TANINMIŞ JURNALİST AZERCELL-İ MƏHKƏMƏYƏ VERİR-YENİLƏNİR
30-08-2017, 09:24

Asif Mərzili: «İstifadə etmədiyim halda, mənə internetə görə avqust ayı üçün 100 manata yaxın borc göndərilib…»
«Təzadlar»ın baş redaktoru Asif Mərzili Azərcell-i məhkəməyə verir. Buna səbəb jurnalistin istifadə etmədiyi halda, ünvanına 100 manata yaxın borc yazılmasıdır: «20 ilə yaxındır istifadə etdiyim abonent nömrəm istifadəmdə olan köhnə telefon aparatındadır və bildiyim qədər, interneti dəstəkləmir. Ona görə deyirəm ki, bu aparatdan heç bir vaxt internetə daxil olmaq üçün istifadə etməmişəm. İkikartlı həmin aparatda həm Azərcell-in, həm də Narmobil-in, bəzən də Bakcell-in kartı yerləşdirilib. Üstəlik, məndə Azərcell-in Datakart-ı da var. İşdə və evdə ATS-dən paylanan internetə görə Wi-Fi-dən istifadə etdiyimdən, çöl şəraitində yalnız Datakart-dan bəhrələnirəm. Bir sözlə, ötən illərdə heç vaxt həmin abonent kartımdan internet üçün istifadə etməmişəm, buna zərurət olmayıb. Olsaydı, Azərcell-dən həmin nömrə üçün paket götürərdim və s. Ötən gün Azərcell-dən mənə mesaj gəldi ki, sizin təkcə bu aya görə 68 manat 67 qəpik internet borcunuz var…».
Baş redaktor bu gün Azərcell-in Yasamal (Asan Xidmət) ofisinə gedib: «...Mən Azərcell-in Yasamal filialına getdim, xidmət operatoru olan xanım (52-ci kabinə) mənə izah verdi ki, sizin telefon aparatı xəbəriniz olmadan avtomatik olaraq interneti dəstəkləyib. Deyirəm ki, axı həmin aparatda iki kart var, niyə digər mobil operatorunku yox, Azərcell-inki dəstəkləyib? İkincisi, mən bu aparatdan internetə daxil olmaq üçün heç vaxt istifadə etməmişəm, ona görə ki, ekranı kiçikdir, internet üçün yaramır. Üçüncüsü, internetə girmək üçün Azərcell-ə mesaj yazıb 2525-ə göndərmək və digər əməliyyatları aparmaq lazımdır. Mən bunları da etməmişəm. Bu və ya digər suallara cavab vermək iqtidarında olmadığını deyən xanıma, nəhayət, həmin başabəla aparatı təqdim etdim. Özü də görəndə təəccübləndi ki, həqiqətən də bu aparat internet istifadəsi üçün yaramır. Nəhayət, bildirdi ki, sizin aparatın ekranında «E» işarəsi var, bu o deməkdir ki, sizin aparat interneti avtomatik dəstəkləyib. Deyirəm ki, Allah bu aparatın üzünü ağ eləsin, həmin «E» işarəsi anadangəlmə ordadır, internet işarəsidir. Amma niyə ötən aylarda və ya illərdə yox, məhz bu ay dəstəkləməyə başlayıb? Bəs niyə indiyədək Azərcell-in internetini bəyənməyib, elə indi oyandı? İkincisi, aparatda Narmobil də var, niyə həmin kart interneti dəstəkləmir? Hərdən həmin aparata CİN nömrə də daxil etmişəm, onu niyə dəstəkləməyib? Sonda bir misal çəkdim: dedim, xanım, küçədəki su borusu deşilib və su küçəyə axır, mən də onu görürəm, amma istifadə etmirəmsə, mənə axan suya görə borc yazmaq olarmı? Xanım gülümsəyərək dedi ki, bu məsələyə müdaxilə etmək bundan sonra onun səlahiyyətində deyil. Mən də əlavə etdim ki, həmişə hörmətlə yanaşdığım Azərcell-in bu hərəkətindən məhkəməyə müraciət etməkdən başqa yolum qalmır…».
Baş redaktor artıq vəkillə danışdığını da dedi: «Tanınmış vəkillərin biri ilə danışdım, Azərcell-in bu addımını texniki səhv kimi dəyərləndirdi və məsləhət bildi ki, əvvəlcə Azərcell rəhbərliyinə müraciət edim, sonra məhkəmə mübahisəsinə qayıdaq. Çünki Azərcell tanınmış və nüfuzlu mobil operatordur, rəhbərlik istəməz ki, belə bir texniki problem ictimailəşdirilsin… Lakin mən bir məsələni başa düşmürəm ki, telefon aparatında «E» işarəsinin olmasının məlum borca nə aidiyyəti ola bilər? İstənilən abonent həmin işarəni tanımaya bilər və telefon aparatının ekranında göstərilə bilər. Bu baxımdan, ona istifadə etmədiyi internetə görə cərimə yazmaq nə dərəcədə yaraşan hərəkətdir? Elədirsə, onda niyə bu Azərcell tərəfindən abonetlərə müraciət edilib izahlanmır ki, aparatınızda bu işarə görünəndə onu xidmət mərkəzlərinə aparıb bağlatdırın?! Yaxud, Azərcell internet paketi almayan abonentdə bunu hiss edirsə, niyə özü həmin abonetə istiqamətlənən internet xəttini açıq saxlayır? Belə çıxır ki, sən tövlənin ağzını açıq saxlayırsan, sonra da deyirsən ki, qurd gəlib quzulları yeyib… Bu qədərmi avmlıq mühiti hökm sürür?!».