Eynulla Fətullayevə AĞIR İTTİHAMLAR... - beləsinin AZADLIQDA NƏ İŞİ VAR?
12-07-2023, 16:44
Heç kimə sirr deyil, Azərbaycanın və Türkiyənin irinləmiş yarasına çevrilmiş erməni məsələsində kiminsə ehtiyatsız və ya qərəzli hərəkəti bütün cəmiyyətin ümummilli dərdinə çevrilir.
Bu ilin aprelində özünü Milli Strateji Düşüncə Mərkəzinin sədri hesab edən İsa Qəmbərin əziz-girami oğlunun uzaq Kanadadan saxtakar ermənilərin “soyqırımı”nı dəstəkləməklə milli strateji düşüncəsizliyə yol verməsi, Qazaxıstan müğənnisi Dimaşın işğalçı Ermənistanda qastrolda olarkən tar, saz və tütək alətlərini erməni (!) alətləri adlandırması, eləcə də haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” reportajı, bu yaxınlarda isə Laçın yolundan selfi çəkərkən yol verdiyi siyasi səhv belə yolverilməz hərəkətlər silsiləsinə daxildir.
Bəlkə də kimsə qazax balası Dimaşın yanlışlığını onun Azərbaycandan xəbərsizliyi (hərçənd qazax dilində təmiz danışan, dünyanın müxtəlif ölkələrindəki konsertlərdə qazax mahnılarını dombrada ifa edən peşəkar musiqiçinin türk dünyasının bir parçası olan Azərbaycana məxsus musiqi alətlərindən xəbərsiz olması inandırıcı görünmür) ilə əlaqələndirə bilərdi, lakin belə haqsızlığı biz bağışlaya bilmərik. Hətta istedadı da gözümüzə görünməz.
Odur ki, sapı özümüzdən olan baltaların siyasi səhvlərini əsla həzm edə bilmərik. Əlbəttə, ata oğula, oğul da ataya cavabdeh deyil. Yalnız Allaha şükür edə bilərik ki, ermənipərəst övlad tərbiyə edən və məmləkətin siyasi meyitlər sərdabəsində yer alan İsa Qəmbərin Azərbaycanda hakimiyyətə gəlməsi artıq qeyri-mümkündür.
Bu sözü Eynulla Fətullayevin haqqında da demək olar. Laçın səhvinə görə onu haqlı olaraq tənqid edənləri aşağılayıcı tərzdə “kamsamal”, “küçük”, ağa stolunun artıqlarını yeyənlər adlandıran (əslində burada “haf-haf” sözü yerinə düşür, amma biz bunu söyləmirik) bu şəxs lap Ramiz Mehdiyev kimi öz saytında jurnalistlərə cavab verməklə məşğuldur. Bəzi siyasətbazlar da “qüdrətli” qələm mirzəsi hesab etdikləri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin ağa stolunun küncündə bir müddət daldalanmış Eynullanın “əcinnə ovu”na məruz qalması təəssüratını yaratmağa cəhd edirlər.
Ümid edək ki, “ipinin üstünə odun yığılması” mümkün olmayan imicə malik olan bu zatın haqqin.az-dan yüksəyə tullanması, media sahəsində hansısa yüksək vəzifəyə gətirilməsi kimi planlar yoxdur. Çünki onun ardınca uzun ifşaedici şleyfin sürünməsi bunu namümkün edir.
Düz 18 il sonra bu şleyfin bir faktına – “Qarabağ gündəliyi”nə nəzər salmaq kifayətdir.
Məhz “Qarabağ gündəliyi”ndə “ədalət çarçısı” obrazında meydana çıxmaq istəyən Eynulla qaş düzəltməyə çalışarkən, gözü də vurub çıxarıb. Çünki təkcə Xocalı soyqırımı ilə bağlı Rusiyadakı erməni jurnalistlərinin uydurduğu narrativləri təkrarlamayıb, həm də laçınlıların və ağdamlıların, bütövlükdə isə azərbaycanlıların heysiyyətinə toxunan ifadələrə yol verib.
Təsadüfi deyil ki, erməni KİV-ləri “Qarabağ gündəliyi”ni “Azərbaycan jurnalistinin cəsarətinin və peşəkar dürüstlüyünün(!) bəlağətli sübutu” adlandırıb (https://nv.am/karabahskij-dnevnik-azerbajdzhanskogo-zhurnalista).
