Deputatın zavodunda maaş üsyanı gözlənilir - 6 milyonluq sərmayə haradandır?
7-06-2016, 18:09
Qaradağ Metal Konstruksiyalar Zavodunun direktorlar şurasının sədri Rüfət Sucayevin adı son günlər tez-tez mətbuatın gündəminə gəlir. Xatırlayırsınızsa, gundelik-baku.com saytı bir neçə gün əvvəl zavodda hökm sürən özbaşınalıqlar, maaşların aylarla gecikdirilməsi və yüz milyonluq layihələrdəki yeyinti faktları ilə bağlı çox maraqlı məlumatları açıqlamışdı. Hələ ki, zavodun rəhbəri Rüfət Sucayev tərəfindən yazdıqlarımıza reaksiya gəlməyib. Ondan fərqli olaraq Qaradağ Metal Konstruksiyalar Zavodunda çalışan fəhlələr yazılanları çox müsbət qarşılayıblar. Ən dəhşətlisi isə odur ki, mətbuatın zavoddakı problemləri qabartmasına baxmayaraq, hələ ki, işçilərin maaşı verilməyib. Maliyyə məsələsini bəhanə gətirən zavod rəhbərliyi günü-günə satmaqla işçilərin başını qatır. Amma nədənsə direktorun özündə maliyyə problemləri hiss olunmur. Yəni o bahalı maşınlarda gəzir, qiyməti bəlkə də 15 milyona olan villada yaşayır və sair. Zəhmətkeş insanların halal haqqına çatanda isə Rüfət müəllim pul tapa bilmir. Gundelik-baku.com-a verilən məlumatlara görə, işçiləri incidən, əmək qanunlarının tələblərinə əməl etməyən zavod rəhbəri deputat Hüseynbala Mirələmovun bacısı oğludur: «Qaradağ Metal Konstruksiyalar Zavodu hazırda Rüfət və qardaşı Aqşin Sucayevlərin tam əsarəti altındadır. Deyilənə görə, zavod əslində Hüseynbala Mirələmova məxsusdur. Amma bura nəzarəti bacısı uşaqları həyata keçirir. Deyilənə görə, deputat bu müəssisəyə 6 milyonluq sərmayə yatırıb. Millət vəkilinin zavoda qoyduğu həmin vəsait onun Qaz Emalı Zavoduna direktor olduğu dövrdə əldə etdiyi külli miqdarda pulların kiçik bir hissəsidir. Məhz dayısının sayəsində Rüfət Sucayevin rəhbərlik etdiyi zavod iri layihələrə cəlb edilir. Qaradağ Metal Konstruksiyalar Zavodunda bahalı aparatlar var. Hansı ki, onların qiyməti yüz milyonlarla dəyərləndirilir. Bu tip bahalı aparatların varlığı zavoda əlavə üstünlük qazandırır. Rüfət Sucayev dayısının birbaşa himayəsi altında ən nəhəng layihələri icra edir. Bu işlərin qarşılığında zavodun büdcəsinə il ərzində böyük məbləğdə vəsait daxil olur. Amma zavod direktoru işçilərə deyir ki, pul yoxdur, olanda maaşlarınızı verərəm. İşçilərin əksəriyyəti artıq belə bəhanələrə inanmır». Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, zavod direktoru işçilərin maaşını verməməklə, eləcə də digər qanunsuz yollarla əldə etdiyi vəsaitləri ayrı-ayrı biznes sahələrinə yatırıb. Yaxın günlərdə bununla bağlı ətraflı məlumat verəcəyik. Bizi izləməyə davam edin.