"Quraşdırma" adı ilə kanalizasiyaya "axıdılan" büdcə pulları "toz olub" - VİDEO
13-07-2023, 12:28
Deyirlər söz vaxtına çəkər. Keçən il bu vaxtlar Pirşağı qəsəbəsinə cənab Prezident İlham Əliyevin səfərindən sonra divarların üzərinə köhnə daşlar bağlamağa başladılar. Bir müddət sonra nə fikirləşdilərsə, həmin daşları söküb, uyğun olmadığını dedilər. Bəzi hasarların üzərində hələ də o daşlardan qalır. Bir müddət keçdi. Sonra kəndin ara küçələrinə asfalt döşədilər, üzərindən də elə bir ağ zolaq çəkdilər ki, yola iki göz istəyirdi ki, tamaşa etsin. Kənd sakinləri də sevinirdi ki, nəhayət ağ gün görməyə başladıq. Amma bu sevinc də uzun illər asfalt üzünə həsrət qalan pirşağılıların qursağında qaldı.
Bir neçə ay öncə bütün Pirşağının yollarını söküb tökdülər. Niyə? Sən demə, Pirşağıda kanalizasiya sisteminin olmaması indi yadlarına düşüb. Bu gün Pirşağıda elə yer yoxdur ki, "kanalizasiya sistemi quraşdırılması" adı altında sökülüb tökülməsin. Hələ bu azmış kimi, işıqsız kənd küçələrində olan ağzı açıq lyukları demirəm. Gecə yol ilə gedəndə ayağının altını görməyib bu lyuka düşsən və başın-gözün yaralansa, kim buna məsuliyyət daşıyacaq? Təbii ki, heç kim!
Çox maraqlıdır həqiqətən dövlət qurumları bölgələr üzrə işlər həyata keçirərkən niyə planlaşdırmadan işlər görür?
Məsələn keçən il yol salınması üçün bəlkə də milyonlar xərclənmişdi. Bu il həmin milyonlar sanki toza-torpağa döndü. Bir də Pirşağıya yol nə vaxt salınar, onu Allah bilir. Bircə bildiyimiz odur ki, dövlət qurumlarının koordinasiyasız gördüyü işlər dövlət büdcəsinin talanmasına xidmət edir. Sübut isə, Pirşağı kəndini göstərə bilərik. Keçən ildən bu günə qədər büdcəyə zərər dəyib?!
Bizimyol.info