Azərbaycanda təhlükəli tendensiya: Vətəndaşlar pulsuzluqdan böyrəklərini satışa çıxarır - ŞOK
31-08-2016, 09:36
- “44 yaşım var, tamamilə sağlamam. Ehtiyacım olduğu üçün böyrəyimi satıram. Qan qrupum +2RH-dır. Qiyməti 10 min manat. Ciddi olmayanlar narahat etməsinlər”.
Bu gün qəzet və internet səhifələrinə rast gəlinən bu elanlar insanı vahiməyə salır. Elan verənlər arasında böyrəyi ilə yanaşı, qaraciyərini satanlar və ya sümük iliyi donoru olmağa hazır olanlar da az deyil. Böyrəyin qiyməti 10-15 min manat arası, qaraciyər 20-25 min manat, sümük iliyi donorluğu da təxminən o qiymətədir. Elan verənlərin çoxu qiymətin razılaşma yolu ilə satılmanın mümkünlüyünü də qeyd edirlər.
Daxili orqanlarına müştəri axtaranlar əlaqə telefonlarını, qan qruplarını, sağlamlıq durumlarını haqda geniş məlumat verirlər. Onlar arasında “təcili satıram” deyə müraciət edənlər də az deyil.
Bəlkə bu cür elanlar bəzilərinə təəccüblü, bəzilərini anormal, bəzilərinə isə qeyri ciddi təsir bağışlaya bilər. Ancaq onların hər biri bir insan taleyindən, problemindən, bəlkə də faciəsindən xəbər verir. Demək ki, bu insanlar həyatın ən çətin sınağı ilə üz-üzədirlər ki, hər an insan üçün ən əziz olan candan belə keçməyi göz önünə alıblar.
Bəs görəsən onlarla, yüzlərlə insanı bu cür elanlar verməyə sövq edən səbəblər hansıdır?
Elanlarda təqdim olunan bir necə nömrələrlə əlaqə saxlayıb, daxili orqanlarını satanların problemləri ilə maraqlandıq.
Zəng etdiyimiz insanlar müştəri olduğumuzu zənn edib hansısa bir əşyanı satışa çıxardıqları kimi canfəşanlıqla böyrəyini, ciyərini tərif etməyə başladılar: “Bütün müayinələrdən keçmişəm, tam sağlamam. Heç bir xəstəlik keçirməmişəm. Əgər fikriniz dəqiqdirsə, sizinlə yenidən müayinələrdən keçməyə hazıram”.
Bu kimi sözləri böyrək və ciyərini satışa çıxaran həm qadın, həm də kişilərdən eşitdik. Ancaq qəribə də olsa deyək ki, daxili orqanlarını satanların çoxu qadınlardır.
Daxili orqanlarını satınları maraqlandıran məqamlardan biri də, əməliyyatın hansı xəstəxanada keçiriləcəyi və tələb olunan məbləğin nağd olması ilə bağlı idi.
Pul banka köçürülməzsə böyrəyimi satmaram
Talelər isə müxtəlifdir...
30 yaşlı İradə adlı qadını böyrəyini satmağa məcbur edən səbəb borclu düşməsidir. Böyrəyini satmaqdan çox borclarının olmasından narahatlıqla danışan qadın 20 min manat borcu olduğunu və bu pulları ödəmək üçün satmağa dəyərli bir əşyası olmadığını dedi. Qərara gəldim ki, böyrəyimi satıb borcumu qaytarım. Tanışlarımın biri də problemini həll etmək üçün böyrəyini satmışdı, indi vəziyyəti yaxşıdır. Borcum olduğum adamların qapıya gəlməyindənsə böyrəksiz yaşamaq daha yaxşıdır”.
Maraqlanmışam, indi böyrəyin qiyməti bahadır 15-17 min arası. Ancaq mənə təcili pul lazımdır ona görə də, 10 min manata sataram”.
Qadın elan verdiyinə görə hərdən peşmançılıq çəkdiyini də dedi: “Zəng edənlərin çoxu qeyri-ciddi adamlardır. Elanın qadın tərəfindən verildiyini görüb müxtəlif təkliflər edirlər. Elələrinə nə deyəsən? Kim ehtiyacı olmasa canına qıyar. Ciddi adam müraciət etsə, ilk tələbim o olacaq ki, pulu banka ödəyib ceki mənə versin sonra əməliyyata girim. Aldanmaqdan qorxuram”.
Gənc qadın elan verməzdən öncə bütün proseduraları öyrəndiyini də söylədi: “Xarici ölkələrdə daxili orqanlarını satanlar notariusdan razılaşdırılmış sənədə qol çəkirlər. Pul isə bank yolu ilə hesaba yatırılır. Ona gərə də mən də bu üsuldan istifadə edəcəyəm”.
Pula görə cana qıyarlar?
Reyhanə isə daha gəncdir, 26 yaşı var. Müəllimə işləyir. Elanda təqdim etdiyi nömrəyə zənk vurub böyrəyinin qiymətini xəbər aldıq. Sevindirici xəbər eşidirmiş kimi təcili böyrəyini satdığını deyən qadın, əgər razılaşma olarsa ciyərini də satacağını söylədi.
- Bilmək olar niyə daxili orqanlarınızı satırsınız?
- Qardaşım işə düşüb, evimizi də satmışıq. Ancaq hələ də lazım olan pulu toplaya bilməmişik. Təcili pula ehtiyacımız var. İstəmirik bizi narahat etsinlər. Bilirəm ki, əməliyyatdan sonra yarımcan olacam. Ancaq başqa yolumuz yoxdur.
Qadın İran klinikasında tanışların olduğunu və əməliyyatın orada mümkünləşməsinin daha sərfəli olduğunu dedi: “İran klinikasında əməliyyat həm ucuzdur, həm də orada həkimlər daha professionaldırlar. İstəyiniz dəqiqdirsə təfərrüatlarını danışa bilərik”.
Orqan satışı qanunsuzluqdur!
Bəs görəsən qəzet və internet saytlarında daxili orqanını satmaq üçün elan verənlərin buna nə dərəcədə hüququ var? Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova dedi ki, ölkədə necə gəldi orqan satışını həyata keçirmək qanunsuzluqdur: \"Azərbaycanda yalnız qohum öz qohumuna hər hansı bir orqanını könüllü sürətdə verə bilər. Bazar deyil ki, kim istəsə öz orqanını satsın. Buna yol verənlər qanuna müvafiq qaydada cəzalandırılmalıdırlar. Ancaq bu bizim işimiz deyil. Qanunsuz orqan alverinə hüquq-mühafizə orqanları nəzarət etməlidirlər\".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirdi ki, DİN hər hansı vətəndaşın verdiyi elanlara nəzarət edə bilməz: \"Konkret olaraq hər hansı bir cinayət tərkibli əməl haqqında məlumat daxil olarsa tədbir görüləcək".
Savash.org