DÖVLƏT BÜDCƏSİNİ KİMLƏR VƏ NECƏ TALAN EDİR... - Büdcədən ayrılan 5 milyon manatın qaranlıq taleyi...
13-07-2023, 08:25
Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin həmtəsisçisi Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Maliyyə nazirİ Samir Şərifova ünvanladığı məktubu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası özünün Nizamnaməsi əsasında və Konstitusiyanın tələblərinə uyğun olaraq insanların hüquqlarını cinayət və mülki müstəvidə müdafiə edən, insan resuslarına xidmət göstərən kollegial hüquqi şəxsdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası da öz Nizamnaməsi əsasında, Konstitusiyanın tələblərinə uyğun olaraq iqtisadi sahədə, insan resurslarına xidmət göstərən hüquqi şəxsdir.
Sizin fərmanınızla təsdiq edilimiş, “Azərbaycan Respublikasının 2023-cü ilin dövlət büdcəsindən” (Təsnifata uyğun 1.3.5.1) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına 5 000 000 (5 milyon) manat vəsait ayrılmışdır.
Çox-çox təəssüflər olsun ki, ancaq Azərbaycan Respublikasının Auditorlar Palatasına dövlət büdcəsindən bircə manat olsun belə, vəsait ayrılmamışdır. Baxmayaraq ki, hər iki qurum xidmət göstərməklə məşğuldur.
Onda, nəyə görə Vəkillər Kollegiyasına 5 milyon manat ayrıldığı halda, Auditorlar Palatasına bir manat belə ayrılmamışdır?! Bu xidmət qurumlarını 5 milyon manat dəyərində bir-birindən fərqləndirən üstün cəhətləri hansılardır?
Vəkillər Kollegiyasının rəhbərliyi ilə Auditorlar Palatasının rəhbərliyi arasındakı nüfuz – stimul fərqini götürsək, Auditorlar Palatasının sədri Vəkillər Kollegiyasının sədrindən əlçatmaz dərəcədə yüksəkliklərdə dayanmışdır.
Belə ki, Auditorlar Palatasının sədri Vəkillər Kolleğiyasının sədrindən fərqli olaraq, bütün ömrü boyu dövlət strukturlarında işləmişdir, özü də professordur...
Cənab Prezident!
Məqsədim nə Vəkillər Kollegiyası və onun sədrini, nə də Auditorlar Palatasını və onun sədrini gündəmə gətirmək deyil! Məqsədimiz dövlət büdcəsinin kimlər tərəfindən və necə dağıdıldığına və büdcədən Vəkillər Kollegiyasına ayrılmış 5 milyon manat vəsaitin TALEYİNƏ aydınlıq gətirməkdir...
Belə çıxır ki, bu kimi müəmmalı ayırmalarla cavabdeh şəxslər - Baş nazir, Maliyyə naziri və Milli Məclisin sədri başda olmaqla 125 deputat dövlət düdcəsindən ayrılan 5 milyona göz yummaqla, büdcənin dağıdılmasına - talan edilməsinə şərait yaratmışlar!
Belə çıxır ki, bu kimi müəmmalı ayırmalarla cavabdeh şəxslər Sizi də aldadıblar! Çünki dövlət büdcəsinin layihəsi Sizə Baş nazir və Maliyyə naziri tərəfindən hesabat verildikdən və Milli Məclisdə müzakirə edilib, səsə qoyulduqdan və qərar qəbul edildikdən sonra təqdim edilmişdir. Və Sizin tərəfinizdən fərmanla təsdiq edilmişdir.
Hörmətli Prezident!
Bildirirlər ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ədliyyə naziri Fikrət Məmmədova yaxınlığı ilə tanınır. Görünür, Anar Bağırovun Vəkillər Kolleğiyasının sədri olmasında Ədliyyə nazirinin boyük əməyi olmuşdur. Bir sözlə, Anar Bağırov Ədliyyə nazirinin adamıdır.
Bax, elə bu səbəbə görə də, dövlət büdcəsindən Vəkillər Kollegiyasına 5 milyon manat vəsait ayrılmışdır. “Göstərdiyi xidmət müqabilində damcı-damcı göydən başına pul yağan və pul damcıları hesabına dəryaya çevrilmiş” Vəkillər Kollegiyası 2023-cü ildə dövlət büdcəsindən ayrılan 5 milyon manatı hara xərcləmişdir?
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, dövlət büdcəsindən ayrılmış 5 milyon manat vəsaitin taleyi və büdcənin kimlərin və necə dağıtmaları barədə araşdırma aparılmasına və Sizə doğru-dürüst məlumat verilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.
Aydınlıq gətirilənə kimi, bu məsələni şəxsən nəzarətinizdə saxlamağınızı da Sizdən ayrıca xahiş edirəm. Qabaqcadan öz minnətdarlığımı bildirirəm”.
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.