400 minlik toyun əks-sədası: Liftdə silinən milyonlar

10-05-2017, 14:05           

Eyyub Hüseynov: “Əhalidən pul yığılır, kassa çeki verilmir”

İstər Bakının mərkəzində, istərsə də paytaxtın ayrı-ayrı rayonlarında çoxmərtəbəli binalarda yaşayan sakinləri ən çox narahat edən məsələlərdən biri lift problemidir. Bakıdakı sovet binalarının əksəriyyətində lift ya ümumiyyətlə, işləmir, ya da müəyyən qrafik əsasında fəaliyyət göstərir. Sovet dövründə qurulan lift infrastrukturu müasir tələblərə cavab vermir, vaxtaşırı sıradan çıxır. Elə binalar var ki, sakinləri ilin bütün fəsillərində lift üzünə həsrət qalır.Həmin binalardakı liftlər istismar müddətini başa vurub.Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların dərdlərinin əlacı tapılmır.

Buna baxmayaraq yuxarı mərtəbələrdə sakinlər naəlac qalıb şaxtaya düşmək bahasına olsa da, həmin liftdən istifadəyə məhkumdurlar. Son günlər paytaxt Bakıda lift problemi mütəmadi hal alıb desək, yanılmarıq. Belə ki, ötən gün Fövqəladə Hallar Nazirliyi Bakıda iki uşağın liftin şaxtasına düşməsi barədə məlumat yayıb.Hadisə paytaxtın Xətai rayonunda baş verib. Doğrudur, hadisə zamanı ölüm faktı qeydə alınmasa da, insanların keçirdiyi psixoloji sarsıntı onları uzun müddət tərk etməyəcək. Hər zaman belə şans olmaya da bilər.Bundan əvvəl toy günü gəlini atası evindən götürməyə gedən bəy də liftin şaxtasına düşmüşdü.

Yeni tikilən binalarda isə lift problemi bir qədər fərqlidir. Dəfələrlə həmin binalarda liftin şaxtasında yanğın hadisəsi baş verib və yaxud lift mərtəbələr arasında ilişib qalır. Bəzən də sakinlər liftlə düzgün rəftar etmirlər.Normadan ağır yük daşıdıqları üçün liftin infrastrukturu sıradan çıxır.Bu isə sakinlər üçün əlavə problemlər yaradır. Xüsusilə, liftdən istifadədə ən çox əziyyət çəkənlər yuxarı mərtəbədə qalan yaşlı və xəstə sakinlərdir. Bakıdakı liftlər Bakı Lift Təmir İstehsalat Birliyinin balansındadır.Amma liftlərin işlək vəziyyətdə olmasına Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir.Liftin təmirinə isə rayonlar üzrə mənzil-kommunal istismar sahəsi cavabdehdir.Məsələ burasındadır ki, liftlərdə problem yarananda bu qurumlar ötür-ötür oyunu oynayırlar.Bu halda onlar məsuliyyəti bir-birinin üstünə ataraq problemdən yaxa qurtarmağa çalışırlar.

“Lift infrastrukturu kökündən dəyişməlidir”
400 minlik toyun əks-sədası: Liftdə silinən milyonlar
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, qızına 400 min dollarlıq toy edən Bakı Lift İdarəsinin baş direktorunun lift təsərrüfatı elə bu gündə olar:

“Lift sahəsində ciddi istehlakçı problemi yaşanır. Əhalidən pul yığılır, kassa çeki verilmir.Burada qeydiyyata alınmayan pullar dövr edir. Həmçinin, ustaların bilərəkdən lifti xarab etmək kimi məsələlər də var. Hesab edirəm ki, lift infrastrukturu kökündən dəyişməlidir və istehlakçılar diqqətli olmalıdır. Bu bir faktdır ki, bəzən istehlakçılar da liftlə düzgün davranmır.Köhnə binalara baxsaq, istehlakçılar tərəfindən liftin düymələrinin bilərəkdən yandırılması və.s.kimi hallar müşahidə edirik. Bu sahədə ciddi istehlakçı problemi yaşanır.Bunun da səbəbi odur ki, ölkədə istehlakçı siyasəti formada deyil, qanunlar zəifdir”.

Eyyub Hüseynov sədri olduğu birliyin Ombudsman vasitəsilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun sərtləşdirilməsi üçün təkliflər verdiyini də deyib: “Güman edirik ki, təklif Milli Məclisdə müzakirə edilib qəbul olunacaq. Ümumiyyətlə, biznes qurumlarına heç bir dövlət orqanları müdaxilə etmir.Biznes qurumları da vəziyyətdən sui-istifadə edib istehlakçıların hüquqlarını pozur”.

“İdarəyə rüşvətdən kənar insanlar gətirilməlidir”

Bakı Lift İdarəsinin ləğv olunub səlahiyyətlərinin başqa orqana verilməsi mümkündürmü?

Birlik sədri bildirib ki, Bakı Lift İdarəsində müəyyən islahatlar aparılmalıdır:

“Bu qurumun ləğv olunmasının tərəfdarı deyiləm.Quruma rüşvətdən kənar, istehlakçı hüquqlarına normal və diqqətlə yanaşan insanlar gətirilməlidir. Əslində yeni bir qurum yarananda buranın rəhbərliyi ilə yanaşı onun qohum-əqrəbasına da yeni iş yeri açılmış olur.

Dövlətin işi qalır kənarda, öz qohumları üçün iş yerləri yaradırlar. Biz bunu neçə illərdir görürük.Rəhbər şəxs normal olmalı və dövlətin bütün qanunlarına uyğun xidmət göstərməlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.