Bələdiyyə sədrinin adı zorlama ilə bağlı məhkəmə qalmaqalında? – FOTO
2-12-2017, 02:15

Redaksiyamıza daxil olan şikayət ərizəsini oxuyanda təəccüb və heyrətdən yerindəcə donub qalırsan. Oxuduqlarına inanmağın gəlmir. Görəsən doğurdanmı bütün bunlar baş vermiş real hadisədir? Amma şikayət ərizəsi ilə bir zərfdə qoyulmuş məhkəmə materiallarına diqqət yetirdikdə məsələnin ciddiliyinə şəkki-şübhəm qalmır.
Bəli, məhkəmə materiallarına əsasən şərti olaraq “Təranə Quluyeva” adlandırdığımız iddiaçının Xəzər rayonu, Buzovna qəsəbə bələdiyyəsi sədri Mətləb Firuz oğlu Əliyev tərəfindən şərəf və ləyaqəti təhqir edilərək alçaldılıb.
“Təranə” xanım bildirir ki, bələdiyyə sədri ilə 2015-cı ildə öz evimizdə, valideynlərimin yanında işlə bağlı gələrkən tanış olmuşuq. “Təranə” xanımın subay, bir uşaq anası olan qadın olduğunu bildikdən sonra onunla kəbin əsasında ailə qurmağı bir müddət sonra təklif edib. Az sonra isə M.Əliyev “ Təranə” xanıma zəng açaraq ona aztəminatlı ailə olması ilə bağlı 4 sot torpaq sahəsi verəcəyini bildirib, görüşüb söhbət etmək zəruriliyini ifadə edib. Onu işdən sonra bələdiyyənin inzibati binasina dəvət edib. “Təranə” xanım da ona inandığından oraya getdiyini bildirir. Orada sədr şikayətçinin dediyinə görə ona yaxınlıq təklif edir. Təklifi qəti etirazla qarşılandıqda isə onsuz da evlənəcəklərini bildirərək, təklifində israr edir. M.Əliyev iradəsinə zidd olaraq onu iş kabinetinin arxasındakı xüsusi istirahət guşəsinin otağında zorlayır. Zorlama, detallarına qədər məktubda öz əksini tapıb.
Bundan sonra sədr onsuz da ailə quracaqlarını deyərək onunla mütəmadi olaraq müxtəlif ünvanlarda yaxınlıq edir. Bu ünvanlar arasında məhşur otellerdən də adları hallanan var. Biz bu məsələyə də araşdırma apardıqdan sonra aydınlıq gətirəcəyik.
Hərçənd “Təranə” xanımın dediyinə görə Mətləb ailəli olsa da, bir evdə yaşasalar da, ailəsi ilə heç bir münasibəti olmadığını bildirib. Lakin ona olan kəbin təklifinə bir daha qeyd edirik ki, rədd cavabı verib. “Təranə” sədrin onun inamından öz iyrənc məqsədləri üçün istifadə etdiyini diqqətə çatdırır.
Şikayətçi, M.Əliyevin ona sevgi mesajları, söhbətləri ilə bağlı telefon nömrələrini də ərizədə göstərib, “whatsapp” yazışmaları olduğu iddiasındadır. Sonradan o, mobil telefon nömrələrini dəyişib və yazışmaları silib. Bu məsələnin şikayətçini el içində, qəsəbədə başı aşağı, haqqında söz-söhbət yaratdığını da dilə gətirib. Mülki məcəllənin 21.1 –ci maddəsinə əsasən ona dəyən zərərin əvəzini tələb etmək hüququ olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.
İşə, Bakı şəhər Xəzər rayon məhkəməsində baxılıb. Bələdiyyə sədrinə qarşı 50min manat maddi təzminat qaldırılıb. Lakin iddiası təmin olunmayıb. Şikayətçi Mətləbin onun iddialarını qəbul etmədiyini bildirib. Təəssüf ki, telefon yazışmaları ilə bağlı məhkəmə araşdırılması aparılmayıb. Şikayətçi öz tələbində israrlı olduğundan apelyasiya şikayəti verməkdə qərarlıdır. O, hüquqları bərpa olunmasa Ali Məhkəmə instansiyasına qədər bu məsələnin həllinə çalışacağını da diqqətə çatdırır.
Əlbəttə, biz məsələni yığcam, etik normaları gözləyərək oxuyucuların diqqətinə çatdırırıq. Yazılası məqəmlar isə kifayət qədərdir. Hələlik bu yerdə yazıya nöqtə qoyuruq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
10may.az/