İnvestorlar nə vaxt gələcək, və ya niyə gəlsin ki?!
Bu gün, 11:54
Prezident və hökumət üzvləri tez-tez bəyan edirlər ki, ölkədə gözəl investisiya mühiti var. Amma elə hökumətin rəsmi rəqəmləri vəziyyətin qəliz olduğunu, ölkəyə investorların gəlmədiyini, yeganə “investorun” büdcə olduğunu deyir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 391,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % az investisiya yönəldilib.
Faciəvi rəqəmlər bununla bitmir: Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 943,1 milyon manatını və yaxud 83 %-ni daxili investisiyalar təşkil edib, 10 milyard 409,9 milyon manatı və yaxud 72,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Yəni, ümumi 14,4 mlrd. manatın 83%-ni daxili investisiyalar təşkil edib, 72,3%-i isə sırf təmir-tikinti işlərinə, əsasən, büdcədən xərcləyiblər.
Hökumətə illərdir deyirik ki, hörmətli müəllimlər, ədalətli məhkəmə, qanunun aliliyi, rəqabətli mühit olmayan yerə investor gəlmir. Demokratiya demirəm ha, bu uzun məsələdir, açığı, bir çox investoru heç maraqlandırmır da - onlar ədalətli məhkəmə, hüquqi baza, normal vergi-gömrük qanunvericiliyi, beynəlxalq qaydaların ölkədə işləməsini axtarırlar.
İnvestor axmaq deyil, pulunun, zamanının qədrini bilir, vəsaitinə yarana biləcək təhlükələri hesablamağı bacarır. İnvestor üçün ədalətli məhkəmə ilk şərtdir, sonra daxili qanunvericiliyi, vergi-gömrük şərtlərini öyrənir, ancaq bu məsələlərdə problem görmədikdən sonra daxili bazarın həcmini, ölkənin coğrafi mövqeyini, logistik imkanlarını, əmək bazarını və s. məsələləri dəyərləndirir. Bizdə hökumətdən asılı olmayan məsələlərdə böyük üstünlüyümüz var – çox əlverişli, böyük bazarlara körpü ola biləcək coğrafiyaməz var, logistik imkanların perspektivləri parlaqdır, problem hökumətdən asılı olan məsələlərdədir. Belə...
Natig Cəfərli
TEREF