“Qarabağ gündəliyi” Eynullanın Bakı hava limanındakı polis əməkdaşına aşağılayıcı münasibətindən başlayır. Deyəcəksiniz ki, məgər kimsə polisləri sevmək zorundadır? Təbii ki, yox. Amma Eynullanın “…bığlı və şişman polis üzündəki maskanı cəld dəyişdi və güclə hiss olunan Qarabağ ləhcəsi və riqqətli sifəti ilə dedi: “Heç olmasa bizim Füzuli rayonumuzu qaytarsaydılar!”. Bəli, Heydər Əliyev adına hava limanında rahat məskunlaşan Qarabağ qaçqını ermənilərin iltifatını arzulayır, sədəqəyə ümid bağlayır… “Bundan sonra Qarabağın qaytarılmasını necə arzulaya bilərik?”, – bu kədərli fikirlə Azərbaycan sərhəd nəzarətindən keçdim və Qarabağa yollandım” düşüncəsi doğma yurdundan məhrum olunmuş, bəlkə də neçə yaxınını itirmiş bir adamın çarəsizliyinə həqarətdir.
Reportajın davamı lap maraqlıdır. Eynulla bizim mətbuatı Qarabağla bağlı dezinformasiya yaymaqda (?!) ittiham edib. “Qarabağda olduğum ilk gündən mətbuatımızın dolduğu və xalqımızın stereotipik düşüncəsinin formalaşmasına töhfə verən dezinformasiyanın bütün miqyasını dərk etdim. Gizlətmirəm, mən də bu stereotiplərə məruz qalmışdım və özümü, daha doğrusu – jurnalistlərimizin uydurduğu miflərin gözümün qabağında necə çökdüyünü seyr etmək necə heyrətamiz idi”.
Bu zat 2005-ci ildə artıq neftdən böyük gəlirlər qazanan Bakı sakinləri ilə yoxsullaşan İrəvan ermənilərinin həyat şəraitini eyniləşdirməyə cəhd edib. “İnanın, irəvanlılar bakılılardan daha çox aclıqdan ölmürlər və İrəvanda həyat mənə elə də tutqun rənglərlə görünmürdü”.
Lap tipik ermənilər kimi neft hasil edən Azərbaycan əyalətlərinin işğalçı Ermənistandan geri qaldığına diqqəti cəlb edib. “Diqqətimi o da cəlb etdi ki, neft hasil edən Azərbaycanın əyalətlərindən fərqli olaraq, Ermənistanın dağlıq və qayalıq kəndlərində yeni infrastruktur yaradılıb…”.
Eynullanın Sisian rayonunda kənd təsərrüfatı məhsulunu satan qoca erməni qadını ilə söhbəti Ermənistanda azərbaycanlılara nifrətin olmadığı, bizə düşmən ölkə olaraq baxılmadığı kimi qələmə verməsi, sadəcə, ikrah hissi doğurur. “…Hər yerdə, istər erməni, istərsə də Qarabağ kəndlərində insanların üzündə mənfi emosiyalar hiss etmədim. Ermənistanda və Qarabağda mənimlə görüşən köhnə bakılılar nostalji hisslərini gizlədə bilmədilər, qalanları isə ən pis halda sakit laqeydlik nümayiş etdirdilər”.
Onun laçınlıların öz torpaqlarını döyüşmədən təhvil verməsi fikri isə Birinci Qarabağ savaşı zamanı həlak olmuş 262 şəhid laçınlının, 1992-ci ilin payızında Laçının azad olunması uğrunda həlak olan Milli Qəhrəman Əliyar Əliyevin əziz xatirəsinə olduqca böyük hörmətsizliyidir.
Aşkar görünür ki, Eynullanı bu cür faktlar maraqlandırmayıb. Əks-təqdirdə “Laçın … Döyüşlər nəticəsində heç bir xəsarət almayıb. Çünki belə döyüşlər olmayıb. Laçınlılar bir güllə də atmadan rayonlarını təslim ediblər”, – deyə sevimli ruslarının və separatçı ermənilərin narrativlərini təkrarlamaz, laçınlıları partizan müharibəsi aparmamaqda ittiham etməzdi. Lap dastanda deyildiyi kimi, “Qəribi burada ağlamaq tutdu”.
