ŞİRKƏTLƏR BANKLARDAN 2 MİLYARD ÇƏKİB – Vasif Talıbov da “Naxçıvanbank”ı boşaldıb

3-05-2023, 10:35           
ŞİRKƏTLƏR BANKLARDAN 2 MİLYARD ÇƏKİB –
Bu ilin yanvarı ilə müqayisədə birinci rübün sonunda Azərbaycanda şirkətlərin banklarda saxladıqları vəsaitlərin həcmi 22 milyard 280 milyon manatdan 20 milyard 214 milyon manata düşüb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir. Baş bankın məlumatlarını təhlil etdikdə ilin əvvəlindən keçən 3 ay müddətində təxminən 2 milyard manat azalmanın olduğu görünür. Bu, başlıca olaraq, şirkətlərin xarici valyutada saxladığı vəsaitlərin azalmasından qaynaqlanır. Sözügedən müddət ərzində həmin vəsaitin həcmi manat ekvivalentində 11.3 milyarddan 9.7 milyard manata enib.

Bankların birinci rüb üzrə açıqladığı rəqəmlərdən aydın olur ki, bu vəsaitin azalması daha çox dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankında müşahidə edilib. 2023-cü ilin ilk üç ayında şirkətlərin dövlət bankında saxladığı vəsaitin həcmi 1.8 milyard manat azalıb. Bu, bazardakı toplam azalmanın təxminən 90 faizi deməkdir.

Faiz olaraq ən böyük azalma "Muğan Bank"da və "Bank Avrasiya"da qeydə alınıb. Şirkətlərin bu banklarda saxladığı vəsaitin həcmi üç ay ərzində, uyğun olaraq, 65 və 52 faiz azalıb.

"Naxçıvanbank"ın da depozit portfeli kəskin azalıb. Bu azalma Vasif Talıbovun Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsini tərk etməsindən və bankın rəhbər heyətinin dəyişməsindən sonra baş verib. 2023-cü ilin ilk üç ayı ərzində şirkətlərin bu bankda saxladığı vəsaitin həcmi 145 milyon manatdan 105 milyon manata düşüb, başqa sözlə, 30 faizə yaxın azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.