BŞDYPİ-də nazirə qarşı təxribatçılıqla məşğul olanlar kimlərdir?
24-06-2016, 09:47
Dünən Eldar Mahmudov general Ramil Usubovun ayağının altını qazırdısa, bu gün onun işlərini Rəşadət Babayev davam etdirir
Ötən gün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəis heyətinin üzvlərindən biri, Bakı Alayının komandiri, əsasən «400-ün rəisi» kimi tanınan Rəşadət Babayev və onun köməkçisi Ruslan Həsənovla bağlı məlumat vermişdik. Bildirmişdik ki, Həsənov Babayevlə birləşərək, Bakı şəhərində cüt nömrəli avtomobillərin hər hansı bir səbəb olmadan belə saxlanılmasını həyata keçirir, onları dayanacağa yerləşdirir, daha sonra isə «bazarlıq» edirlər.
JAM.AZ xəbər verir ki, Ruslan Həsənov hətta işi o qədər böyüdüb ki, rəisi Rəşadət Babayevin təlimatı əsasında qardaşıyla birlikdə şəhərdə avtoşluq edirək, başqalarını da buna təhrik etməklə məşğul olurlar. Nəticədə, onlarla bərabər sürətlə maşın sürənlərin avtomobillərinin nömrələri dəqiqləşdirilir və qısa müddətdən sonra saxlanılaraq, cərimə meydançasına aparılır. Aydın məsələdir ki, onların avtomobillərinin buraxılması nələrinsə müqabilində mümkün olur. İlkin mərhələdə Ruslan Həsənov sürücüyə «girişərək», onu qorxudur və bu işin filan-filan fəsadları ola biləcəyi barədə rəy yaratmağa başlayır. Müqabilində də nələrin qarşılığındasa məsələni həll edə biləcəyini söz verir. JAM.AZ-a şikayət edən sürücülərin dediyindən belə başa düşülür ki, Rəşadət Babayevin köməkçisinin start qiyməti 1500 manatdan başlayır. Əgər qarşı tərəf deyilənləri qəbul etməyib, imtinaya davam edərsə, sənədlər 400-ün rəisinə göndərilir və bununla da «əməliyyat» orada davam etdirilir.
Qeyd edək ki, «avtoş», «konstruksiya dəyişikliyi» və sairə adıyla BŞDYPİ-yə gətirilmiş avtomobillər və dəvət edilmiş onların sürücüləri ilə danışıqlar normal qaydada davam edərsə, o zaman heç bir sənədləşdirmə aparılmır. Yəni, bunca nağıl, əfsanələr uydurmanın yekununda heç bir protokol tərtib edilmir.
Bildirək ki, Ruslan Həsənov bəzi hallarda məsələni elə yerindəcə həll edir. Bu o zaman baş verir ki, əli kifayət qədər aşağı olur. Yəni, «Şakaya pul lazım olduğundan» Həsənov da yol kəsib, vətəndaşların «başını kəsmək»lə məşğul olur. Nəticədə, qazandıqlarının bir qismini rəisinə, yerdə qalanını da özünə götürərək, evinə gedir.
JAM.AZ-ın araşdırmaları zamanı o da məlum olub ki, Rəşadət Babayev və köməkçisi Ruslan Həsənov təkcə, bu işlərlə məşğul olmurlar. Onlar həmçinin avtomobillərin üzərinə zavodda belə quraşdırılmış çoxsəsli siqnalların da qənimi kimi tanınırlar. Təbii ki, qanuna əsasən belə avadanlıqların quraşdırılması qadağandır. Amma həmin siqnallar zavodda quraşdırılıbsa, o zaman qanun ondan istifadəyə imkan verir. Amma Rəşadət Babayev üçün bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, bu, bir başqa biznesdir.
Bildirək ki, Ruslan Həsənov belə siqnalları aşkarladıqdan sonra onları avtomobilin üzərindən çıxarıb, sahibini də cərimə yazdıqdan sonra guya, maddi sübut olaraq məhkəməyə təhvil verəcəyi adı altında 8-ci km-də yerləşən maşın bazarına çıxarır. Elə bu səbəbdəndir ki, heç bir məhkəmə avtomobil sahibinə maşının üzərindən açılmış siqnalı göstərə bilmir. Onun haqqında yalnız kağız üzərindən bilgi almaq olur.
JAM.AZ-ın dəqiqləşdirmələrindən belə məlum olub ki, Ruslan Həsənov bir qədər də «ağıllı» tərpənərək, daha böyük şəbəkəni əhatə etmək üçün unikal bir variant fikirləşib. Deməli, bazarda xüsusi adamlara verilən həmin siqnalları kim alırsa, onların adları və maşınlarının nömrələri dəqiqləşdirilir. Bir müddətdən sonra isə sözügedən avtomobil saxlanılır, cərimə edilir və siqnal üzərindən açılaraq götürülür. Beləcə, Rəşadət Babayevlə Ruslan Həsənovun biznesi mütəmadi olaraq genişlənir, yeni simalarla zənginləşir.
Qeyd edək ki, Rəşadət Babayevin Azərbaycanda ən zəhləsi gedən zümrə də jurnalistlərdir. Bakı Alayının komandirini medai işçilərindən zəhləsinin getməsinə səbəb isə bu işlərinin mütəmadi olaraq mətbuata çıxması və işıqlandırılmasıdır. Biznesinə heç də yaxşı təsir etmədiyindən Babayev, hətta o qərara gəlib ki, bütün jurnalistlərin avtomobillərini saxlatdırıb, cərimə meydançasına, özlərini isə bir vaqona yığaraq, xaricə göndərsin. Hətta bunu nümayişkəranə şəkildə BŞDYPİ-nin binasında deməkdən də çəkinmir.
