Şəkər xəstəsi Oktay Şirəliyevi ifşa etdi (İTTİHAM)

24-06-2016, 08:10           

Gəncə sakini Niyaz Niyazov Səhiyyə Nazirliyinin diabetli xəstələrə dövlət qayğısənn yüksək səviyyədə tşkil edilməsi barədə deyilənlərlə razılaşmır.
Niyazov Niyaz Növruz oğlunun Aztoday.az saytına göndərdiyi şikayət məktubunda Səhiyyə Naziyyə Nazirliyinin mətbuat xidmətinin 22 iyun 2016-cı il tarixli mlumatında göstərilən məlumatların həqiqətə uyğun olmadığını bildirir.
Həmin şikayət məktubunu olduğu kimi dərc edirik:
“Səhiyyə Nazirliyinin yazdıqlarının hamısı yalandır!!!
Sizi Azərbaycanın GƏNCƏ şəhərindən salamlayıram. Səhiyyə Nazirliyi tamamilə ağ eləyir. Bu qədər onlara öz narazılığımızı yollayırıq və onlara şikayət yazırıq, heç veclərinə də deyil. Səhiyyə Naziri insanları İNSAN yerinə qoymur. Uzun müddətdir (2-3 il olar) ki, diabet xəstələrinin qanında şəkərin miqdarını yoxlamaq üçün lazım olan test çubuqlarını (OPTİUM aparatı üçün) tamamilə yollamırlar. Ancaq həmin test çubuqları aptekdə əvvəlkindən də xeyli baha qiymətə satılır. Əvvəl test çubuğunun birinin qiyməti 0.40 azn idisə, indi həmin test çubuğunun birini 0.75 azn-yə satırlar. Əgər test çubuqları ölkəmizə gətirilmirsə, bəs apteklər satmaq üçün haradan alırlar? Əgər doğrudan da gətirilmirsə, bəs niyə gətirilmir? Axı, diabet xəstəsi insulin vurmazdan əvvəl hər gün səhər tezdən qanda şəkərin miqdarını ölçməlidir. Test çubuğu vermirlərsə, bəs şəkərin miqdarını necə yoxlamalıdır? Test çubuğunu da ala bilmirik. Kasıbçılıqdır, heç evimizin yeməyini ödəyə bilmirik. Diabet xəstəsi olan həyat yoldaşım Niyazova Nurlana Əbil qızı Allah ümidinə yaşayır. Qanda şəkərin miqdarını yoxlamadan Allah ümidinə iynəsini vurur. Belə metodla davam etsə, günlərin bir günü beyqəfildən ölə də bilər. İnsulini gah verirlər, gah da bizə gərəklisi olmadıqda deyirlər ki, sizə o yox, bax bu yaxşıdır. Bu minvalla özlərinin işini yola verirlər. Səhiyyə Nazirliyi onlara tapşırıb ki, birtəhər yola verin, getsin. Yəni, kim harada ölür-ölsün. Onların nə vecinədir. Can onların deyil, ha! İynə vurmaq üçün şpritsləri gah 20 ədəd verir, gah da tez-tez deyirlər ki, yoxdur. Bir sözlə Azərbaycan Səhiyyə Nazirliyində demək olar ki, BAZARDIR. Onların işlərinə nəzarət yoxdur deyə özbaşınalıq baş alıb gedir. Hörmətli, redaksiya rəhbərliyi, mən onlara necə təsir etmək lazım olduğunu tapa bilmədiyimdən sizə müraciət yazıram. Düşündüm ki, bəlkə siz bu yazını elə işıqlandırasınız ki, “GÖZƏL SƏHİYYƏ NAZİRLİYİMİZ”ə təsir edə. Onların da ağılları başlarına gələ və diabet xəstələrinin dərmanlarını yollamağa başlayalar. Allaha and olsun ki, əgər pul olsaydı dərmanları özüm alardım və heç bu qədər narahatçılıq yaşamaz və yaratmazdım. Ancaq yazdığım kimi, pul tamamilə yoxdur. Oktay Şirəliyevin pulunun 1 %-i qədər pulumuz olsaydı, onda biz də sakitcə dərmanları alardıq. Səhiyyə Nazirinin heç nə vecinə deyil. Görünür ki, onların özləri tamamilə insanlıqdan kənarlaşıblar. Ona görə belə yazıram ki, mənim həyat yoldaşım və digərlərini insan yerinə qoymurlar. Allah onların bəlalarını versin, inşaallah! Bu dərmanların pulunu kimlər yeyib, üstündən də bir stəkan su içirsə, onlara bu dünyada yaşamaq HARAM OLSUN! Insanların talelərilə oynayan Səhiyyə Nazirliyinin günahkar işçilərinə LƏNƏT yağdırıram! Nəhayət ki, Səhiyyə Naziri və onun işçiləri anlamalıdırlar ki, bizlər də Azərbaycan vətəndaşıyıq, bizlərin də yaşamaq HAQQI VAR!.
Hörmətlə : Diabet xəstəsi olan NİYAZOVA NURLANA ƏBİLİ qızının həyat yoldaşı,Gəncə şəhər sakini- NİYAZOV NİYAZ NOVRUZ oğlu.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin 22 iyun 2016-cı il tarixli press-relizində deyilir:
Diabet xəstələrinə yüksək səviyyədə dövlət dəstəyi göstərilir
22 iyun 2016-cı il tarixində Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində mətbuat nümayəndələri üçün dəyirmi masa keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, dünya ölkələrində diabet səhiyyə qarşısında duran əsas çağırışlardan biri olaraq qalır. Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir.
Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, diabetli xəstələrin dərman preparatları və özünənəzarət vasitələri ilə təminat monitorinqinin təşkili üçün kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və s. tədbirlər həyata keçirilir.
Hazırda Respublika Endokrinoloji Mərkəzdə 512 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin ediliblər.
Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı Respublikanın rayonlarında da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə şəkərli diabetlə xəstə pasientlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılmışdır.
Həyata keçirilən işlər çərçivəsində 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir. Bundan başqa, bölgələrdə maarifləndirmə işinin daha yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur (Mingəçevir, Xaçmaz, Masallı, Gəncə və basqa bölgələrdə). Eyni zamanda, maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasientlərə təlimlər habelə hər ayın 3-cü Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir.
Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə “diabet pəncəsi” xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır.
Qeyd etmək lazımdır ki, REM eyni zamanda diabet xəstələrinin istirahətinin təşkili məqsədi ilə də zəruri işlər görür. Mərkəz Azərbaycan Diabet Liqası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 50 nəfər şəkərli diabetli (tip 1) gənclərin yay düşərgəsinə istirahətini təşkil etmişdir.
Gəncə sakinin səsləndirdiyi ittihamlarla bağlı Səhiyyə Nazirliyinin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.