Bəzi borçalıların Akif Çovdarovu müdafiə cəhdləri uğursuz alındı- O, KRİMİNALI MÜDAFİƏ EDİB

31-08-2016, 10:32           

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Gürcüstanda yaşayan bir qrup ziyalının (?)hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun müdafiəsinə qalxıb. Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər A.Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara yaxşılıqlar etdiyini iddia ediblər.
MTN-nin “Qanlı general”ının cinayətləri çılpaqlığı ilə ortada olduğundan heç bir media bu müraciəti işıqlandırmadı.
Gununsesi.info-ya açıqlamasında əslən Borçalıdan olan tanınmış ziyalı və hüquqşünas Aslan İsmayılov Akif Çovdarovla bağlı bu müraciəti tənqid edib. Onun sözlərinə görə, belə bir müraciəti yazıb, borçalıların adından yaymaq doğru deyil: Mən təkcə o məktubu imzalayanların yox, oradan olan sıravi vətəndaşların, ziyalının, təqaüdçünün, gəncin bu neçə gün ərzində fikrini öyrənmişəm. Bir nəfər də onu dəstəkləmir. Sadəcə, qohum-əqrəbası arasında kimsə fərd kimi ondan faydalanmış ola bilər. Amma Akif Çovdarovun nə Borçalıya, nə də borçalılılara bir faydası olmayıb. Akif Çovdarov kimi adamı borçalılıların adı ilə yanaşı qoymaq onlara qarşı ən böyük haqsızlıq və təhqirdir”.
Vəkilin sözlərinə görə, belə bir müraciəti hazırlayanların yeganə məqsədi maddi maraqlardır: “Cinayətkarlığı bütün ölkəyə bəlli olan bir nəfəri borçalılıların az qala kumiri kimi qələmə vermək haqsızlığına da susa bilmərəm. Bu, tam yanlış addımdır. Bu, heç borçalılıların 1 faizinin belə mövqeyini ifadə etmir. Onun orada yaşayanlara ziyanı dəyib ki, xeyri dəyməyib. Nə qədər borçalılıya problem yaradıb. Bunun əksini demək istəyənlər bir fakt desinlər. O, kriminala kömək edib, onlara dəstək verib, amma xalqın yanında olmayıb heç vaxt. Kriminal aləmdən olanlar ona dəstək versə susardım. Ancaq Borçalı camaatını kriminalla eyniləşdirmək yolverilməzdir. Orada yaşayan insanlar halal zəhməti sevən, bacarıqlı, elmə, mədəniyyətə meylli və Azərbaycanı Azərbaycanda yaşayanlardan az sevənlər deyillər. Bu günə qədər Bakıda bir toyda da Azərbaycan şərəfinə sağlıq eşitməmişəm. Borçalıda isə bütün şadlıq mərasimlərdə ikinci sağlıq hökmən Azərbaycan şərəfinə deyilir. Belə bir insanları cinayətkarların müdafiəçisi kimi qələmə verib onları hörmətdən salmaq olmaz”.
Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.