“Laçın sakinləri nəinki nəzərəçarpan müqavimət göstərməyiblər, hətta torpaqlarını hazır infrastruktur, evlər, məktəblə birlikdə veriblər…” yazmaqla Eynulla işğala məruz qalan azərbaycanlılarla qəsbkar ermənilərin fərqini qətiyyən anlamadığını nümayiş etdirib. Dərk etməyib ki, azərbaycanlı öz doğma yurduna, əlləri ilə yaratdığı ev-eşiyinə zərər vura bilməz. Azərbaycanlılardan qalma evlərə od vurmaq, unitaz daşımaq, mal-qaranı öldürmək, dağıtmaq, rayonları, şəhərləri, kəndləri xarabazara çevirmək yalnız erməni xislətinə məxsusdur. Qabaqcıl texnologiyanın inkişafı sayəsində ermənilərin barbarlığına bütün dünya 44 günlük Vətən müharibəsi zamanı şahid oldu. Müharibədən bir neçə il öncə isə azərbaycanlıların öz torpaqlarının işğalı ilə barışmayacaqlarını bütün dünya 22 yaşlı Mübariz İbrahimovun qəhrəmanlıq nümunəsində gördü.
Eynullanın qədim Azərbaycan şəhəri Gəncəni ermənisayağı bir neçə dəfə Kirovabad adlandırması da maraqlı məqamlardandır. “Yeri gəlmişkən, burada (Laçını nəzərdə tutur) əsasən Bakıdan, Kirovabaddan, Mardakertdən və əlbəttə ki, Ermənistandan qaçqınlar rahatlıq tapıblar”.
Ən maraqlısı odur ki, Eynulla işğal altında olan Şuşaya soxulan erməniləri yeni şuşalılar (новые шушинцы) adlandırıb. Bir dəfə belə kənardan gələn ermənilərin Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda qeyri-qanuni məskunlaşmasına, bunun cinayət olduğuna dair fikir bildirməyib.
Üstəlik, Bakıdan çıxan ermənilərin Azərbaycan paytaxtına sevgisindən bol-bol bəhs etməyi özünə borc bilib və hətta ermənilər tərəfindən vəhşi deportasiyaya məruz qoyulmuş Qərbi azərbaycanlıların “yeraz” adlandırılmasına da etiraz etməyib. “Saro otuz il əvvəlki Bakını o qədər məhəbbətlə və gözəl təsvir edirdi ki, onu dinləmək və dinləmək istəyrdim. “Niyə bizə bunu etdilər? Qırğınlar zamanı həyatımı xilas edən bakılılardan heç bir şikayətim yoxdur. Başa düşürəm ki, onlar da yerazların siyasətinin qurbanı olublar”. Qarabağlıların Azərbaycandakı tayfa seqreqasiyasının incəliklərini dərindən bilməsi məni heyrətə gətirdi, onlar sanki saman çöpündən yapışaraq hər məlumatda Bakı və Azərbaycan haqqında nəsə tapmağa çalışırlar”, – deyə misli görünməmiş idbarlığa yol verib.
Ağdamın yerlə yeksan olduğunu yazan Eynulla bu barbarlığı Qarabağ ermənilərinin ağdamlılara qarşı dərin nifrəti və qisası ilə izah edib. Və… ağdamlıları ittiham edib. “Ağdamlılar Bakı bazarlarında alver edib, Xırdalanda özlərinə villalar tikdirərkən, erməni əsgərləri onların şəhərini yerlə-yeksan edib, mədəniyyət abidələrini murdarlayıblar”.
