Dillər Universitetində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR!

13-07-2023, 10:48           
Dillər Universitetində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR!
Azərbaycan Dillər Universitetinin professoru, Flilologiya elmləri doktoru Həbib Məmməd oğlu Zərbəliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir:

"Azərbaycan dillər Universitetində baş verən korrupsiya və rüşvət halları ilə bağlı aşağıdakı məlumatları bildirmək istəyirəm.
2017-ci ildə akademik Kamal Abdullayev Azərbaycan Dillər Universitetinə (ADU) rektor təyin olunduqdan az sonra bu universitetdə rüşvət və korrupsiya son həddə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığım məktubda da göstərdiyim kimi, rektor Kamal Abdullayev Prezident Administrasiyası, hüquq mühafizə orqanları və məhkəmə sisteminin vəzifəli şəxslərinin qohum və yaxınlarını ADU-da işə götürməklə ətrafında sipər yaratmışdır. Bu yolla o, əməkdaşlarda vahimə yaradaraq haqsızlığa etirazını bildirənləri susdura bildiyindən buradakı rüşvət və korrupsiya halları haqqında məlumatları müvafiq strukturlara çatdırmaqdan hamı çəkinir.
ADU-da vəzifələrə təyinat üçün xüsusi mexanizm mövcuddur. Bunu bütün kollektiv bilir. Bir neçə fərdi halda vəzifəyə görə rüşvət verilməsinin isə şəxsən mən özüm şahidi olmuşam. Tələbələrdən rüşvət alınmasının yolları müxtəlifdir. Mən onların bir qismini sadalayıram.
Qaydalara görə, tələbə bir semestr ərzində 6-dan çox kəsir ləğv edə bilməz. Araşdırma göstərir ki, Universitetdə tələbələrin kəsirlərinin sayı ilə diplom aldıqları vaxt arasındakı zaman məsafəsi həmin kəsirlərin ləğvi üçün kifayət etmir. Üstəlik, tələbələrin kəsiri qalmış fənlərin xeyli hissəsi davam edən fənlərdir. Sonrakı mərhələlərin kəsirlərinin ləğvi üçün əvvəlki mərhələlərdə olan kəsirlər aradan qaldırılmalıdır. Bu isə əlavə vaxt tələb edir. Bundan başqa, VI, hətta VII ilə böyük sayda kəsirlə gəlib çıxmış tələbələrin birdən-birə ildırım sürətilə kəsirlərini “ləğv edə bilməsi”də ortada rüşvət amilinin olduğunu göstərir. Məsələn:
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:
1. T.R.Cabbarov – Beynəlxalq münasibətlər ixtisası üzrə, 445 r qrupu . 2018-ci ilin yanvarında IV kursda olarkən onun 36 kəsiri olmuşdur. Təhsilinin VI ilinin sonunda, yəni 5 semestr sonra – 15.07.2021-ci il tarixində rektorun 3/342 saylı əmri ilə ona diplom verilmişdir. Halbuki bu müddət ərzində davam edən fənləri, 4 ildə 36 kəsiri olan tələbənin birdən-birə hər semestr 6 kəsir ləğv edə bilməsini nəzərə almasaq belə, o yalnız 30 kəsir ləğv edə bilərdi, yəni ən yaxşı halda onun 6 kəsiri qalmalı idi.
2. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddər ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmiş, yəni 11 kəsir saxta yolla ləğv edilmişdir.
3. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu praktika üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir.
4. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir.
Filologiya fakültəsi üzrə:
1. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci Aqrupu). Pedaqoji praktikadan kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona 21 krediti yerinə yetirmədən diplom verilmişdir.
2. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə ona diplom verilmişdir.
Bunlar yalnız nümunədir, siyahı isə çox böyükdür. Təkcə 2018-2019-cu tədris ilində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində bir əmrlə ümumlikdə 453 kəsirlə 68 tələbəyə, Filologiya fakültəsində 144 kəsirlə 35 tələbəyə diplom verilmişdir. Başqa sözlə, Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 68 tələbə, Filologiya fakültəsində isə 35 tələbə saxta diplom almışdır. Həmin tədris ili ərzində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 5 tələbənin istehsalat praktikasından kəsiri olmuş, lakin onlara diplom verilmişdir. Pedaqoji praktika üçün 21 kredit nəzərdə tutulur. Bu, o deməkdir ki, 5 tələbə toplamalı olduğu 240 kreditdən yalnız 219 kredit yerinə yetirmiş və saxta diplom almışdır. Həmin dövrdə Filologiya və jurnalistika fakültəsində 9 tələbənin, Təhsil fakültəsində isə (o zaman 1 təhsil fakültəsi var idi) 20 tələbənin pedaqoji praktikadan kəsiri olmuşdur. Lakin onların hamısına saxta diplom verilmişdir.
Başqa illər üzrə göstəricilər də buna bənzərdir.
İmtahan cədvəlinə əslində heç kimin tanımadığı tələbələrin adları daxil edilir. Məsələn, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 176-cı qrupunun (İndoneziyaşünaslıq) 2020-2021-ci tədris ilinin payız və yaz semestrləri üçün imtahan cədvəlinə heç kimə məlum olmayan O.Vəliyevin adı daxil edilmiş və payız semestrində imtahana qədər olan müddətdə onun guya 34 bal topladığı göstərilmişdir.
Bundan başqa, sənədlər üzərində ADU-da işlədiyi göstərilən, əslində isə özləri olmayan əməkdaşlar vardır. Məsələn, təkcə Ümumi dilçilik kafedrasında iki belə əməkdaş vardır.
Ümumiyyətlə, ADU-da edilmiş saxtakarlıqlar saymaqla bitməz.
Göstərilənləri nəzərə alaraq, bu universitetdə təhqiqat aparılması, qanun pozuntularının üzə çıxarılması üçün müvafiq addımlar atılmasını xahiş edirəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.