“Xəstəxanada həkimdən çox polis vardı”
31-08-2016, 09:29
Blogger Mehman Hüseynov Sabunçu xəstəxanasında gördüklərindən və başına gələnlərdən yazır
Orta yaşlı bir kişi əsəbi halda tibb işçilərindən ona yardım göstərilməsini istəyir. Az sonra polis onu sakitləşdirməyə çalışır… Bu kadrları “Facebook” sosial şəbəkəsində “Sancaq production” səhifəsinin idarəçisi, blogger Mehman Hüseynov sosial şəbəkələrdə yayıb. O, “Sabunçu xəstəxanası” kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasında şahidi olduğu insidenti kameraya çəkib.
“Kişi bir saat idi yalvarırdı ki…”
Mehman Hüseynov “Azadlıq” radiosu-na danışır: “O kişi bir saat idi yalvarırdı ki, ona təcili yardım göstərilsin, ya heç olmasa, ağrıkəsici vurulsun. Ancaq tibbi yardım almadıqda o dözmədı, başladı əsəbi halda danışmağa”.
Mehman Hüseynovun sözlərinə görə, xəstəxananın mühafizəçiləri kamerasını ondan almaq istəyiblər: “Ancaq bunu bacarmadılar. Ondan sonra polis çağırdılar. Xəstəxana mühafizəçiləri idarədə üzümüzə durdular”.
Mehman Hüseynovla yanaşı iki gənc fəal da saxlanılıb, izahat yazdıqdan sonra buraxılıblar.
“Dedilər ki, xəstəni bura gətirməməliydiniz”
Bloggerin söylədiyinə görə, bu xəstəxanada təkcə həmin pasiyentə deyil, başqalarına da yardım göstərilmir. O, xəstəxanada pasiyentlərlə kobud davranıldığını, xəstələri müayinə edəcək həkim olmadığını da bildirir:
“Biz həftəsonu dostlarımızla futbol oynayırdıq. Bir dostumuz yıxılaraq zədə aldı. Təcili yardım onu Sabunçu xəstəxanasına apardı. Biz də arxasınca getdik, çünki bu xəstəxananın adı çıxıb. Biz qəbul şöbəsində dedik ki, ”bu adama təcili yardım göstərilməlidir”, ancaq dedilər ki, “həkim yoxdur, o Sumqayıtda yaşayır, uzaqdadır, biz də ona baxa bilmərik, xəstəni bura gətirməməliydiniz” və s. Xəstələrlə çox kobud davranırdılar. Heç bir tibbi yardım göstərilmirdi, deyirdilər ki, həkim yoxdu”.
Videokadrda gənclərin həkimlə mübahisəsi də görünür. Ilham Qəmbərov adlı həkim onlara xəstəni xəstəxanada qoyub getmələrini, dostları isə ona tibbi yardım göstərilməsini istəyirlər.
“Burda həkimdən çox polis var”
Mehman Hüseynov gördüyü başqa bir hadisəni də danışır: “Xəstəxanada həkimdən çox polis vardı. Bir nəfər bıçaqlanan gəlmişdi, yardım istəyirdi. Ancaq onu həkim yox, polis gəlib apardı, araşdırırdılar ki, harda, necə bıçaqlanıb”.
“Azadlıq” radiosu xəstəxananın baş həkimi ilə danışa bilməyib. Qəbul şöbəsindən bildiriblər ki, həkim günorta 3-dən sonra işdən gedir. Ancaq baş həkimin cərrahiyyə üzrə müavini Əbülfəz Hüseynov “Qafqazinfo”ya deyib ki, avqustun 28-də – bazar günü bütün həkimlər iş başında olublar:
“Pasiyent xəstəxanaya sərxoş vəziyyətdə gəlib. O xəstədə heç bir kəskin patalogiya olmayıb. Həmin şəxs orada böyük problem yaradıb. Polisin əlini dişləyib, tibb bacılarını təhqir edib. Travmatoloqlar və cərrahlar bütün günü xəstəxanada olub. O video qərəzli formada çəkilib. Həkimlərimiz kadrda görünmür. Həmin şəxslər öyrədilmiş şəkildə xəstəxanaya daxil olub. Hadisə yaşanan zaman xəstəxananın polisləri çağırıldı. Polisləri də təhqir etdilər”.
Əbülfəz Hüseynov avqustun 28-də onlara 72 pasiyent müraciət etdiyini, onlara tibbi xidmət göstərildiyini bildirir.