Onun Xocalı və xocalılar barədə yazdıqları isə heç bir əndazəyə sığmır. Ermənilər tərəfindən məhv edilmiş Azərbaycan qəsəbəsinin tamamilə bərpa edildiyini və İvanovka şəhərinə çevrildiyini yazan Eynulla, sən demə, Əsgəranda keçirdiyi bütün görüşlərdə “Necə yəni? Məgər bu adamlarda (faşistlərə adam deyə bilib) insanlıqdan heç nə qalmayıb?” sualına cavab axtarıb. Bu məqamda ona “vəhy” gəlib. Naftalanda müvəqqəti məskunlaşmış xocalıların “hücumdan bir neçə gün öncə ermənilər fasiləsiz olaraq səsgücləndiricilər vasitəsilə mülki əhaliyə qəsəbəni humanitar dəhlizlə tərk etmək” təklifini etiraf etdiklərini yada salıb. Amma AXC batalyonlarının bəzi əsgərləri Eynullanın sevimli prezidenti olan Ayaz Mütəllibovu devirmək yolunda daha çox qan tökmək məqsədilə xocalıları erməni batalyonunun yerləşdiyi Naxçevanik kəndinə çıxarıb və bununla da erməniləri qanlı hərbi cinayət törətməyə vadar edib. “Mən Əsgəranda olarkən Əsgəran administrasiyası rəhbərinin müavini Slavik Aruşanyanı dinlədim və onun xatirələrini Azərbaycan tərəfinin atəşinə məruz qalan xocalılıların sözləri ilə müqayisə etdim. Mən S.Aruşanyandan xahiş etdim ki, xocalıların çıxdığı dəhlizi göstərməyə kömək etsin. Ərazinin coğrafiyası ilə tanış olduqdan sonra tam əminliklə deyə bilərəm ki, erməni dəhlizinin olmaması ilə bağlı ehtimallar əsassızdır. Həqiqətən də dəhliz var idi, əks halda tamamilə mühasirəyə alınmış və xarici aləmdən təcrid olunmuş xocalılılar halqaları yarıb mühasirədən çıxa bilməzdilər” uydurmasına yalnız xəstə təfəkkürlü məxluqlar inana bilər.
Nə yaxşı ki, tanınmış britaniyalı jurnalist Tomas de Vaal Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Xocalı soyqırımını ermənilər tərəfindən törədildiyi barədə ifşaedici müsahibəsini dünyaya yayıb.
Amma Eynulla kimilərinə Xocalı soyqırımı ilə bağlı ən yaxşı cavabı Azərbaycan Prezidenti İlham Əliyev verib.
Xatirinizdədirsə, 15 fevral 2020-ci il tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Nikol Paşinyan da Eynulla sayağı Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilməsi barədə açıqlama verdi.
Prezident İlham Əliyev bu fikri sinizmin zirvəsi adlandırdı: “Mən, təəssüf ki, ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə aydınlıq gətirmək istərdim. Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
Eynulla bu reportajda Xankəndi açıqlaması ilə quşu lap gözündən vurub. Deməli, Xankəndinin hər sakini (!) ona incikliklə “Niyə bizim şəhərimizi Xankəndi adlandırırsınız? Biz kənddə deyil, şəhərdə doğulmuşuq!” – deyə müraciət edirmiş.
Və… Eynulla ermənilərin bu fikrini dəstəkləyib. “Açığı, mən də kütbeyincəsinə Xankəndi adını toponimikamıza sırıyan bizim bir çox naqqalların və təbliğatçıların bezikdirici və süni prinsipiallığını başa düşə bilmirəm. Mahiyyət etibarı ilə bu şəhər Stepanakertdir. Bu şəhər məhz Sovet Azərbaycanı illərində tikilib, formalaşıb və ümumilikdə Şuşa, Laçın, Kəlbəcərdən fərqli olaraq heç vaxt Azərbaycan şəhəri olmayıb”, – deyə Eynulla iddia edib.
Bu məqamda yenidən Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı məşhur çıxışından sitat gətirməyə məcburuq: “…Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur”, – deyə İlham Əliyev nəzərə çatdırıb.
Həngamə bununla da bitməyib. İşğalda olan Qarabağa səfərdən qayıdandan sonra Eynulla “Exo” qəzetinə müsahibəsində (23 fevral 2005-ci il) separatçı erməni qardaşlarının ünvanına difiramblar səsləndirib və onlar üçün əsl demokrat imici toxuyub. “DQR” hakimiyyətinin öz öhdəliklərinə sadiq qaldığını, fəaliyyəti üçün heç bir məhdudiyyət olmadan hər cür şərait yaradıldığını, yalnız Ağdam rayonunda video və foto çəkilişlər aparmağa icazə verilmədiyini, təhlükəsizliyimə çox diqqət yetirildiyini bildirib.