Etiraf edək ki, hələ indiyə qədər heç bir məmur özündə cəsarət tapıb, belə bir açıqlama verməyib. Hətta bu təşəbbüsdə bulunmayıb. Hətta Rəşadət Babayevin yaxın qohumu, onu bu vəzifəyə qədər yüksəlməsində yardımçı olmuş qohumu, deputat Eldar İbrahimov belə media mənsubları haqqında sürgün edilməsi sözünü dilinə gətirməyib. Əcəba, Bakı Alayının komandirinə nə oldu belə, nə yeyib bu günlərə düşməsi bizə də təəccüblü gəlib. Lakin onu da etiraf edək ki, Rəşadət Babayevin bu sözləri birbaşa təxribatdır, özü də cənab nazirə qarşı.
P.S. Çox hörmətli nazir, general-polkovnik Ramil Usubov! Cənab Nazir, Sizin Azərbaycan dövlətçiliyi və dövləti qarşısında xidmətləriniz sonsuz və danılmazdır. Bir Ramil Usubov olaraq hər zaman mərhum Prezident Heydər Əliyevin yanında olmusunuz, onun ideyalarına sadiq qalaraq, həyatınızı onun qurduğu dövlətin gücləndirilməsinə, qüdrətləndirilməsinə həsr etmisiniz. Səbəbsiz deyil ki, Sizin adınız gələndə birmənalı olaraq «Heydər və İlham Əliyevin sədaqətli generalı» deyilir. Bu da səbəbsiz deyil, burada sizin sədaqətinizin, peşəkarlığınızın, işinizin ustası olmağınızın, həyatınızı fəda etmənizin rolu var.
Cənab Nazir, uzun illər Sizə qarşı mediada kampaniyaların aparıldığı, haqqınızda müxtəlif böhtan dolu məlumatların yayılması prosesi həyata keçirilib. Həmin dönəmlərdə təmkin və səbr nümayiş etdirib, baş verənləri diqqətlə izləyirdiniz. Prosesin birbaşa sabiq MTN rəhbəri Eldar Mahmudovdan qaynaqlandığını hər kəs bilirdi. Sizə qarşı çirkin kampaniya aparan həmin «general»lar, «zabitlər» bu gün törətdikləri dövləti cinayətlərdən dolayı həbsdədirlər. Prezident İlham Əliyevin ayıq, sayıq və çevik siyasətinin nəticəsi olaraq, bu quldur dəstəsi zərərsizləşdirildi və dövlətçiliyimizin güclənməsi üçün daha bir addım atıldı.
Cənab Nazir, bir zamanlar Eldar Mahmudov və adamları Sizə qarşı kampaniyalar təşkil edir, ictimai nüfuzdan salmaq üçün çalışırdısa, belə görünür ki, analoji prosesi elə nazirliyin daxilində etimad göstərdiniyiniz bəzi adamlar həyata keçirirlər. Rəşadət Babayevin köməkçisi Ruslan Həsənovla şəhərdə «reyd» adıyla sürücüləri kütləvi şəkildə saxlayıb, onlardan pul tələb etmələri, habelə vətəndaşları öz otaqlarında incitmələri, qorxutmaları heç də yaxşı hal deyil və bunu Sizə qarşı təxribat kimi qiymətləndiririk.
Və ya jurnalistlərin avtomobillərinin saxlanılması, özlərinin isə vaqonlara doldurularaq, xaricə göndərilməsi kimi deyim də təxribatdan başqa bir şey deyil. Cənab Nazir, Rəşadət Babayev elə bir adamdır ki, həqiqətən də heç bir səbəb göstərmədən əksər jurnalistlərin avtomobilini saxlatdırıb, onu cərimə meydançasına yerləşdirə bilər. Təsəvvür edirsinizmi ki, bundan sonra mediada hansı assosasiya yaranacaq? O düşüncə hakim kəsiləcək ki, bütün bunları Rəşadət Babayev yox, elə Cənab Nazir edir. Nəticədə isə medaiada indiyə qədər Sizin haqqınızda formalaşmış ədalətli, peşəkar, qisas hissi ilə yaşamayan bir general obrazı dağılacaq. Halbuki Sizin mediaya olan münasibətiniz çox yaxşı bilirik və əminik ki, heç bir zaman jurnalistlərə qarşı ədalətsiz davranmayacaqsınız. Bunu zaman-zaman isbat da etmisiniz. Amma səmimi şəkildə etiraf edək ki, dünənə qədər Eldar Mahmudov Sizə qarşı təxribatla məşğul idisə, bu gün Rəşadət Babayev öz köməkçisi ilə birlikdə həmin funksiyanı həyata keçirir. Bu şəkildə davam edərsə, tezliklə skandala imza atacaq həddə olayların yaşanması qaçılmaza çevriləcək. Ona görə də, bu adamın qarşısını vaxtında almaq lazımdır.
P.P.S. Dünən BŞDYPİ-nin rəis heyətinin daha bir üzvü Yasir Qurbanovun otağında da qalmaqal yaşanıb. Vətəndaşın başına hansı oyunun gətirilməsi ilə bağlı yaxın günlərdə geniş məlumat veriləcək.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.