Zaqatalada xəstəxana acınacaqlı DURUMDA - FOTO
17-04-2025, 00:07

Zaqatalanın Əliabad qəsəbə xəstəxanası ötən əsrin əvvəllərində inşa edilib. Bu səhiyyə ocağı öz dövrünün ən müasir tibb ocağı kimi Əliabadla yanaşı ətraf kəndlərin sakinlərinə də tibbi xidmət göstərib. Böyük Vətən müharibəsi illərində kənd xəstəxanası bir müddət hərbi hospital kimi də fəaliyyət göstərib. Amma son illər acınacaqlı duruma düşüb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə ötən dövr ərzində xəstəxana cüzi təmir olunsa da, hazırkı vəziyyəti bərbad və qəzalı hesab edilir:
Qəsəbənin mərkəzində yerləşən və vaxtı ilə 75 çarpayılıq olan bu xəstəxana hazırda Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərir. Bu müəssisənin kənardan müşahidəsi yetər ki, onun daxilindəki vəziyyəti anlayasan. Odun sobalarının köməyi ilə qızdırılan xəstəxananın istilik problemləri də danılmazdı.
Sakinlər vaxtı ilə burada hər cür şərait olduğunu və bütün tibbi xidmətlər göstərildiyini deyirlər.
Qəsəbə sakini Əsabəli Şabanov deyir ki, vaxtı ilə xəstəxanada, cərrah həkim və təcili yardım maşını belə olub. Amma indi vəziyyət başqadır:
“Xəstəxanada tibbi bacıları, həkim bu gün də var, lakin nəsə baş versə 20-25 km məsafə qət edib rayon mərkəzi xəstəxanasına getməlidirlər. Ona qədər isə insana olan olur. Əsabəli Şabanovun və digər sakinlərin qənaəti belədir ki, camaat rahatca xəstəxanaya gedib-gələ bilsinlər.
Qəsəbə sakinləri xəstəxananın rayon mərkəzindən ucqarda yerləşməsini nəzərə alıb burada təcili tibbi yardım xidmətinin eləcə də müxtəlif sahələr üzrə həkimlərin xidmətinin bərpasını labüd hesab edir.
Əliabad Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Səfiyyə Əfəndiyevanın sözlərinə görə bu tibb ocağı 1927-ci ildən xidmət göstərir. O zaman xəstəxana 75 çarpayılıq olub. 1992-ci ildən isə 15 çarpayılıq səviyyəsinə endililib. Şöbə müdüri bildirir ki, 2020-ci ildən ASM kimi fəaliyyət göstərirlər və pasiyentlərə ambulator xidmətlər göstərilir. Səfiyyə Əfəndiyeva binanın uzun illər öncə tikildiyini və təmir-bərpaya, yenidənqurma işlərinə zərurət olduğunu etiraf edir.
Qeyd edək ki, rayon mərkəzindən ucqarda yerləşən Əliabad qəsəbəsinin hazırda 11 mindən artıq əhalisi var. Bununla yanaşı ətraf 7-8 yaşayış məntəqəsinin də sakinləri bu səhiyyə ocağında qeydiyyatdadır ki, onların ümumilikdə sayı 25 min nəfərdən çox edir.
Bu yaşayış məntəqələrinin isə şəhərlə məsafəsi 25-35 km arasında dəyişir. Sakinlər ucqarda yaşamalarını əsas gətirərək xəstəxanada bir sıra tibbi xidmət və həkim müayinələrinin bərpasını, təcili tibbi xidmət göstərilməsini xüsusən təcili tibbi yardım avtomobili ilə təmin olunmalarını müvafiq orqanlardan xahiş edir.