“Sizi daha çox nə təəccübləndirdi” sualına Eynullanın cavabı “fantastik” olub: “Qarabağda sivil və demokratik institutların inkişafı. Orada mənə dedilər ki, işğal olunmuş torpaqlarda oxşar institutlar İrəvanın özündən də çox inkişaf edib. “DQR” prezidenti Arkadi Qukasyanın sözlərinə görə, “dünya DQR-i avtoritar və antidemokratik rejimə görə bağışlamaz və buna görə də biz vətəndaş institutlarını inkişaf etdirməyə məhkumuq”.
Sonra “DQR”i bütövlükdə demokratik adlandırmağın mümkün olmadığını söyləsə də, artıq Qarabağda demokratik seçkilərin keçirildiyini, müstəqil KİV-lərin fəaliyyət göstərdiyini, əlverişli biznes mühitinin olduğunu iddia edib. Bambılı Əbdürrəhman Vəzirovun “Gözünüz aydın, ermənilər qayıdır” müjdəsinə nə qədər də bənzəyir!
Bundan başqa, Eynulla sepratçıların o zamankı başçısı Arkadi Qukasyanın və onun dəstə üzvlərindən birinin açıq insan təəssüratı yaratdığını, rəsmi Bakı ilə dialoqa hazır olduqlarını bildirir, hətta federativ-konfederativ dövlətin qurulması variantından dəm vurur. Qukasyanın bir-iki il sonra dialoq təklifinin olmayacağı xəbərdarlığını çatdırmağı da unutmur.
Təbii ki, Eynullanın “Qarabağ gündəliyi” və söylədiyi fikirlər Azərbaycanın vətəndaş cəmiyyətində böyük hiddət doğurdu.
Hər zaman dürüstlüyü ilə fərqlənən, sərbəst fikirləri ilə Rusiyanın qəzəbinə gələn, ATƏT-in Minsk Qrupu həmsədrlərinin cavabını ötkəmcəsinə verən görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadənin “Azərbaycanda elə bir kateqoriya insanlar var ki, onların əməllərinə münasibət bildirmirəm. Fətullayev də bu adamlara aiddir, ona görə də onun səviyyəsinə enib, onun hərəkətləri ilə bağlı hər hansı mülahizə bildirməyi lazım görmürəm” açıqlaması həmin hiddətin zərrəciyi idi.
Eynulla isə Azərbaycanın Qarabağdakı parlaq qələbəsindən sonra da öz ampluasındadır. Onun “Qarabağ gündəliyi”nə sözardında iki xalqın dinc yanaşı yaşamasına dair yazdığı aşağıdakı fikir bunu bir daha sübut edir: “Amma bir dəfə, 1920-ci ildən sonra biz sülh və əmin-amanlıq içində yaşaya bildik. Uşaqlıq dostlarımın və erməni sinif yoldaşlarımın milliyyəti haqqında heç düşünməmişəm. Elə onlar da mənim milliyyətimi düşünmürdülər. Amma bizi Qarabağ böldü. Bu dəfə isə bizi birləşdirə bilər. Bir əsrə yaxın Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar, Stepanakertdə (Xankəndi demir!) isə ermənilər təşkil edirdi. Və nəhayət, tarixin bu hökmü ilə barışmalıyıq”.
Süni sülhsevərlik xislətinə malik zat indi Laçında nəyə yaramadığını soruşa-soruşa qalıb…
Biz isə Qarabağ münaqişəsi başlayandan bəri belə “sülhsevərləri”, gah nala, gah mıxa vuranları, hətərən-pətərən danışanları çox görmüşük. Bizə ermənilərə yarınmaq yolunu göstərənlərin cavabını Prezident İlham Əliyev və onun komandanlıq etdiyi Azərbaycan ordusu qətiyyətlə və birdəfəlik verib. Nə yaxşı ki, Azərbaycanın dövlət başçısı 44 günlük müharibə zamanı informasiya müharibəsinin aparılmasına özü başçılıq edib. İndiyədək Qukasyanın qonaq etdiyi erməni konyakının, erməni tütününün və qəhvəsinin dadını unuda bilməyən Eynulla kimilərinin xidmətinə heç bir ehtiyac görməyib…
KONKRET.az-ın ANALİTİK QRUPU