ANC şirkəti iş adamını necə müflis etdi? – Bakıda notariusun verdiyi sənəd saxta çıxdı
12-05-2017, 19:52

Redaksiyamıza Qubadlı rayonundan məcburi köçkün Əmiraslanov Ramil Tofiq oğlu tərəfindən şikayət məktubu daxil olub.
Mediaxeberleri.az xəbər verir ki, R. Əmiraslanov bir neçə il bundan əvvəl ANC şirkətinin nümayəndəsi Bağırov Nahid Qasımxan oğlu ilə 2015-ci ildə müqavilə imzaladığını deyib.
Onun sözlərinə görə, imzalanan müqaviləyə əsasən, R. Əmiraslanov ANC şirkətinin balansınada olan “Rahat” marketlər şəbəkəsinin mağazalarında içki bölmələrini icarəyə götürüb. Müqaviliyə əsasən, Ramil Əmiraslanovun ilkin olaraq “Rahat” marketlər şəbəkəsinin Sumqayıt, “Papanin”, Müşfiq, Novxanı, Xırdalan, Bakıxanov filiallarını təmir etməsi nəzərdə tutulub.
İcarəçi adı çəkilən filiallarda içki bölmələrinin vitrin, işıqlandırma və aksesuarların alınması, quraşdırılması və işçi bölmələrinin təmirini tam olaraq öz üzərinə götürüb. Daha sonra bu bölmələr işə başladıqdan sonra R. Əmiraslanov ANC şirkətinə razılaşdırılmış miqdarda icarə haqqı ödəməli olub.
İlk olaraq R. Əmiraslanov şəbəkənin “Papanin” adlanan ərazidəki mağazasının içki bölməsini təmir etməyə başlayıb. Mağazalarda gördüyü işlərə o təxminən 7 min manata yaxın vəsait xərcləyib.
Şikayətçi hazırda banklara 12 min manat borcu olduğunu deyir. R. Əmiraslanovla Nahid Bağırovun arasında əsas problem işin sənədləşməsi zamanı yaranıb. Ramil Əmiraslanov deyir ki, Vergilər Nazirliyində qeydiyyatdan keçmək üçün ona əmlak sahibinin icarəçiyə verdiyi icarə müqaviləsi lazım olub. N. Bağırov R. Əmiraslanova üç dəfə icarə müqaviləsi verib. Amma Vergilər Nazirliyində qeydiyyatdan keçmək üçün bu sənədlərin heç biri kifayət etməyib. Çünki bu obyektlərin heç biri ANC şirkətinə məxsus deyil və ANC şirkəti də bu obyektləri sahiblərindən icarəyə götürüb. N. Bağırov hər dəfə obyekt sahiblərinin burda olmadığını, xaricdə olduqlarını deyərək, onu yola verib.
Vergilər Nazirliyi isə R. Əmiraslanova bu sənədlərlə heç bir iş görə bilməyəcəyini, obyekt sahibinin bilavasitə özünün onunla icarə müqaviləsi imzalamalı olduğunu deyib. Bir müddət belə davam edtdikdən sonra Nahid Bağırov ona Noratiat kontoru ilə danışdığını, ona sənəd verəcəyini deyib və bir neçə gündən sonra 250 manat qarşılığında Nəsimi rayon 43 nömrəli Notariat Kontorundan ona bir sənəd verib.
Məsələnin maraqlı tərəfi isə R. Əmiraslanovun notariusun verdiyi sənədlə Vergilər Nazirliyinin Binəqədi rayonu ərazisində yerləşən xidmət mərkəzinə müraciəti zamanı düşdüyü gülünc situasiya olub.
Burada R. Əmiraslanova sənədin saxta olduğu, polisə müraciət etmək məcburiyyətində qalacaqları deyilib. Ramil Əmiraslanov həbsdən canını qurtararaq oradan uzaqlaşıb.
Bundan sonra R. Əmiraslanov məsələnin aydınlaşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində bu işin onların səlahiyyəti daxilində olmadığını deyərək, işi Respublika Prokurorluğuna göndərib.
Respublika Prokurorluğu isə işi araşdırmaq üçün Sumqayıt şəhər 4-cü polis bölməsinə göndərib. Bundan sonra isə Ramil Əmiraslanov Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Nəsimi RPİ isə işi baxılması üçün 19-cu polis bölməsinə göndərib.
Burada isə 19-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı Babayev Elnur Akif oğlu işi araşdıraraq, Ramil Əmiraslanova məhkəməyə müraciət etməyi tövsiyə edib.
R.Əmiraslanov Notariat kontorundan ona verilən sənədi hüquqşünaslardan birinə göstərdiyini deyib. Hüquqşünas da həmin sənədin hüquqi qüvvəsinin olmadığını bildirib. Beləliklə, müqavilə bağlayıb, iş görmək istəyən R.Əmiraslanov heç bir iş görə bilmyib, əksinə, banklara külli miqdarda borclanıb.
R.Əmiraslanov Nəsimi Rayon Məhkəməsinə müraciət edib, işin bu insantsiyada araşdırılıcağını gözləyir.