayon şöbəsində hərbi xidmətə göndərilən əsgərin qeydiyyatında, məqsədyönlü şəkildə, müəyyən süni problemlər yaradılır. Açıqlamalarda vurğulanır ki, şöbədə rüşvətxorluq və anarxiya baş alıb gedir. Bu səbəbdən də, redaksiyamıza edilən müraciətlərdə Hərbi Prokurorluq, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən Xidmətin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması ilə bağlı tələblər irəli sürülür. Şöbənin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, hazırda bu rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Bu xüsusda bizimdovr.az-a daxil olmuş açıqlamalarda vurğulanır ki, Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə hazırda bəzi vətəndaşlara saxta hərbi biletlərin verilməsi işi xüsusilə geniş yayılıb. Həm də məlumatlarda şöbənin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun kifayət qədər sadələşdirildiyi də xüsusi qeyd olunur. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz, deyilənlərin təsdiqi olaraq, redaksiyamıza təqdim olunmuş, Səlyan rayonu, Rəncbər kənd sakini Hüseynov Faid Etibar oğlunun, Qazi-Məmməd şəhər sakini Kərimov Həsənəli Eldar oğlunun, II Paşalı kənd sakinləri Əmrahov İbadulla Əmrah oğlunun və Ələkbərov Camal Əkbər oğlunun, Qarasu kənd sakinləri Azadov Xəzər Mətləb oğlunun və Azadlı Vasif Sahəddin oğlunun adına verilmiş hərbi biletləri göstərmişdik. Bununla belə bəzi mənbələrin iddialarına görə, saxta tibbi qeydlərin aparıldığı hərbi biletlərin daha çox yayıldığı inzibati ərazi vahidlərindən biri məhz Qazı-Məmməd şəhəridir. Bu iddianı əyani dəlillə isbatlamaq üçün isə, mənbə bu şəhərdən olan daha bir neçə çağırışçıya verilmiş hərbi biletləri təqdim edir. Bu sənədlər Qazı-Məmməd şəhər sakinləri Dadaşzadə Emin Elman oğlu, Məhərrəmov Faiq Vadər oğlu, Salmanov Emil Əlimusa oğlu və Qanıyev Əhməd Nizami oğlunun adlarına verilib. Və yenə də bu hərbi biletlərdə çağırışçıların sülh dövründə hərbi xidmətə yarasız olmaları barədə qeydlər öz əksini tapmışdır. Düşünmək olar ki, Qazı-Məmməd şəhərinin gəncləri hansısa qəribə bir epidemiyaya yoluxublar ki, bu epidemiya da yalnız çağırış yaşına çatmış oğlanlara sirayət edir. Belə getsə, bu yeni xəstəliyə “hərbi allergiya” adı da vermək olacaq...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.